Büdcə ikinci oxunuşun müzakirələrində – ƏLİ ƏSƏDOV MÜZAKİRƏLƏRƏ QATILMAYACAQ – YENİLƏNİB

Sabah-noyabrın 25-də Milli Məclisin(MM)  payız sessiyasının növbəti plenar iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, iclasda 2020-ci ilin büdcə zərfinə daxil olan sənədlər II oxunuşda müzakirəyə çıxarılacaq.

Bunlar “2020-ci il dövlət büdcəsi haqqında”, “2020-ci il üçün yaşayış minimumu haqqında”, “2020-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il üçün xərclər smetası haqqında”, “Hesablama Palatasının 2020-ci il üçün xərclər smetası haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihələridir.

Büdcə müzakirələrinə hökumət üzvləri, Maliyyə naziri Samir Şərifov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və digərləri qatılacaq.

Müzakirələrdən sonra büdcə zərfi üçüncü oxunuşda parlamentin noyabrın 29-da keçiriləcək plenar iclasına tövsiyə olunacaq.

Həmçinin, iclasda “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “İnzibati icraat haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara, Mülki Prosessual, Cinayət-Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar və s qanunlara dəyişiklik layihələri II oxunuşda müzakirəyə çıxarılacaq.

İclasda eyni zamanda, icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı qanunvericiliyə -“Tibbi sığorta haqqında” qanuna ciddi dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin müzakirəsi gözlənilir.

Qanun layihəsi ölkə Prezidenti İlham Əliyevin imzası ilə parlamentə göndərilib.

İcbari tibbi sığorta ilə bağlı adıçəkilən qanuna 126 dəyişikliyin edilməsi təklif olunur.

Bununla yanaşı, iclasda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə irəli sürülən yeni namizədlərin məsələsinə baxıla bilər.

Qeyd edək ki, Ombudsman vəzifəsinə namizədlər də ölkə Prezidenti İ.Əliyev tərəfindən irəli sürülüb.

Nazmizədlər 3 nəfərdir: Bakı Apellyasiya Məhkəməsinin hakimi (sədr müavini) Kəmalə Abiyeva, Ali Məhkəmənin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva.

Qeyd edək ki, hüquq üzrə fəlsəfə doktoru S. Əliyeva sabiq vitse-spiker və eks səfir Yaşar Əliyevin qızı, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, parlamentin Dini qurumlar və ictimai birliklər komitəsinin sədri Siyavuş Novruzovun həyat yoldaşıdır.

Ombudsman vəzifəsinə seçilməyə daha çox S. Əliyevanın şanslı olduğu bildirilir.

Onu da qeyd edək ki, plenar iclasın vaxtının dəyişdirilməsi, 26-dan 25-nə keçirilməsi  Azərbaycanın ilk ali təhsil ocağı-Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yadigarı olan Bakı Dövlət Universitetinin (BDU) yaranmasının yüz illik yubliyeyinin  rəsmi və təntənəli şəkildə qeyd edilməsinin nəzərdə tutulması ilə bağlıdır.

Həmin gün (noyabrın 26-da)  ölkənin hökumət və dövlət rəsmiləri, millət vəkilləri tənətənəli yubiley mərasiminə qatılacaqlar.

***

MM-dən əldə edilən məlumata görə, birinci oxunuşdan fərqli olaraq, Baş nazir Əli Əsədov büdcənin bugünkü-ikinci oxunuşunun müzakirələrinə qatılmayacaq.

O, eyni zamanda, noyabrın 29-da keçiriləcək sonuncu-üçüncü oxunuşun müzakirələrində iştirak etməyəcək.

Xatırladaq ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcək.

İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat və ya proqnozla nəzərdə tutulan ümumi daxili məhsulun 2,3 faizinə bərabər olacaq.

2020-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 29 faizi həcmində olmaqla nominal ifadədə 24 milyard 135 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 milyon manat və ya 4,2 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artıb.

Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni, 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır.

Növbəti ildə Dövlət Neft Fondundan  (DNF) dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur.

2020-ci il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 32,3 faizi səviyyəsində və ya 26 milyard 914 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 milyard 724 milyon manat və ya 6,8 faiz çoxdur.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Mehriban Əliyeva 8-ci Moskva Beynəlxalq Müasir İncəsənət Bienallesi ilə tanış oldu – FOTO

Read Next

“Bibiheybət”də yenidən torpaq sürüşməsi – “MERCEDES” TORPAĞIN ALTINDA QALDI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir