“Buradakı 125 nəfərin, eləcə də vətəndaşlarımızın, yaxınlarımızın beyin ölümü gerçəkləşdikdən sonra orqanlarının bağışlanması ilə bağlı problemi var”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Hər hansı regionumuzda avtoqəza nəticəsində həmin bölgədə xəstəxanaya yerləşdirilən şəxsin orqanları həmin xəstəxanada alına bilər. Amma bu, bizim qanunvericiliyimizdə yoxdur..

 Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Bildirib ki, orqan transplantasiyası ilə bağlı konkret xəstəxana adlarının müəyyənləşdirilməsi gələcəkdə tibbi işdə ciddi problemlər yaradacaq.

“Beyin ölümü gerçəkləşmiş şəxsin hansısa xəstəxanaya gətirilib orqanlarının götürülməsi mümkün deyil, orqan həmin xəstəxanada götürülməlidir. Bu gün buradakı 125 nəfərin, eləcə də vətəndaşlarımızın, yaxınlarımızın beyin ölümü gerçəkləşdikdən sonra orqanlarının bağışlanması ilə bağlı problemi var. Beyin ölümü gerçəkləşdikdən sonra biz cəmiyyət olaraq yaxınlarımızın orqanını başqa bir həyatı xilas etmək üçün bağışlaya bilmiriksə, oturub ciddi şəkildə düşünməliyik. Bu məsələ birinci həll edilməlidir. Maarifləndirmə işi gücləndirilməlidir. Bu problem həllini tapandan sonra növbəlilik və digər problemlər də həll olunacaq”-deyən deputat qeyd edib ki, bu gün Səhiyyə Nazirliyində orqan transplantasiyası ilə bağlı Koordinasiya Mərkəzinin yaradılması son mərhələdədir:

“Bu Mərkəzdə növbəlilik məsələsi və digər məsələlər öz həllini tapacaq”.

Onu da qeyd edək ki, Azərbaycanda tibb müəssisələrində qanunsuz transplantasiya həyata keçirməyə görə yeni cəzalar müəyyənləşir.

Yeni cəzalar birinci oxunuşda müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanının (qurumun) tətbiq etdiyi siyahıya daxil olmayan tibb müəssisələrində və ya tibb müəssisələrindən kənarda donor orqanlarının götürülməsi və ya transplantasiyasının həyata keçirilməsi 10 min manatdan 15 min manatadək miqdarda cərimə və ya 2 il müddətədək islah işləri və ya 2 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Həmin əməllər təkrar törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən törədildikdə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə və ya onun təqsirkar şəxsdən maddi, xidməti və s. cəhətdən asılı olmasından istifadə etməklə törədildikdə 3 ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Həmin əməl ehtiyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda 3 ilədək müddətdə müəyyən müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ətraf mühiti pozan, xalqın milli-mənəvi dəyərlərinə ziyan gətirən bloggerlər var ki…”-MM-İN KOMİTƏ SƏDRİ

Read Next

“Ələt futbol məktəbi, futbol meydançası böyük futbolçular yetişdirib ki…”-AYDIN HÜSEYNOV – MİLLƏT VƏKİLİ ƏLƏT MƏDƏNİYYƏT EVİ VƏ ƏLƏT-BAKI SÜRƏT QATARI İLƏ BAĞLI MƏSƏLƏNİ DƏ DİLƏ GƏTİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir