“Bütün dünya bir daha şahidi olacaq ki, azərbaycanlılar qəhrəman, həm də qurub-yaradan bir xalqdır”-MİLLƏT VƏKİLİ

Еrmənilər istər Şuşa şəhərini, istərsə də ətraf şəhər və kəndlərimizi viran qoyublar. Azərbaycanlılara məxsus tarixi-mədəni və dini abidələrimizə qarşı əsl barbarlıq ediblər. Düşmən, eyni zamanda, Alban məbədlərini dağıdaraq, təhqirə məruz qoyublar. Onlar utanmadan başqa dinə, xalqa məxsus abidələrin üzərinə saxta yazılar yazılmış daş lövhələr yerləşdiriblər. Nə qədər yalançı, fitnəkar olasan ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilmiş Şuşa şəhərini erməniləşdirmək xəyalına düşəsən.

Etikxeber.az xəbər verir ki, bu fikirləri mətbuata açıqlamasında deputat, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva bildirib.

O, mətbuata açıqlamasında qeyd edib ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev ermənilərin bütün bu vəhşiliklərini və yalanlarını əyani şəkildə bütün dünyaya, eləcə də erməniləri müdafiə edən bütün beynəlxalq təşkilatlara çatdırdı:

“Onlara sübut etdi ki, bu ərazilər qədimdən azərbaycanlılara məxsus olub. Doğrudan da həm Şuşada, həm də işğala məruz qalmış digər şəhər və kəndlərimizin hər daşında, qayasında, tikintisində buranın sakinlərinin qədim türk tayfaları olduğu sübut olunur.

Prezidentimiz Şuşada alovlandırdığı Novruz tonqalı ilə ermənilərin yalanlarını odda yandırmış oldu. Müzəffər Ali Baş Komandan tonqal ətrafında Şuşanın işğaldan azad olunmasının tarixi əhəmiyyətindən də ətraflı danışdı. Eyni zamanda, şəhərin işğaldan azad olunmasında Azərbaycan əsgərinin şücaət və qəhrəmanlığını xüsusi qeyd etdi”.

K.Əliyeva bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Şuşanı azad edən gənc əsgərlərimiz 2003-cü ilin uşaqları idilər:

“O dövrdən bu gənclər əsl vətənpərvərlik ruhunda tərbiyə olundu. Prezident seçildiyi ilk dövrdən, cənab İlham Əliyev istər xalqa müraciətlərində, istərsə də beynəlxalq səviyyəli görüşlərində onun ən ümdə vəzifəsinin işğal altında olan torpaqlarımızın işğaldan azad etmək olduğunu qeyd etmişdir. Doğrudan da, bu ruhda tərbiyə almış gənclərimiz dünya hərb tarixinə yazılacaq bir şücaət, qəhrəmanlıq göstərdilər. Şuşanı top və tanklarla saxlamağa çalışan düşməni bıçaqla, süngü ilə məğlub edərək, şəhəri erməni faşistlərindən təmizlədilər.

Düşmən bir zamanlar regionun ən böyük inkişaf etmiş rayonlarından biri olan Ağdam şəhərini də yerlə-yeksan ediblər. Xarici jurnalistlər haqlı olaraq Ağdamı atom bombası atılan Xirosimaya bənzədirlər. Ermənilər bütün şəhər və kəndlərimizi xarabalığa çevirdilər, çünki bu torpaqların onlara məxsus olmadığını və nə zamansa, bu torpaqların əsl sahiblərinin – azərbaycanlıların qayıdacaqlarını bilirdilər. Biz qayıtdıq!

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada Cıdır düzündə Zəfər tonqalımızı alovlandırdı. Şuşa şəhərindəki son çıxışı zamanı dövlətimizin başçısı bir daha bütün dünyaya çatdırdı ki, biz Şuşanı da, digər şəhər və kəndlərimizi də bərpa edəcəyik. Əvvəlkindən də gözəl diyara çevirəcəyik. Şuşa şəhərində quruculuq işləri davam etdirilir. Ağdam şəhərinin baş planı demək olar ki, hazırdır.Bütün dünya bir daha şahidi olacaq ki, azərbaycanlılar qəhrəman, həm də qurub-yaradan bir xalqdır”.

Etikxeber.az

Read Previous

ABŞ-da qanlı mart-6 NƏFƏR QƏTLƏ YETİRİLDİ…

Read Next

Millət vəkili 36-cı-ƏFV SƏRƏNCAMINDAN YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir