“Burada söhbət Haaqa Məhkəməsindən getmir…” – MM-İN ŞÖBƏ MÜDİRİ

“Xocalı soyqırımını törədənlərin cəzalandırılması üçün imkanlar var. Burada söhbət Haaqa Məhkəməsindən getmir. Çünki 1998-ci ildə Haaqada yaradılmış Beynəlxalq cinayət məhkəməsinin nizamnaməsi 1 iyul 2002-ci il qüvvəyə minib. Bu məhkəmənin statutunun qüvvəyə minməsindən törədilən əməllərə onun nizamnaməsi şamil edilmir”.

Etikxeber.az xəbər verir ki, bu fikirlər Milli Məclis (MM) Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Terrorçuluğun qarşısının alınması üzrə eksperti Nizami Səfərova məxsusdur.

Onun sözlərinə görə, Azərbaycan BMT-nin vasitəsilə Xocalı soyqırımının araşdırılması üçün xüsusi məhkəmə orqanının  yaradılmasına nail ola bilər. Məlumdur ki, Syerra Leone üzrə bu cür orqan yaradılıb.  Həmçinin, Livan üzrə isə xüsusi tribunal yaradılıb:

“Xüsusi məhkəmə orqanı ilə yanaşı, digər bir imkan da var. Bu – Azərbaycanın məhkəmə orqanlarında soyqırımlar, etnik təmizləmələr üzrə xüsusi fövqəladə palataların yaradılmasıdır. Bunun da hüquqi bazası mövcuddur. Qeyd edim ki, belə bir orqan Kombocada 30 il öncə törədilən cinayətlərin təqibi üçün formalaşdırılıb. Həmin fövqəladə palatalarda Komboca hökuməti və BMT arasında bağlanmış müqavilə əsasında fəaliyyət göstərir. Biz bütün bunları nəzərdən keçirib yararlanmaq imkanlarını araşdırmalıyıq”.

Ekspert qeyd edir ki, artıq Azərbaycanın parlamenti və vətəndaş cəmiyyəti bu işə öz töhfəsini verməkdədir.

Belə ki, Milli Məclis və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasındakı anlaşma memorandumu çərçivəsində soyqırım cinayətlərinin cəzalandırılmasına dair yeni qanun layihəsi hazırlanıb.

“Beynəlxalq cinayətlərin qarşısının alınması və cəzalandırılması” haqqında qanun layihəsi soyqırım, etnik təmizləmələr, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlərin təqibi baxımından mühüm əhəmiyyət kəsb edir.

Qanun layihəsini fərqləndirən mühüm məsələlərdən biri odur ki, bu gün dünyanın heç bir ölkəsinin qanunvericiliyində yer almayan bir termin –  “etnik təmizləmələr cinayəti” anlayışı bu qanunda əks olunub.

“Azərbaycan xalqı öz tarixi gedişində dəfələrlə ermənilər tərəfindən etnik təmizləmələrə məruz qalıb. Bu gün bizim əsas məqsədimiz həmin cinayətin hüquqi vasitələrlə formalaşdırıb Azərbaycanın  Cinayət qanunvericiliyinə daxil etməkdir. Digər bir mühüm məsələ beynəlxalq cinayətləri törədən şəxslərə münasibətdə heç bir immunitetlərin tətbiq edilməməsidir. Tutduğu vəzifədən və statusundan asılı olmayaraq istənilən şəxs bu cür cinayətlərə görə məsuliyyətə cəlb olunub cəzalandırıla bilər”-deyə, o, sözlərinə əlavə edib.

Yeni qanunda “Fərdi cinayət məsuliyyətli məqsədlər üçün təcavüz” anlayışı verilir. Digər məsələ – beynəlxalq cinayətlərə münasibətdə qanunun retroaktiv tətbiqinə imkan verilməsidir. Bu o deməkdir ki, hətta törədildiyi zaman həmin ölkənin qanunvericiliyində mövcud olmasa belə, soyqırım, hərbi cinayətlər, etnik təmizləmələr sonradan həmin qanunvericiliyə daxil olduqdan sonra cinayət təqibi predmeti ola bilər.

Ekspert qeyd edir ki, bu cinayətləri digərlərindən fərqləndirən bir sıra amillər var:

“Beynəlxalq cinayətlərə münasibətdə heç bir müddətlər tətbiq edilmir. Soyqırım, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlərin nə vaxt törədilməsindən asılı olmayaraq,  istənilən zaman onları törədən şəxslər cinayət məsuliyyətinə cəlb edilə bilər və cəzalandırıla bilər. Biz bütün dünyaya mesaj göndəririk ki, biz bu cür cinayətlərin aradan qaldırılması, onların qarşısının alınması və cəzalandırılması işinə mühüm bir töhfə veririk. Əlbəttə, Xocalı soyqırım və AR ərazisində ermənilərin törətdiyi insanlıq əleyhinə cinayətlər, etnik təmizləmələrin qarşısını alınmasında,  cinayətlərin istintaqında cəzalandırılmasında bu qanun mühüm rol oynayacaq. Və bu prosesə əhəmiyyətli bir təkan verəcək”.

Qanun layihəsində bir sıra digər mühüm məsələlər – ekstradisiya, hüquqi yardım və cinayətlərin təqibinə dair digər mexanizmlər də yer alır. Qanun layihəsi 3 ay ərzində hazırlanıb. Layihənin hazırlanması üçün xarici dövlətlərin qanunvericiliyi ilə yanaşı, BMT-nin Beynəlxalq hüquq komissiyasının cari işləri, mövcud olan beynəlxalq cinayət tribunallarının presedent hüququ da nəzərdən keçirilib. Artıq bir sıra ölkələrdə – Almaniya, Niderland, Kanada, Yeni Zelandiya Avstraliya və digər ölkələrdə oxşar qanunlar qəbul edilib. Azərbaycanda isə qanun layihəsi ekspertiza üçün müvafiq orqanlara göndərilib.

nizami safarov-mm

Etikxeber.az

Read Previous

Kür çayının suyun səviyyəsi 8 santimetr artıb- NAZİRLİK

Read Next

Güclü külək Bakıda dayanacaq pavilyonuna və qoruyucu çəpərlərə ziyan vurub- Nəqliyyat Agentliyi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir