“Bunlar əməkdaşlığımızın bütün istiqamətlərdə inkişafının göstəricisidir” – BAHAR MURADOVA – FOTO

Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova İsveçrə Konfederasiyası Xarici İşlər Nazirliyinin (XİN)  Avropa, Mərkəzi Asiya, Avropa Şurası, ATƏT şöbəsinin rəhbəri Nikola Brülün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Etikxeber.az xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərin gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri B. Muradova ölkələrimiz arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirib. O, qeyd edib ki, iki ölkə arasındakı münasibətlər dostluq, qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığa əsaslanır. Onun sözlərinə görə,ölkələrimizin yüksək səviyyəli rəsmilərinin qarşılıqlı səfərləri həyata keçirilir. Vitse-spiker qeyd edib ki, bu səfərlərin intensivliyi, çoxistiqamətliliyi, müzakirə olunan məsələlər Azərbaycanı qane edir:
“Bunlar əməkdaşlığımızın bütün istiqamətlərdə inkişafının göstəricisidir”. 
MM sədrinin müavini qeyd edib ki, Azərbaycan-İsveçrə münasibətlərinin inkişafında parlamentlərin rolu böyükdür. B. Muradova hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyətini qeyd edib və qarşılıqlı səfərlərin əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Azərbaycan parlamentində 80-dən çox dostluq qrupunun fəaliyyət göstərdiyini deyən B. Muradova onların içərisində Azərbaycan-İsveçrə parlamentlərarası dostluq qrupunun intensiv əlaqə saxlayan qruplardan biri olduğunu deyib.

Nikola Brül də öz növbəsində İsveçrənin Azərbaycanı dost və tərəfdaş ölkə hesab etdiyini və münasibətlərin müxtəlif sahələrdə inkişafında maraqlı olduğunu bildirib. Azərbaycanın İsveçrə üçün önəmli tərəfdaş olduğunu qeyd edən qonaq ölkəmizin çox qısa zaman ərzində qazandığı bütün nailiyyətlərin onda dərin təəssüratlar yaratdığını vurğulayıb.

Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli iqtisadi və siyasi münasibətlər, Ermənistan-Azərbaycan münaqişəsi ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, münaqişənin sülh və danışıqlar yolu ilə həllində bütün beynəlxalq qurumlar, o cümlədən, aparıcı dövlətlər, eləcə də, İsveçrə öz töhfələrini verməlidirlər.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Dəhşətli avtoqəza: 7 nəfər DÜNYASINI DƏYİŞDİ – DİN DƏ MƏLUMAT YAYDI – YENİLƏNİB

Read Next

Deputat Zakir Fərəcovun separatçı “Bərzanipərəst” kadrından yazdı…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir