Büdcə təşkilatlarında korrupsiyaya qarşı mübarizə məqsədilə bölmə yaradılır

Azərbaycanda büdcədən maliyyələşən bütün təşkilatlarda korrupsiya ilə mübarizə məqsədilə bölmə yaradılır.

Etikxeber.az xəbər verir ki,  Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sentyabrın 8-də keçirilən iclasında bununla bağlı “Korrupsiyaya qarşı mübarizə haqqında”  qanuna Azərbaycan prezidenti tərəfindən təklif edilən yeni iki maddə müzakirəyə çıxarılıb.

Qanuna əlavə edilən yeni 11-1 maddəsində bildirilir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi verilə bilər. Maddəyə əsasən, dövlət və bələdiyyə orqanlarında, büdcə təşkilatlarında (idarə, müəssisə və təşkilat) korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya səlahiyyətli struktur bölmə müəyyən ediləcək.

Həmin idarə, müəssisə və ya təşkilatda çalışan işçilər korrupsiya əlaqədar hüquqpozmalarla bağlı məlumatları həmin səlahiyyətli struktur bölməyə verəcək.

Səlahiyyətli struktur bölmə daxil olan məlumatı qeydə aldığı gündən 20 iş günü müddətində araşdırıb, nəticəsini məlumat verən şəxsə bildirəcək.

Eyni zamanda, maddə 11-2-də isə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidir.

Maddədə həmçinin,  səlahiyyətli struktur bölməyə korrupsiya hüquqpozması ilə bağlı məlumat verən şəxsin özünə və ailəsinə edilə biləcək hər hansı hədə-qorxu və təzyiqdən dolayı dövlət müdafiəsi müəyyən edilir və bu hal baş verərsə məsuliyyətə cəlbetmə təsbit olunur.

Qanun layihəsi MM-in qarşıdan gələn payız sessiyasının plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

 

Read Previous

92 nəfər qadın insan alverinin qurbanı olub, 24 nəfər qadın fahişəliyə cəlb edilib – Dövlət Komitəsi

Read Next

ANS-in taleyi həll olunur- Ali Məhkəmədə – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir