“Bunlara xalqın hərbi təhlükəsizliyinə vurulan zərbə kimi, “müharibə dövrünün qanunları” əsasında qiymət verməliyik”-ZAHİD ORUC- YENİLƏNİB

Prezident İlham Əliyevin yeni Baş prokuror təyin edərkən Biləsuvar İcra Hakimiyyəti başçısının qanunsuz əməllərinə xüsusi yer verməsi və kəskin, sərt xəbərdarlığında ayrıca təhlilə ehtiyacı olan bir məqam var.

Etikxeber.az-ın məlumatına görə, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, Azərbaycan 30 ildən çoxdur, düşmənlə müharibə şəraitində yaşayır:

“Bir gün Prezident hərbi yolla torpaqlarımızın azad edilməsi qərarını verərsə, dövlətin və xalqın əmlakını mənimsəyənlərin əməllərinə son qoyacağına zəmanət varmı? Son 2 ay sübut etdi ki, yoxdur! Ona görə istər İcra Hakimiyyətinin rəhbəri, istərsə də başqa bir vəzifə adamının qanunsuz əməllərinə yalnız korrupsiya hüquqpozmaları çərçivəsində deyil, eyni zamanda, xalqın hərbi təhlükəsizliyinə vurulan zərbə kimi, “müharibə dövrünün qanunları” əsasında qiymət verməliyik. Burada kimsə səhra məhkəmələrinin yaradılmasını təklif etmir. Halbuki 75 illiyi qarşısında olduğumuz 2-ci dünya müharibəsində diversantlara, oğrulara və xalqa xəyanət edənlərə məhz “müharibə dövrünün qanunları” əsasında qiymət verilməsi hesabına qələbə qazanılmışdı. Bizdə “Hərbi və fövqəladə vəziyyət rejimi haqqında” qanunlar olsa da, karantin vəziyyəti cinayət qanunvericiliyində əksini tapmayıb”.

“İcra Hakimiyyətinin başçıları həbs olunan rayonlarda hüquq-mühafizə orqanları da məsuliyyət daşıyır”.

Bunu isə Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

“Çünki onlar rayonlarda baş verən qanunsuzluqlara bağlı məlumatı vaxtında yuxarıdakı aidiyyəti qurumlara və ölkə başçısına yazıb hesabat verməli idilər. Əgər vaxtında belə hesabatlar və məlumatlar ölkə başçısına daxil olsaydı, vəziyyət bu həddə çatmazdı. Ona görə də hesab edirəm ki, bu işdə həmin rayonların hüquq-mühafizə orqanlarının rəhbərləri də məsuliyyət daşıyırlar. Odur ki, icra başçıları ilə yanaşı, onlar da məsuliyyətə cəlb olunaraq cəzalandırılmalıdır” – deyə, o, bildirib.

***

Zahid Orucun çıxışı- Tam mətn:

Məgər ordu səngərdə ona görə keşik çəkir ki, Nizaməddin kimi adamlar o cür cinayətlər törətsinlər?”

 -Prezident İlham Əliyevin yeni Baş prokuror təyin edərkən Biləsuvar icra hakimiyyəti başçısının qanunsuz əməllərinə xüsusi yer verməsi və kəskin, sərt xəbərdarlığında ayrıca təhlilə ehtiyacı olan bir məqam var. Ölkə rəhbəri deyir: “Dünya liderlərinin bir çoxu qeyd edir ki, pandemiya müharibədir. Bəli, mən bu tezislə razıyam. Əgər indiki şəraitdə bunlar özlərini belə aparırsa, daha ağır vəziyyətdə, nə edəcəklər? Bunun bir adı var – vicdansızlıq və xəyanət!”

Məhz bu sual üzərində düşünməliyik: Azərbaycan 30 ildən çoxdur düşmənlə müharibə şəraitində yaşayır və bir gün Prezident hərbi yolla torpaqlarımızın azad edilməsi qərarını verərsə, dövlətin və xalqın əmlakını mənimsəyənlərin əməllərinə son qoyacağına zəmanət varmı? Son 2 ay sübut etdi ki, yoxdur…

Ona görə istər icra hakimiyyətinin rəhbəri, istərsə də başqa bir vəzifə adamının qanunsuz əməllərinə yalnız korrupsiya hüquqpozmaları çərçivəsində deyil, eyni zamanda xalqın hərbi təhlükəsizliyinə vurulan zərbə kimi, “müharibə dövrünün qanunları” əsasında qiymət verməliyik. Burada kimsə səhra məhkəmələrinin yaradılmasını təklif etmir. Halbuki 75 illiyi qarşısında olduğumuz 2-ci dünya müharibəsində diversantlara, oğrulara və xalqa xəyanət edənlərə məhz “müharibə dövrünün qanunları” əsasında qiymət verilməsi hesabına qələbə qazanılmışdı. Bizdə “hərbi və fövqəladə vəziyyət rejimi haqqında” qanunlar olsa da, karantin vəziyyəti Cinayət qanunvericiliyində əksini tapmayıb…

Bir ay bundan əvvəl ABŞ prezidenti Tramp Daxili Təhlükəsizlik və Səhiyyə naziri ilə birgə tribunaya çıxaraq elan etdi ki, o Koreya və İraq müharibəsində tətbiq olunan hərbi qanunla hərəkət edir. Fransa prezidenti Makron da elə. Cənab prezidentin də tələbi hamı tərəfindən məhz hərbi dövrdə xalqı təhlükədən qorumaq zərurəti kimi qəbul olunmalıdır…

Azərbaycanın qürur və dönüş salnaməsi olan 4 günlük aprel müharibəsinin nəticəsində hakimiyyətdən gedən Sarkisyan rejiminin hərbi və siyasi rəhbərlərini bu gün tribunallara çəkirlər, onları mühakimə edirlər. Məglubiyyətin səbəbkarlarından biri sayılan və orduya xalqın yardımını mənimsəyən Manvel Qriqoryanı ictimaiyyət linç etdi və onu həbsə atdılar. Çünki ermənilər günahkarı cəzalandırır ki, başqalarına dərs olsun…

Alİ Baş komandan son iki ayda pandemiyaya qarşı mübarizədə olduğu kimi, günün birində milləti səfərbərliyə çağırarsa – o sərvət hərisləri əsgər və zabitin azuqəsinə əl uzadacaqlar, ordunun tankına və topuna göz dikəcəklər.Ona görə də belə əməllər dinc dövrün qanunları ilə cəzalanmalı deyil…

İstər siyasi vəzifə tutsunlar, istər hərbi, cinayətkarlar Azərbaycan dövlətini təmsil etmirlər, çünki bütöv bir rayonu-torpaqlarımızı təhlükə qarşısında qoyanların siyasi və əqidə  mənsubiyyəti yoxdur.Ona görə də sərhəd bölgələrinə xüsusi yanaşma olmalıdır…

Həbslər yalnız sosial, mənəvi məsələ yox, eləcə də milli təhlükəsizlik kontekstində nəzərdən keçirilməlidir və sərhəd, yaxud cəbhə xəttinə yaxın bölgələrdə siyasi-hərbi rəhbərlik xüsusi seçilməlidir. Doğrudur, Biləsuvar “cəbhə xətti” deyil, lakin Goranboydan Ağstafaya yerini dəyişən Nizaməddin Quliyev isti kabinetində mülki vətəndaşların-yoxsulluqda yaşadığı üçün dövlət yardımı nəzərdə tutulan ehtiyaclı insanların haqqını mənimsəyəndə bir qədər ön cəbhədə əsgərlərimiz Vətəni qoruyurdular. Məgər ordu səngərdə ona görə keşik çəkir ki, Nizaməddin kimi adamlar o cür cinayətlər törətsinlər? Səngərdə keşik çəkən ogullarımız o torpaqları ona görəmi qoruyur ki, onu icra başçısı Mahir Quliyev sadə vətəndaşın- Vaqıf Abışovun əlindən zorla alsın?

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Sabir Rüstəmxanlı Musa Qasımlı ilə razılşmadı, etiraz etdi-MUSA QASIMLIDAN DA CAVAB ÖZÜNÜ GÖZLƏTMƏDİ…-YENİLƏNİB

Read Next

“AzTV, İTV və digər televiziyalara müraciət edirəm ki…”-QƏNİRƏ PAŞAYEVADAN ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir