“Bundan ən çox uşaqlar əziyyət çəkir…” – TAHİR RZAYEV – FOTO

Sentyabrın 18-də Milli Məclisin (MM) Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib.

Komitə sədri Aqiyə Naxçıvanlı yeni sessiyanın başlaması münasibətilə deputatları təbrik edib, gələcək işlərində uğurlar arzulayıb. Bildirilib ki, bugünkü iclasın gündəliyinə 7 məsələ daxil edilib.

Etikxeber.az xəbər verir ki, əvvəlcə, komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında fəaliyyəti barədə məlumat verilib.

Bildirilib ki, sessiya ərzində komitənin 6 iclası keçirilib, 13 məsələ, o cümlədən 11 qanun layihəsi müzakirə olunub. Qanun layihələrinin 9-u MM-də qəbul edilib. Hesabat dövründə komitənin ünvanına 116 müraciət daxil olub. Müraciətlərin 108-i araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Komitənin sədri tərəfindən Milli Məclisdə 96 vətəndaş qəbul edilib, onları narahat edən məsələlərlə bağlı lazımi tədbirlər görülüb. Ötən sessiya zamanı komitədə bir sıra görüşlər keçirilib. Habelə “Ailə institutunun formalaşmasında adət və ənənələrimiz” mövzusunda bu sahədə qanunvericiliyin rolu ilə bağlı dinləmə təşkil olunub.

Məruzədə cari ilin payız sessiyasında komitədə görüləcək işlər barədə də məlumat verilib.

Çıxışlarda deputatlar 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında komitənin fəaliyyətini müsbət dəyərləndirib, payız sessiyası üçün iş planına razılıqlarını ifadə ediblər.

İclasda bir sıra qanunlara dəyişikliklərin edilməsi ilə əlaqədar məsələlər müzakirəyə çıxarılıb.

Diqqətə çatdırılıb ki, ikinci oxunuşda təqdim edilmiş “Uşaq hüquqları haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında”, “Təhsil haqqında”, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” və “Peşə təhsili haqqında” qanunlara təklif olunan dəyişikliklər bu sənədlərin “Psixoloji yardım haqqında” qanuna uyğunlaşdırılması məqsədi daşıyır.

Sonra “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Uşaq hüquqları haqqında”, “Təhsil haqqında”, “Reklam haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş), “Kinematoqrafiya haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Nəşriyyat işi haqqında”, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Telekommunikasiya haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (1-ci oxunuş) məsələlərə baxılıb. Bildirilib ki, bu qanunların “Uşaqların zərərli informasiyadan qorunması haqqında” 2018-ci il 30 oktyabr tarixli qanuna uyğunluğunu təmin etmək üçün bir sıra maddələrdə müvafiq düzəlişlər aparılıb.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” (1-ci oxunuş) sənədlə bağlı qeyd olunub ki, Məcəlləyə “Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması” adlı yeni 388-2-ci maddə əlavə edilir. Bu qanun layihəsi də “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanunun icrası ilə əlaqədar hazırlanıb. İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavədə uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulmasına görə fiziki şəxslərin beş yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslərin min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslərin üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Komitə üzvləri Tahir Rzayev, Sahibə Qafarova, Sədaqət Vəliyeva, Dilarə Cəbrayılova müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayıblar. Dövlət tərəfindən insanların sağlamlığının qorunması, onların firavan yaşaması üçün göstərilən diqqət və qayğını xüsusi vurğulayıb, qanunlara ediləcək dəyişikliklərin önəmli olduğunu söyləyiblər.

Deputatlar gündəliyə daxil olan sənədləri MM-in plenar iclasına tövsiyə ediblər.

aila

tahir_rzayev_C00134

Adıçəkilən komitənin üzvü T.Rzayev isə saytımıza açıqlamasında bir daha İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyin çox vacib və zəruri olduğunu qeyd edib.

Bildirib ki, Məcəlləyə edilməsi nəzərdə tutulan “Uşaqların zərərli informasiyadan qorunması haqqında qanunvericiliyin pozulması” adlı yeni 388-2-ci maddəyə çoxdan ehtiyac  duyulurdu:

“Bu gün əsrimiz informasiya əsridir. Həm də dünyamızda qloballaşma gedir, onun müsbət tərəfləri ilə yanaşı, mənfi, zərərli tərəfləri də çoxdur. Belə ki, mənəvi dəyərlər, milli adət-ənənələr, milli istisadiyyatlar qloballaşmanın təsirinə məruz qalaraq, bir çox hallarda deqradasiyaya uğrayır, aşınmaya məruz qalır. Bu prosesdə informasiya-kommunikasiya texnolgiyalarının, internet resurslarının, sosial şəbəklərin də “rolu”, “təsiri”, “payı” var.

Bəli, internet, informasiya-kommunikasiya texnologiyaları lazımdır, vacibdir, dövrün, zamanın tələbidir, biz də bundan kənarda qala bilmərik, amma onların törətdiyi fəsadlar da ortadadır, göz qarşısındadır. Xüsusilə də, uşaqların internetə, sosial şəbəklərə olan həvəsi, həssaslığı sonradan onlarda asılılıq, özünütəcridetmə, özünəqapanma, qəddarlıq, intihara meyllilik və sair qorxulu və təhlükəli hallar yaradır. Yəni, üzərimizə gələn “informasiya seli” daha çox uşaqlarda “iz” buraxır, onlara öz mənfi  təsirini göstərir.

Bu baxımdan, uşaqların zərərli informasiyadan qorunması, bu yöndə qanunvericiliyin pozulmasına görə, tələblərin, şərtlərin sərtləşdirilməsi lazımdır. Çox yaxşı haldır ki, artıq bu yöndə də növbəti addımın atılması gözlənilir və hər birimiz də bunu təqdir edir, müsbət dəyərləndiririk”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Gənc ailələrin sosial müdaiəsi ilə bağlı qanuna ehtiyac var” – ELMİRA AXUNDOVA – FOTO

Read Next

“İstədiyimiz kimi oynaya bilsək…” – QURBAN QURBANOV – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir