“Bütün dünya Ermənistanın faşist dövləti olması gerçəkliyi və faktı ilə üz-üzə qaldı…Ancaq ifşa prosesi, sarsıdıcı siyasi-diplomatik zərbələr bununla da bitmədi…”-ZİYAD SƏMƏDZADƏ – MÜSAHİBƏ – (İKİNCİ HİSSƏ)

Ziyad SƏMƏDZADƏ: “2018-ci ilin 26 iyun tarixli Hərbi Paradı Azərbaycanın növbəti dəfə əzminin, iradəsinin, Qarabağsız yaşaya bilməyəcəyinin nümayişi, mesajı oldu…”

Etikxeber.az millət vəkili, akademik Ziyad Səmədzadənin geniş müsahibəsini təqdim edir:

(İKİNCİ HİSSƏ)

Dünyaya səs salan 26 iyun Hərbi Paradı və 15 sentyabr Paradı…

-Ziyad müəllim, 2018-ci ilin iyunun 26-da və sentyabrın 15-də keçirilən və dünyaya səs salan, Zəfərimizi, Qələbəmizi mənəvi cəhətdən yaxınlşadıran, zənginləşdirən paradlarla da bağlı fikirlərinizi bilmək maraqlı olardı. Bu paradlarla nələrin mesajı verildi, nələrə nail olundu?

-Bəli, qeyd etdiyiniz kimi,  2018-ci ilin 26 iyun tarixində Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə bağlı Bakı şəhərində, Azadlıq meydanında  dünyaya səs salan Hərbi Parad keçirildi. Bir daha Azərbaycan Ordusunun gücü, qüdrəti, döyüş hazırlığı, döyüş qabiliyyəti, ən müasir silahlara, texnikalara yiyələnməsi dünyaya nümayiş olundu, düşmənə gözdağı verildi. Ali Baş Komandan Hərbi Parad zamanı tarixi nitq söyləyərək, bir daha düşmənə və onun havadarlarına qəti xəbərdarlığını bildirdi, Azərbaycanın işğalla barışmadığını və barışmayacağını, Qarabağın işğalının heç də uzaq olmadığını bəyan etdi.

Çıxışında “Azərbaycan getdikcə güclənəcək. Biz inkişaf yolundayıq. Bizim qarşımızda bütün yollar açıqdır, üfüqlər aydındır. Bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcək. Ermənistan bizimlə heç cür rəqabət apara bilmir və bilməyəcək. Tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir, hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir”-deyən Ali Baş Komandan bir daha bildirdi ki, Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır.

Ali Baş Komandan daha sonra dedi:

“2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.

Bəli, 2018-ci ilin 26 iyun tarixli Hərbi Paradı Azərbaycanın növbəti dəfə əzminin, iradəsinin, Qarabağsız yaşaya bilməyəcəyinin nümayişi, mesajı oldu. 26 iyun Hərbi Paraddından təxminən 3 ay sonra, 2018-ci ilin sentyabrın 15-də isə Nuru Paşanın başçılığı ilə Qafqaz-İslam Ordusu tərəfindən Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş növbəti təntənəli tədbir, Parad təşkil edildi.

Paradda tarixi və parlaq çıxışında “Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb, yaradıb. Mənfur qonşular 1990-cı illərin əvvəllərində Azərbaycandakı qeyri-sabit vəziyyətdən istifadə edərək torpaqlarımızın bir hissəsini işğal edib. İşğal edilmiş torpaqlarda bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən vəhşicəsində məhv edilib. Xalqımıza qarşı soyqırımı törədilib və bu işğal bu gün də davam edir. Ona görə güclü ordu Azərbaycanın gələcəkdə müstəqil ölkə kimi yaşaması, ərazi bütövlüyünün bərpası üçün əsas şərtdir. Azərbaycan Ordusu döyüş meydanında öz gücünü, məharətini göstərmişdir”-deyən, dünyaya səslənən Azərbaycan Prezidenti bir daha altını cızaraq dedi ki, gün gələcək Azərbaycanın dövlət bayrağı işğal altında olan bütün torpaqlarda qaldırılacaq

“Bu gün Azadlıq meydanına döyüşlərdə olmuş Azərbaycan bayraqları gətiriləcək. O bayraqlar ki, 2016-cı ildə Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında Azərbaycan əsgəri tərəfindən qaldırılmışdır. O bayraqlar ki, bu ilin may ayında Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində uğurlu əməliyyat nəticəsində işğaldan azad edilmiş torpaqlarda qaldırılmışdır. Gün gələcək Azərbaycanın dövlət bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır”-deyən Azərbaycan Prezidenti eyni zamanda bəyan etdi ki, bu gün, 15 sentyabr sözün əsl mənasında, tarixi bir gündür, Türkiyə-Azərbaycan birliyi, Türkiyə-Azərbaycan qardaşlığı günüdür.

Sitat: “Biz bu nəslin nümayəndələri bu günü yaşadırıq, yaşadacağıq. Bu gün bütün dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir, bütün dünya görür ki, bizim sarsılmaz dostluğumuz, qardaşlığımız əbədidir”.

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə olaraq  Qarabağ probleminin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik…”

Bəli, növbəti birlik, bərabərlik, qardaşlıq və dostluq mesaj verilmiş oldu. Bu yerdə mütləq şəkildə qeyd etmək, xatırlatmaq lazımdır ki, həmin tarixi gündə, 2018-ci il 15 sentyabr Paradında da Türkiyə dövləti və cənab Ərdoğan başda olmaqla, Türkiyə siyasi-hərbi elitası Azərbaycanı tək, yalnız buraxmadı. Hərbi Paradda iştirak edən Türkiyə Prezidenti tarixi çıxış edərək, bir daha iki ölkənin “iki dövlət-bir millət” olduğunun, onların birlik və bərabərliyinin mesajını dünyaya duyurmuş oldu.

 O, dedi:

“…Qafqaz İslam Ordusunun və Azərbaycan Ordusunun 1918-ci ildə burada həyata keçirdikləri əməliyyatlar o dövrdə Azərbaycanın ərazi bütövlüyünü təmin edərək bugünkü müstəqilliyinin təməlini qoyub. Azərbaycanın 1991-ci ildə müstəqilliyini yenidən bərpa etməsindən sonra onu ilk tanıyan ölkənin Türkiyə Respublikası olması heç də təsadüfi deyil. Bu, qan qardaşlığımızın təbii nəticəsidir. Türkiyə olaraq müstəqilliyinin ilk dövrlərindən başlayaraq Azərbaycana əlimizdən gələn hər cür dəstəyi göstərdik və göstərməyə davam edəcəyik. Bu gün Türkiyə Azərbaycanın sadəcə siyasi və hərbi deyil, eyni zamanda, ticarət, iqtisadiyyat, mədəniyyət və digər bütün sahələrdə ən mühüm tərəfdaşıdır. Müstəqilliyini bərpa etdikdən bəri Türkiyədə təhsil almış azərbaycanlıların sayı 125 mindən çoxdur. Hazırda 15 mindən çox azərbaycanlı tələbə Türkiyə universitetlərində təhsil alır. Əsgərlərimiz birgə təlimlər keçir, Əfqanıstan kimi dünyanın müxtəlif bölgələrində birlikdə fəaliyyət göstərirlər. Şübhəsiz ki, bu uğurlarda ümummilli lider Heydər Əliyevin nümayiş etdirdiyi dəyanətli liderliklə yanaşı, əziz qardaşım İlham Əliyevin səylərinin çox böyük bir payı vardır…”

Daha sonra “Azərbaycanın sevinci, bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir”-deyən Türkiyə Prezidenti bəyan etdi ki, Azərbaycan kədərlənərsə biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi Türkiyə dövləti və xalqı üçün də eyni dərəcədə ağrılı problemdir.

“Türkiyə olaraq problemin həlli üçün Azərbaycanın göstərdiyi səyləri sonadək dəstəkləməyə davam edəcəyik. İllərdir vətən həsrəti ilə ömür sürən bir milyondan çox qardaşımızın intizarına artıq son qoymaq vaxtıdır. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir. Türkiyənin bu məsələdə mövqeyi məlumdur, aydındır, dəqiqdir. Əvvəla, bu məsələdə addım atmalı olan tərəf işğalçılardır, bir milyon qardaşımızın qəlbini doğma vətən həsrəti ilə yandıranlardır. Əlbəttə, biz bütün qonşularımızla yaxşı əlaqələr qurmağı və davam etdirməyi arzu edirik. Amma Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir. Bundan 26 il əvvəl Xocalıda, Dağlıq Qarabağda törədilmiş qətliamlara görə məsuliyyət daşıyanların, qatilləri qəhrəman elan edənlərin bizə verə biləcəyi heç bir tarixi dərs yoxdur. Türkiyə əsgərləri bu gün burada Azərbaycan əsgərləri ilə çiyin-çiyinə bundan 100 il əvvəl birlikdə qazanılan böyük qələbənin ildönümünü qeyd edirlər. Bu bayram gələcək nəsillərə ötürəcəyimiz ən böyük ərməğandır”-deyə, bəyan edən qardaş dövlətin Lideri birmənalı şəkildə qeyd etdi ki, bir əsr əvvəl bu torpaqlarda minlərlə şəhidimizin qanı ilə yazılan dastanın unudulmasına və unutdurulmasına qətiyyən imkan verməyəcəyik.

Bəli, qandan, candan, ruhdan, kökdən, keçmişdən gələn bir sevgi, bir bağlılıq, bir həmrəylik…15 sentyabr Paradı bir daha bunun əyani nümayiş oldu. Dostlar sevindi, düşmənlər isə kədərə qərq oldu.

Koçaryandan, Sarkisyandan geri qalmayan Paşinyan və ya Ermənistanın daha iriçaplı ifşa dönəmi…

-Ziyad müəllim, 2016-cı ilin uğurlu Aprel əməliyyatlarından başlanan Zəfər yolu, uğurumuz həmçinin, Ermənistan üzərində ardıcıl mənəvi-siyasi-diplomatik qələbələrlə daha qüvvətləndirildi, zənginləşdirildi. Valdayda, Aşqabadda, Münxendə keçirilən sammitlərdə Ermənistan zərbə dalınca zərbə aldı…Mümkün olsa, bu barədə də fikirlərinizi oxucularla bölüşərdiniz.

-Bilirsiniz, çox təəssüglər olsun ki, düşmən, inqilab, çevriliş yolu ilə və böyük vədlərlə hakimiyyətə gələn Paşinyan hakimiyyəti də əvvəlki iqtidarlardan, cinayətkar Koçaryan və Sarkisyandan fəqlənmədi, əksinə, onları öz avantürası və sərsəm bəyanatları ilə geridə qoydu, Qarabağ münaqişəsinin həllində konstruktivlik nümayiş etdirilməyəcəyini bir daha nümayiş etdirmiş oldu. Nəticədə də Ermənistanın siyasi-diplomatik müstəvilərdə məğlubiyyətləri, uğursuzluqları, erməni yalanlarının ifşası ard-arda düzüldü. Azərbaycan dövləti, Azərbaycan Prezidenti Ordu quruculuğunu gücləndirməklə, hərbiyə ayrılan vəsaiti artırmaqla yanaşı, siyasi-diplomatik müstəvilərdə də tam hücum mövqeyi sərgilədi, hər gün Ermənistanın ifşasını gerçəkləşdirdi, sürətləndirdi.

Valday, Aşqabad, Mühxen fiaskosu…

Ermənistana növbəti və ən böyük diplomatik zərbələrdən biri Rusiyanın Soçi şəhərində keçirilən nüfuzlu Valday Diskussiya Klubunun növbəti sammiti-konfransı zamanı vuruldu. Yeri gəlmişkən, elə bu yerdə xatırladım ki, “Valday” Beynəlxalq Diskussiya Klubu 2004-cü ildə yaradılmışdır. Klubun ilk konfransı Rusiyanın Veliki Novqorod şəhərində, Valday gölünün sahilində keçirilmişdir. Elə klub adını da buradan götürmüşdür. Ötən illər ərzində dünyanın aparıcı ekspertlərinin görüş yerinə çevrilən klub tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer vermişdir. İndiyədək klubun işində 70-dən çox ölkədən dünya elmi birliyini təmsil edən 1000-dən çox nümayəndə, həmçinin dövlət və hökumət başçıları iştirak etmişdir. Onu da bildirək ki, digər ölkələrin rəhbərləri bu tədbirlərə məhdud sayda dəvət olunurlar…Bəli, qeyd etdiyimiz kimi, Valday konfransı Ermənistanın, Paşinyan hakimiyyətinin növbəti fiaskosuna çevrildi. Belə ki, təxribatçı və fitnəkar çıxışı zamanı “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyanın cavabı dərhal, elə yerindəcə və daha sarsıdıcı şəkildə verildi. Azərbaycan Prezidenti çıxışında Ermənistanı işğalçılıq siyasətini hər mənada ifşa edərək “Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək, həm Ermənistanı, həm havadarlarını, həm də Paşinyanı seytnot vəziyyətinə saldı.

Sitat:

“Deməliyəm ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü bu gün də davam edir. Dünən erməni snayperi tərəfindən dinc sakin, münaqişə zonasından uzaqda, Ermənistanın Azərbaycanla sərhədində yerləşən Qazax rayonunun sakini qətlə yetirilib. Həmçinin deməliyəm ki, 2016-cı ilin aprelində hərbi təxribat zamanı altı dinc sakin, o cümlədən balaca qız qətlə yetirilib. Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Qeyd etdiyimiz kimi, Azərbaycan Prezidenti bu tarixi nitqi ilə Ermənistana elə bir siyasi-mənəvi-diplomatik zərbə vurdu ki, Ermənistan və onun bədnam rəhbərliyi uzun müddət özünə gələ bilmədi, özünə gələ bilməsi bir yana qalsın, uğursuzluqlarının, ifşalarının sayı-hesabı olmadı. Belə ki, Ermənistana, avantürist Paşinyana növbəti sarsıdıcı zərbə Valday konfrasından bir müddət sonra Türkmənistanın paytaxtı Aşqabad şəhərində gerçəkləşdirilən MDB dövlət başçılarının növbəti sammitini vuruldu. Yenə də Ermənistan baş nazirinin avantürist çıxışı cavabsız qoyulmadı və Paşinyanın timsalında Ermənistan daha sərt, daha işfaedici şəkildə cavabını aldı. Azərbaycan Prezidenti qanlı Nijdeyə abidə ucaldan Ermənistanı faşizmədə günahlandıraraq, dedi:

“…Mən, sadəcə, şərh verməyə məcburam. Belə ki, Ermənistanın baş nazirinin çıxışında söhbət məndən gedib. Halbuki mənim çıxışımda söhbət Ermənistanın baş nazirindən, xüsusən də erməni xalqından getməyib. Hesab edirəm ki, Sovet İttifaqının digər xalqları kimi, bizim ümumi qələbəmizə böyük töhfə verən erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir. Əgər baş nazir mənim çıxışıma diqqətlə qulaq asıbsa, onda yəqin ki, o da bunu tutub. Həmçinin hesab edirəm ki, nasist əlaltıları və cinayətkarları ilə QULAQ-ın və digər düşərgələrin repressiyaya məruz qalmış dustaqlarını müqayisə etmək qətiyyən yolverilməzdir. Mən öz çıxışımı təsadüfən sitatlarla möhkəmləndirmədim. Onları kitabxanada, internetdə tapmaq olar. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 2019-cu ilin may sitatında və Rusiyanın Müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrin sitatında kifayət qədər aydın deyilir ki, o, necə bir “xadim” olub. Həmçinin nə qədər iyrənc olsa da, onun sitatını mən bir daha təkrar edəcəyəm: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu, Böyük Vətən müharibəsi illərində deyilib. Buna görə də hesab edirəm ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir. Mənim dövlət başçılarına hörmətsizlik göstərdiyimə gəlincə, düşünürəm ki, bizim iclasımız, yəqin ki, bundan daha absurd tezis eşitməyib…”.

Bəli, Azərbaycan Prezidenti necə deyərlər, növbəti sərrast həmləsi ilə Ermənistana, Paşinyan hakimiyyətinə bir daha siyasi-diplomatik zərbəsini vurdu, onun bütün yalanlarını ortaya tökdü, işfa etdi.Bütün dünya Ermənistanın faşist dövləti olması gerçəkliyi və faktı ilə üz-üzə qaldı. Ancaq ifşa prosesi, sarsıdıcı siyasi-diplomatik zərbələr bununla da bitmədi. Ermənistana növbəti sarsıdıcı zərbə 2020-ci ilin fevralında, 56-cı Münxen Təhlükəsizlik Konfransı zamanı vuruldu.

Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin debatı zamanı sərrast və arqumentli cavabları ilə dövlət başçısı cənab İlham Əliyev Erməmistanı və onun yeni rəhbərini tam mənasında susdurdu, yerində  oturtdu,  bir daha Qarabağ Azərbaycana aid olduğunu dünyaya nümayiş etdirdi. Ermənistan və onun rəhbərliyi növbəti siyasi-diplomatik fiaskosunu yaşadı.

(Davamı olacaq)

Kamil HƏMİDOV,

Etikxeber.az

Read Previous

“Şəhid qardaşıma məktub” layihəsinə-START VERİLDİ…

Read Next

“Onlar eyforiyaya uğrayaraq öz ordularının “məğlubedilməz” olduğunu düşünür və iddia edirdilər ki, əgər müharibə başlasa, guya hərbi texnikaları Bakıya qədər gələcək…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir