Müəllimlərin əməkhaqlarının artımı üçün 71 milyon manat vəsait ayrılır – NAZİR – YENİLƏNİB (2)

Bu gün Milli Məclisdə (MM) 2018-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsinə başlanılıb.

Etikxeber.az xəbər verir ki, büdcə zərfi öncə MM-in komitələrinin- İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət,  İctimai birliklər və dini qurumlar,  Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komtələrinin birgə iclasında müzakirə edilir.

meclis

ziyad

Birgə komitələrin iclasına MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə sədrlik edir.

Z. Səmədzadə iclası açaraq bildirib ki, büdcənin müzakirəsi hər bir ölkədə maraq doğurur:

“Çünki dövlətin gələcək inkişafı ilə bağlı məsələlər həmin bücdə zərfində əks olunur”.

Komitə sədrinin sonra dediyinə görə, neftin ixracından gələn gəlirlər ölkə iqtisadiyyatına böyük töhfələr verib:

“Bu günlərdə rəsmi açılışı olan “Bakı-Tbilisi-Qars” dəmiryolu xətti onu göstərdi ki, Azərbaycan regional və transmilli layihələrdə çox uğurla iştirak edir.Bu, böyük hadisədir. Bu layihə Azərbaycanın iqtisadi inkişafında mühum rol oynayacaq”.

Z. Səmədzadə həmçinin xatırladıb ki, Azərbaycan rəqabətədavamlılıqda dünya üzrə 35-ci yeri tutur ki, bu da çox mühüm göstəricidir.

***

samir-sarifov

Maliyyə naziri Samir Şərifov büdcə müzakirələrində qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən 2018-2021-ci illərdə makroiqtisadi proqnozlar və qlobal iqtisadi proseslər nəzərə alınıb. Nazir bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında görülən iqtisadi siyasət tədbirləri hədəflənən nəticələrə, yəni ölkədə makroiqtisadi sabitliyin bərqərar olmasına, milli valyutanın məzənnəsinin sabitləşdirilməsi və ona olan inamın bərpa olunmasının ilkin mərhələsinin təmin olunmasına cari ilin əvvəlindən ötən dövr ərzində nail olduğunu göstərir: “Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkə iqtisadiyyatında geriləmənin surəti 3,9 faiz-bənddən 0,6 faiz-bəndə qədər azalıb. Məqsədyönlü siyasət nəticəsində ölkədə qeyri-neft sektoru üzrə  2,5%-lik real artıma nail olunub. Bundan başqa, ticarət və tədiyyə balansı üzrə müsbət saldoya doğru meylləri güclənib. Ticarət dövriyyəsində 4,4 milyard dollar müsbət saldo əldə edilib, o cümlədən dövlətin qeyri-neft sektorunun inkişafına artan maliyyə dəstəyi və qeyri-neft ixracının stimullaşdırılması hesabına dövlətin valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, ixrac üzrə xarici ticarət dövriyyəsinin ölkəyə valyuta axınının artması və digər fiskal və monetar tədbirlərin həyata keçirilməsi hesabına 2017-ci ilin əvvəlinə nisbətən 9 ayda icmal büdcəsini kəsiri 12 faiz-bənd azalıb. Belə ki, proqnozlaşdırılan 11,3%-lik icmal büdcənin kəsiri əvəzinə 1,2% səviyyəsində profisit əldə edilib. Dövlət sektorunun məcmu valyuta ehtiyatları isə 10%-dən çox artıb”.

Nazir qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsi hazırlanarkən ölkənin müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, kənd təsərrüfatı sahəsinin inkişafı, məşğulluğun artırılması və sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını bəyan edib. Nazir vurğulayıb ki, növbəti il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat, xərcləri isə 20 mlrd. 905,7 mln. manat təşkil edəcək. Beləliklə, dövlət büdcəsinin 778,7 mln. manat kəsirlə icra olunacağı proqnozlaşdırılır. Mərkəzləşdirilmiş gəlirlər 19 mlrd. 476,329 mln. manat, yerli gəlirlər 650,671 mln. manat, mərkəzləşdirilmiş xərclər 20 mlrd. 181,608 mln. manat, yerli xərclər 724,092 mln. manat məbləğində gözlənilir.Gəlirlərin mənbələrinə gəlincə, dövlət büdcəsinə fiziki şəxslərin gəlir vergisindən 1,196 mlrd. manat, hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən 2,320 mlrd. manat, əlavə dəyər vergisindən (ƏDV) 4,288 mlrd. manat, ölkə ərazisinə malların idxalına görə ƏDV-dən 1,705 mlrd. manat, sadələşdirilmiş vergidən 380 mln. manat, aksizlərdən 726 mln. manat, ölkə ərazisinə malların idxalına görə aksizlərdən 172 mln. manat, yol vergisindən 91 mln. manat, mədən vergisindən 136 mln. manat, gömrük rüsumlarından 535 mln. manat, aksiz markaların satışından 6,3 mln. manat, dövlət rüsumundan 108 mln. manat, büdcə təşkilatlarının ödənişli xidmətlərindən 460 mln. manat, vergi orqanlarının xətti ilə 140 mln. manat cəlb etmək nəzərdə tutulub. Xərclərin mənbələri gəldikdə isə ümumi dövlət xidmətlərinə 3 mlrd. 620,257 mln. manat (o cümlədən, qanunvericilik və icra hakimiyyəti orqanlarının saxlanılması xərclərinə 654,946 mln. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqqı xərclərinə 215,1 mln. manat, elm xərclərinə 128,060 mln. manat, dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclərinə 2 mlrd. 262,778 mln. manat, Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyaya 281,9 mln. manat), müdafiə xərclərinə 2 mlrd. 738,722 mln. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 1 mlrd. 329,535 mln. manat, təhsil sahəsinə 2 mlrd. 1,498 mln. manat, səhiyyə sahəsinə 740,661 mln. manat, sosial müdafiə və sosial təminat 2 mlrd. 197,182 mln. manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyətə 304,289 mln. manat, mənzil və kommunal təsərrüfatı 457,399 mln. manat, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitinin mühafizəsi sahəsinə 656,260 mln. manat, sənaye, tikinti və faydalı qazıntılar sahəsinə 4 mlrd. 944,376 mln. manat, nəqliyyat və rabitə sahəsinə 166,791 mln. manat, iqtisadi fəaliyyətə 245,511 mln. manat, əsas bölmələrə aid edilməyən xidmətlərə 1 mlrd. 495,203 mln. manat yönəldiləcək. Növbəti il ARDNF-dən büdcəyə 9,216 mlrd. manatın transferti nəzərdə tutulub. 2017-ci ildə bu rəqəm 7,5 mlrd. manat və ya 1,716 mlrd. manat az olub. Azərbaycanın 2018-ci il icmal büdcəsinin gəlirləri 23223,2 mln. manat və ya əvvəlki ilə nisbətən 246 mln. manat (1,1%) çox, xərcləri 26674,1 mln. manat və ya əvvəlki ilə nisbətən 3895,4 mln. manat (12,7%) az nəzərdə tutulub. S. Şərifovun bildirdiyinə görə,  müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi prosesinin davamı, onların əməkhaqlarının artımı üçün 2018-ci ilin büdcəsində 71 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Nazirin sonra dediyinə görə, kənd, meşə təsərrüfatı və balıqçılığın inişafı üçün 656 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur ki,  bu 2017-ci illə müqayisədə 139 milyon manat artıqdır.

***

Sevinc Həsənova: “2018-ci ildə neftin bir barrelinin qiyməti 45 dollar, növbəti illərdə isə 40 dollar müəyyənləşdirilib…”

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, ölkədə kompleks islahatlar sürətləndirilib, makroiqtisadi sabiotliyin təmini üçün işlər davam etdirilməkdədir.

Onun sözlərinə görə, risqlər nəzərə alınaraq, 2018-ci ildə neftin bir barrelinin qiyməti 45 dollar, növbəti illərdə isə 40 dollar müəyyənləşdirilib.

O, deyib ki, növbəti ildə həmçinin tədiyə balansı müsbət olacaq:

“Gələn il hasilatın azalması nəticəsində neft sektorunun 1% azalacağı, “Şahdəniz-2″ layihəsinin işə düşməsi qaz hasilatının artması ilə nəticələnəcək və növbəti illərdə orta hesabla neft-qaz sektorunun 5%-ə yaxın artacağı proqnozlaşdırılır. Bununla yanaşı, Azəri-Çıraq-Günəşli yataqları üzrə yeni müqavilənin imzalanması ölkə iqtisadiyyatının inkişafına təkan verəcək. Neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla, 2018-ci ildə ÜDM 1,5%, növbəti illərdə isə 3,5% artacağı proqnozlaşdırılır. Cari ildəki kimi, növbəti ildə də tədiyyə balansı müsbət olacaq. Gələn il tədiyyə balansı üzrə müsbət saldonun bu ildəkindən də yüksək, yəni 1,4 mlrd. dollar olacağını gözləyirik. Neft-qaz layihələrinin reallaşması nəticəsində növbəti illərdə bunun daha da artacağı proqnozlaşdırılır”.

***

vuqar-gulmammad

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov isə çıxışında büdcə zərfi ilə bağlı hazırlanan rəyin nəzərə alınmasını xahiş edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Baxaq görək nə olacaq…” – DEPUTAT

Read Next

“Alkoqollu içkilərə aksiz dərəcələri iki dəfə artırılacaq” – SAMİR ŞƏRİFOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir