“Bunlar hər birimizin sağlamlığı, təhlükəsizliyi, gələcəyi üçün vacib və önəmli məqamlardır…”-MİLLƏT VƏKİLİ NÖVBƏTİ DƏFƏ ÖLKƏ VƏTƏNDAŞLARINA SƏSLƏNİŞ ETDİ

Son günlər ölkəmizdə koronovirusa yoluxmada narahatlıq doğuran məqamlar yaşanmaqdadır.

Belə ki, son bir neçə gündə koronavirusa yoluxma sayı artmaqdadır, eyni zamanda, ölüm halları çoxalmaqdadır.

Dünənin statistikasına görə, yoluxma sayı 2717, ölüm halları 31-dir. Çox üzücü, çox kədərləndirici, çox narahatedici bir mənzərədir.

Çox təəssüflər olsun ki, bir müddət öncə yoluxma sayının 100-dən aşağıya düşməsinə, ölüm hallarının demək olar ki, sıfırlanmasına nail olsaq da, son bir neçə həftədə, son bir neçə gündə yenidən “başadönmə”, mənfiyə doğru gedişat yaşanmağa başlandı.

Yoluxmada yenidən minlik, iki minlik həddi keçdik, artıq üç minlik həddə, noyabrın sonlarında, dekabr aylarında yaşanan tədirginedici həddə-vəziyyətə yaxınlaşdıq.

Bu isə hər birimizi ciddi narahat etməkdə, qayğılandırmaqdadır.

Hansı ki, ölkəmiz ilk gündən koronavirus adlı bəlaya qarşı geniş cəbhə açmış, savaş başlatmış, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ciddi önləyici və qabaqlayıcı addımlar atılmışdır.

Koronavirusa yoluxmanın, onun fəsadlarının qarşısının alınmasına böyük yol, məsafə qət edilmiş, növbəti Azərbaycan modeli, Azərbaycan nümunəsi yaradılmışdır.

Bu məsələdə ölkəmiz hər zaman təqdir edilmiş, nümunə göstərilmişdir.

Təsadüfi deyil ki, Azərbaycan öz beynəlxalq məsuliyyətinə sadiq olaraq Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı ayırmış, üstəlik, 30-dan çox ölkəyə koronavirusla mübarizədə birbaşa humanitar və maliyyə yardımı göstərmişdir.

Eyni zamanda, bizim təşəbbüsümüzlə, Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin aprelində Türk Şurasının Zirvə toplantısı, 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Zirvə toplantısı və 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir.

Həmçinin, ölkəmiz COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olmuşdur.

Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat etmiş və bu gün də etməkdədir.

Bunu bütün çıxışlarında dövlət başçımız da sərt şəkildə dilə gətirilmiş, ədalətsizliyə son qoyulmasını tələb etmişdir, bir daha öz prinsipial mövqeyini sərgiləmişdir.

Elə bugünlərdə-Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciətində də ölkə Prezidenti bir daha bu məsələyə toxunaraq, beynəlxalq aləmə çağırış etmiş, mesajını vermişdir.

Sitat:

“…Peyvəndlərin bərabər və ədalətli şəkildə paylanması məsələsi mühüm əhəmiyyət kəsb edir. Bununla belə, peyvəndlərin inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında qeyri-bərabər və ədalətsiz paylanması bizi dərindən narahat edir. Bəzi ölkələr ehtiyacı olduğundan dəfələrlə çox peyvənd tədarük edir. Aydındır ki, belə şəraitdə digər ölkələr peyvənd qıtlığı ilə üzləşəcək…

Azərbaycan, həmçinin COVAX təşəbbüsünə qoşulan və onu dəstəkləyən ilk ölkələrdən biri olub. Biz və bütün beynəlxalq ictimaiyyət bu təşəbbüsün pandemiya ilə mübarizədə əməkdaşlıq və həmrəylik modeli olmağını gözləyir…”.

Bəli, bu, bizim ədalətli və haqlı mövqeyimiz, bəyanımızdır.

Çünki biz hər zaman ədalət tərəfdarı olmuş, haqsızlığın önündə dayanmıq, ona qarşı ciddi mübarizə aparmışıq.

Bəzən bu mübarizədə tək qalsaq da, öz haqq, ədalət, prinsipial mövqeyimizdən bir addım olsun belə, çəkinməmişik.

Bu dəfə də ədalətdən, haqdan yanayıq və bu mövqeyimizdə də axıracan gedəcəyik, istədiyimiz nəticəni əldə edənəcən, dayanmayacağıq, ardıcıl, mübariz olacağıq.

Ancaq bir daha əvvələ qayıdaraq, ölkəmizdə son günlərə yaşanan tendensiyaya toxunaraq, yenidən insanlarımıza, vətəndaşlarımıza bir səsləniş, bir çağırış etmək istəyirəm.

Bu çağırış, bu səsləniş də ondan ibarətdir ki, nə özlərinin, nə də başqalarının həyatını təhlükə, risq altına salsınlar.

Buna yönəlik istənilən addımlardan çəkinsinlər, Operativ Qərargahın qərarlarına, şərtlərinə, qaydalarına uysunlar, əməl etsinlər.

Tibbi maskalardan, əlcəklərdən istifadə etsinlər, sosial məsafəni gözləsinlər, ehtiyac, zərurət olmadığı təqdirdə, insanların kütləvi toplaşdığı ərazilərə getməsinlər.

Sanitar-gigiyenik qaydalara, normalara birmənalı əməl etsinlər, peyvəndləşməyə, vaksinasiya barmaqarası, qeyri-ciddi yanaşmasnlar, özlərinə peyvənd, vaksin vurdursunlar.

Bunlar hər birimizin sağlamlığı, təhlükəsizliyi, gələcəyi üçün vacib və önəmli məqamlardır.

Biz yalnız birlikdə güclü və birlikdə xilas ola bilərik.

Biz birlikdə də güclü, birlikdə də xilas olacağıq!

Jalə ƏLİYEVA,

Millət vəkili,

Etikxeber.az

Read Previous

Bozkır-AZƏRBAYCANDA – FOTOLAR

Read Next

Şəhidlər ailəsindən olan 4 medallı İgidimiz-Ruslan Maksim oğlu Əliyev və QARDAŞI İLƏ VƏTƏNİN KEŞİYİNİ ÇƏKƏN 7 MEDALLI QƏHRƏMANIMIZ-ZAKİR SƏNAN OĞLU VƏLİYEV…-FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir