“Bu,”inklüziv demokratiya” prinsipinə ziddir…” – MİLLƏT VƏKİLİ

Müslüm MƏMMƏDOV: Düzdür, səsvermədə deputatlar iştirak edir. Amma qaydaları onlar yazmır, məhz Savitskinin diktəsi ilə bu komitələrdə məruzəçilərə təhkim olunan katiblər yazır. Çox az sayda məruzəçi məruzəsini özü yazır, bu işi əsasən katib edir…

Etikxeber.az “Strategiya.az”-a istinadən  Milli Məclisinin (MM) üzvü Müslüm Məmmədovun müsahibəsini təqdim edir:

– Müslüm müəllim, AŞPA-nın yay sessiyasından sonra  qurumun 6 siyasi fraksiyasından biri olan Azad Demokratlar Qrupunun fəaliyyətinə xitam verildi. Siz bu qrupun sabiq vitse-prezidenti kimi bu hadisəni neçə qiymətləndirirsiniz?

– Avropa Şurası Parlament Assambleyasında qərarların verilməsi, yüksək vəzifələrə təyinat və digər əhəmiyyətli məsələlərdə siyasi fraksiyaların oynadığı rol həddindən artıq mühümdür. Siyasi fraksiya səviyyəsində bu və ya digər məsələ ilə bağlı qərar verildikdən sonra fraksiyanın bütün üzvləri bu qərara uyğun səs verməlidirlər, əks halda bu üzv barədə çox sərt qərar, hətta onun fraksiyadan kənarlaşdırılması, bundan sonra isə öz ölkəsində təmsil etdiyi partiyada üzvlük məsələsini gündəmə gətirə bilərlər. 2017-ci ilə qədər AŞPA-nın 5 siyasi fraksiyası olub. Azərbaycana və digər ölkələrə qarşı son illərdə aparılan kampaniyaya cavab olaraq, sözümüzü deməyə platforma yaratmaq üçün, əsasən Azərbaycan və Türkiyə millət vəkillərindən ibarət olan Azad Demokratlar Qrupu siyasi fraksiyası 2017ci ilin iyununda yaradıldı. Bu hadisə anti-Azərbaycan mövqeyi tutan AŞPA rəhbərliyi, xüsusən Baş Katib Savitski üçün böyük zərbə idi. Müxtəlif bəhanə və şər atma cəhdləri ilə fraksiyanın yaradılma tarixini sentyabr ayına keçirdilər və beləliklə qrupun maliyyələşməsini 2018-ci ilin yanvarından deyil, 2019-cu ilin yanvarın ayına keçirilməsinə nail oldular. Məqsəd isə ondan ibarət idi ki, maliyyəsiz qalan qrup bu müddət ərzində fəaliyyətini dayandırsın. Bu çətinliyə baxmayaraq qrup ötən müddət ərzində fəaliyyətini uğurla davam etdirdi, qrupun əvvəl 1, sonra isə 2 vitse-prezidenti azərbaycanlı millət vəkili idi. 2019-cu ilin yanvarından isə AŞPA rəsmi olaraq qrupun maliyyələşdirilməsinə başladı. Lakin Savitskinin təşəbbüsü ilə 2019-cu ilin aprel ayında Qaydalar və Prosedurlar komitəsində siyasi fraksiyalar haqqında 19.2 maddəsi dəyişdirildi.

Belə ki, bu vaxta qədər siyasi fraksiyanın yaradılması üçün üzv sayına qoyulan minimal kvota 6 ölkədən 20 millət vəkili idi. Aprel ayından isə bu kvota dəyişdirildi və 8 ölkədən 28 millət vəkili oldu. Təəssüf ki, Savitski və onun əlaltılarının AŞPA-da yaratdığı  qorxu və təzyiq mühitində heç kim bu biabırçı qərarın əleyhinə çıxmayıb və beləliklə bu qərar  heç bir çətinlik olmadan qəbul edilib. Bu yanaşma konseptual olaraq AŞPA dəyərlərinə ziddir, onsuz da bundan əvvəl mövcud olan şərtlər AŞPA üzvlərinə fraksiya yaratmağa imkan vermirdi, beləliklə yüzə yaxın millət vəkili heç bir siyasi qrupa üzv deyildi, bu da o deməkdir ki, onlar bu qurumda nə məruzə yaza bilərlər, nə komitələrdə hansısa vəzifə tuta bilərlər. Bu da, öz növbəsində, təşkilatın fəaliyyətinin qeyri-effektiv olmasına səbəb olur. Məsələyə daha geniş yanaşsaq, AŞPA-nın verdiyi bu qərar Avropa Şurasının üzv ölkələrə qoyduğu əsas tələblərdən biri olan “inklüziv demokratiya” prinsipinə ziddir,  yəni hər kəs effektiv şəkildə verilən siyasi qərarlarda iştirak etmək hüququna malik olmalıdırlar, bu qərar isə əksinə, deputatların təcrid olmasına gətirib çıxardı.

muslum-deputat-855

– Dediyiniz bu qorxu mühiti özünü nədə büruzə verir? Avropanın demokratiya institutu sayılan bir qurumda belə bir mühitin yaradılması inandırıcı deyil..

– AŞPA-da son illər baş verən proseslərdə birbaşa iştirakçı olmasaydım mənə də vəziyyətin bu dərəcəyə gəlib çatmasına inanmaq çətin olardı. Hal-hazırda Savitski 10 illik fəaliyyətinin sonuna yaxınlaşır, amma buna fəaliyyətdən çox hegemonluq adı daha çox uyğun gəlir. Onun istəyinə qarşı çıxan millət vəkilləri müxtəlif bəhanə və əsasən də şərləmək yolu ilə qurumdan uzaqlaşdırırlar. Bunun üçün o Büroda və Qaydalar və Prosedurlar Komitəsində olan nüfuzundan süi-istifadə edir. Yazılan yeni qaydalar bəzən ən adi məntiqə belə zidd olsa da assambleya tərəfindən qəbul edilir.

– Müslüm müəllim, axı bu qaydaları millət vəkilləri elə özləri qəbul edir, Savitski və onun məmurları səs vermək hüququna malik deyillər.

– Düzdür, səsvermədə deputatlar iştirak edir. Amma qaydaları onlar yazmır, məhz Savitskinin diktəsi ilə bu komitələrdə məruzəçilərə təhkim olunan katiblər yazır. Çox az sayda məruzəçi məruzəsini özü yazır, bu işi əsasən katib edir.

– Qayıdaq qrupla bağlı məsələyə, dediyiniz qayda dəyişikliyindən sonra nə oldu?

– Qrupun üzvlərinin sayının yeni qaydalara uyğun artırılması üçün 30 iyuna qədər vaxtı var idi. 2 ölkə və 6 üzv tapılması üçün aparılan bütün səylər Azərbaycanla bağlı məsələlərin müzakirəsində müstəqil mövqedə duran AŞPA üzvlərinə son dövrlərdə anti-Azərbaycan qüvvələrin səyləri nəticəsində sanksiyaların tədbiq edilməsi və cəzalandırılması ucbatından heç bir nəticə verməyib 1 iyul tarixdən qrup öz fəaliyyətinə xitam verdi. Hal-hazırda AŞPA-da heç bir qrupa üzv olmayanların sayı 120 nəfərə çatıb, bu isə üzvlərin 20 faizi deməkdir. Müqayisə üçün, Avropa parlamentində heç bir siyasi qrupa daxil olmayanların sayı ümumi sayın cəmi 2,5 faizini təşkil edir.

Etikxeber.az

Read Previous

“Ərdoğan-Tramp görüşü əsir alındığmızı ortaya qoydu” – AKŞƏNƏRDƏN SƏRT SÖZLƏR

Read Next

Ali təhsillə bağlı qanun layihəsinin hazırlanmasına qərar verildi – BU GÜN – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir