Büdcə daha 5 komitədə-ikinci oxunuşda müzakirə edildi – YENİLƏNİB – (2)

MM-in komitə sədri: “Uşaqlar haqqında cizgi və reklam filmlərinin çəkilməsinə ayrılan vəsait artırılmalıdır”

Bu gün-noyabrın 19-da  parlamentin komitələrində 2020-ci ilin büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuşda müzakirəsi davam etdiriləcək.

Etikxeber.az xəbər verir ki, bu dəfə Milli Məclisin (MM) Əmək və sosial siyasət, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, o cümlədən, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında müzakirələr aparılacaq.

Komitələrin birgə iclasına MM-in Əmək və sosial siyasət komitəsinin  rəhbəri, professor Hadi Rəcəbli sədrlik edəcək.

İclasda Maliyyə nazirinin birinci müavini Azər Bayramov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Hesablama Palatasının sədri  Vüqar Gülməmmədov və digər rəsmilər iştirak edəcəklər.

İkinci oxunuşla bağlı deputatları A. Bayramov tanış edəcək.

Millət vəkillərinin çıxışlarından sonra qanun layihəsi-büdcə zərfi parlamentin noyabrın 26-da keçiriləcək plenar iclasına-ikinci oxunuşa tövsiyə olunacaq.

Büdcə müzakirələri sabah  digər komitələrin birgə iclası ilə yekunlaşdırılacaq.

Qeyd edək ki, büdcə müzakirələri parlament jurnalistlərinin iştirakı olmadan aparılır.

***

Komitələrin birgə iclası öz işinə başlayıb.

İclası açan komitə sədri H. Rəcəbli birinci oxunuşun yekunları barədə məlumat verib.

İclasda Maliyyə nazirinin birinci müavini İlqar Fətizadə (Azər Bayramovu o əvəz edib), İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, Hesablama Palatasının sədri  Vüqar Gülməmmədov və digər rəsmilər iştirak edirlər.

***

H. Rəcəbli 2020-ci il üçün müzakirə olunan büdcə layihəsinin mütərəqqiliyndən danışıb və onun əhalinin maddi rifah halının yüksəldilməsinə yönəldiyini vurğulayıb.

Komitə sədri daha çox sosialyönümlülüyü ilə diqqət çəkən gələn ilin büdcə layihəsinin peşəkarlıqla hazırlandığını vurğulayıb. Bildirilib ki, son illərdə aparılan islahatlar nəticəsində sosial sahəyə ayrılan vəsaitlərin məbləğinin artırılması, büdcənin əhalinin güzəranının yaxşılaşdırılmasına isiqamətləndirilməsi təqdirəlayiq haldır.

Müzakirələrdə Maliyyə nazirinin birinci müavini İ. Fətizadə, İqtisadiyyat nazirinin müavini S. Həsənova, parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Məlahət İbrahimqızı, Asim Mollazadə, İlham Məmmədov, Rəşad Mahmudov, Novruzəli Aslanov, Qənirə Paşayeva çıxış ediblər.

***

İ.Fətizadə qeyd edib ki, büdcə layihəsi birinci oxunuşda MM-in müzakirəsindən keçib və deputatlar tərəfindən tutarlı təkliflər verilib. Nazir müavini bu təkliflərin nəzərə alınacağını diqqətə çatdıraraq 2020-ci ilin büdcə parametrlərini yenidən səsləndirib. Qeyd olunub ki, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24 milyard 135 milyon manat, xərcləri isə 26 milyard 914 milyon manat, icmal büdcənin gəlirləri isə 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaqdır ki, bu da 2019-cu illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. Maliyyə nazirinin birinci müavini yeni büdcə layihəsində sosial, elm, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafı üçün kifayət qədər vəsait ayrıldığını diqqətə çatdırıb.

Elm və təhsil komitəsinin sədri İ. Həbibbəyli yeni dövlət büdcəsi layihəsinin bütün sahələrdə olduğu kimi, ölkənin elm və təhsilinə də böyük töhfə verəcəyindən əminliyini ifadə edib.

Səhiyyə komitəsinin sədri Ə. Əmiraslanov gələn ilin dövlət büdcəsinin 5,1 faizinin səhiyyə sahəsinə ayrılmasını və gələn ilin büdcəsində icbari tibbi sığorta məsələsinə diqqətin artırılmasını humanist addım kimi dəyərləndirib və buna görə dövlət başçısına təşəkkürünü bildirib.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri A.Naxçıvanlı və Mədəniyyət komitəsinin sədri R.Hüseynov da çıxışlarında büdcə layihəsinin təkmil bir şəkildə hazırlandığını vurğulayıblar.

 2020-ci il büdcəsinin milli kinonun inkişafına və xalqımızın milli-mənəvi dəyərlərini əks etdirən yeni filmlərin, uşaqlar haqqında cizgi və reklam filmlərinin çəkilməsinə ayrılan vəsaitin artırılmasının vacib məsələ olduğunu qeyd ediblər.

Etikxeber.az

 

Read Previous

Milli Məclisin iclası çağırıldı – 21 MƏSƏLƏNİN MÜZAKİRƏSİ NƏZƏRDƏ TUTULUR

Read Next

“Dövlət Komitəsinin də, medalın da adında “diaspora” yazılmalıdır” – AKADEMİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir