Büdcə müzakirələri – KÖLGƏ İQTİSADİYYATINDAN, MANATIN MƏZƏNNƏSİNDƏN DANIŞILDI – FOTO

Noyabrın 5-də Milli Məclisdə (MM)  2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə başlanılıb.

Etikxeber.az-ın xəbərinə görə, büdcə müzakirələri öncə komitələr səviyyəsində aparılır.

Qeyd edək ki, komitə müzakirələri  3 gün, noyabrın 5-7-si tarixlərində davam edəcək.

İlk iclas MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəhbərliyi və 5 komitənin birgə iştirakı ilə keçirilib.

Yəni, adıçəkilən komitə ilə MM-in Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və  ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Dini qurumlar və ictimai birliklər komitələri birlikdə gələn ilin büdcəsini  müzakirə ediblər.

Komitələrin birgə iclasına sədrlik edən MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə layihə barədə məlumat verib.

Komitə sədrinin dediyinə görə, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484,0 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. Həmçinin, 2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 617,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur.

mm-bud

Maliyyə naziri Samir Şərifov bildirib ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 milyard 533 milyon manat təşkil edəcək. İcmal büdcə xərclərinin yuxarı həddi 29 milyard 488 milyon manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 milyard 117 milyon manat və ya 7,7 faiz çoxdur. İcmal büdcənin kəsiri 1 milyard 955 milyon manat və ya proqnozla nəzərdə tutulan ümumi daxili məhsulun 2,3 faizinə bərabər olacaq. 2020-ci il dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 29 faizi həcmində olmaqla nominal ifadədə 24 milyard 135 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 milyon manat və ya 4,2 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1 faiz və ya 13,5 milyard manat, qeyri-neft gəlirləri 43,9 faiz və ya 10,6 milyard manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artıb. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 milyard 875 milyon manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 milyon manat və ya 7,6 faiz çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 milyard manat, yəni, 2019-cu ilə nisbətən 298 milyon manat və ya 8 faiz çox vəsait daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 milyard 350 milyon manat və ya cari illə müqayisədə 14,3 milyon manat az transfer nəzərdə tutulur. 2020-ci il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 32,3 faizi səviyyəsində və ya 26 milyard 914 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 milyard 724 milyon manat və ya 6,8 faiz çoxdur.

Sonra qanun layihəsi ilə bağlı müzakirələr başlayıb.

“2020-ci ilin dövlət büdcəsi müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın proqnozlaşdırılan ən böyük büdcəsidir”.

Bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. V. Gülməmmədov cari ildə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin əhəmiyyətli dərəcədə artdığını diqqətə çatdırıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov qeyd edib ki, gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyyətli artım gözlənilir. Həyata keçirilən kompleks tədbirlər nəticəsində 2020-ci ildə qeyri-neft sahəsində 8,8 faiz artım proqnozlaşdırılır. Nazir qeyd edib ki, növbəti ildə qeyd olunan proqnozların reallaşdırılması üçün biznes mühitinin yaxşılaşdırılması, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması və digər addımların davam etdirilməsi önəmlidir. Onun sözlərinə görə, görülən işlər nəticəsində qeyri-neft sahəsində ildən-ilə artım qeydə alınır. Bu tendensiyanın növbəti illərdə də davam edəcəyi gözlənilir.

“Görülən işlər nəticəsində ölkəmizdə bu ilin 10 ayı ərzində əməkhaqqı fondu əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan sosialyönümlü dövlətdir. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən tədbirlərin mərkəzində vətəndaşlarımızın sosial rifahı durur”.  Bunu isə  Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir qeyd edib ki, 2020-ci ildə əhaliyə ödənişlərin məbləğində artım gözlənilir. Bu ödənişlər demək olar ki, hər il artırılır. Gələn il özünüməşğulluq proqramının daha da genişləndirilməsi nəzərdə tutulur.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxışında deyib ki, ölkəmizdə kölgə iqtisadiyyatı ilə mübarizədə mühüm uğurlara nail olunub. Bunun nəticəsində dövlət büdcəsinə daxilolmaların həcmi artıb. Növbəti ildə də bu məsələ gömrük orqanlarının diqqət mərkəzində olacaq. S. Mehdiyev qeyd edib ki, növbəti ildə də Dövlət Gömrük Komitəsi tərəfindən büdcəyə daxilolmaların həcminin artırılması proqnozlaşdırılır.

Mərkəzi Bankının sədri Elman Rüstəmov öz növbəsində bildirib ki,  2020-ci ildə qarşıda duran başlıca vəzifə makroiqtisadi sabitliyin təmin olunmasıdır. E. Rüstəmov qeyd edib ki, növbəti ildə də qiymət sabitliyi və manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq. Artıq üçüncü ildir ki, manatın xarici valyutaya nisbəti sabitdir.

Eyni qamanda qeyd edək ki, büdcə müzakirələri jurnalistlərin geniş iştirakı olmadan keçirilir.

Həmçinin, qeyd edək ki, büdcə müzakirələri sabah digər 5 komitənin birgə iclasında davam etdiriləcək.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az  

Read Previous

Daha iki rayon üzrə səyyar qəbul keçiriləcək – NOYABRIN 8-DƏ

Read Next

Büdcə müzakirələri başlandı – SABAH DAVAM ETDİRİLƏCƏK – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir