“Bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizi möhkəmləndirmək əzmindəyik və əminəm ki, səfəriniz ölkələrimizin və xalqlarımızın yaxınlaşmasında növbəti mühüm addım olacaq”-AZƏRBAYCAN PREZİDENTİ – FOTOLAR – YENİLƏNİB – (6)

Azərbaycan Respublikasında dövlət səfərində olan Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 19-da rəsmi qarşılanma mərasimi olub.

Etikxeber.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Rusiya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putini qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Rusiya Prezidentinə raport verdi.

Rusiya Federasiyasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər birgə foto çəkdirdilər.

***

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə məhdud tərkibdə görüşü keçirilib.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

– Hörmətli Vladimir Vladimiroviç, Sizi Azərbaycanda bir daha səmimi-qəlbdən salamlayıram. Xoş gəlmisiniz. Görüşlərimiz müntəzəm xarakter daşıyır. Bu il artıq iki dəfə görüşmüşük. Bu gün dövlət səfəri çərçivəsində təmaslarımızı davam etdiririk. Mahiyyət etibarilə artıq müzakirələrə dünəndən başlamışıq. Həm ikitərəfli gündəlik, həm də regional təhlükəsizlik ilə bağlı mühüm məsələlər üzrə geniş fikir mübadiləsi apardıq. Bu gün məhdud formatda və geniş formatda da davam edəcəyik.

Qeyd etmək istərdim ki, ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq. 2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər görürük. Əlbəttə, həm energetika, həm nəqliyyat sahələrində əməkdaşlıq edirik, humanitar əlaqələrə, həmçinin bir çox digər sahələrə xüsusi diqqət yetiririk. Ona görə də bu gün gündəlikdə duran məsələləri bir daha müzakirə edəcəyik. Əminəm ki, səfər həm Sizin üçün xoş, həm də münasibətlərimiz baxımından faydalı olacaq.

Bir daha xoş gəlmisiniz.

Sonra çıxış edən Prezident Vladimir Putin dedi:

-Hörmətli İlham Heydər oğlu, çox sağ olun.

İlk növbədə, dəvətə görə sağ olun. Biz Sizinlə bu səfəri çoxdan razılaşdırmışdıq və Bakıda olmağıma, bu şəhərin gözəlliyinə bir daha tamaşa etməyimə çox şadam. Əmin oldum ki, Siz və xanımınız onun inkişafına böyük diqqət yetirirsiniz. Bu, göz qabağındadır. Şəhər inkişaf edir, uğurla inkişaf edir, sözsüz ki, regionun oazisinə çevrilir.

Münasibətlərimiz hələ 2022-ci ilin əvvəlində Sizinlə imzaladığımız Bəyannamə əsasında inkişaf edir, uğurla yerinə yetirilir. Bu ilin aprelində Sizin Moskvaya səfəriniz zamanı ikitərəfli münasibətlərimizin inkişafına yaxşı təkan verilib.

İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir. Rusiyada keçirilən əvvəlki görüşümüzdə Siz mənə demişdiniz və Sizinlə razıyam ki, 4 milyard dollardan bir az çox yaxşı rəqəmdir. Bu, yaxşı rəqəmdir, amma bizim imkanlarımızın potensialını əks etdirmir. Həqiqətən, burada yalnız energetika, sənaye kooperasiyası, nəqliyyat, logistika, yüngül sənayedən danışmaq olmaz. Bizim birgə fəaliyyətimizin istiqamətləri çoxdur.

Azərbaycan iqtisadiyyatına qoyulan dörd milyarddan artıq birbaşa investisiyalar da pis göstərici deyil. Azərbaycanda Rusiya kapitalı ilə 1270-dən çox müəssisə fəaliyyət göstərir, sözsüz ki, bu da son hədd deyil.

Humanitar əlaqələrə gəldikdə, biz onlara çox böyük əhəmiyyət veririk və rus dilinin inkişafına göstərdiyiniz diqqətə görə Sizə minnətdarıq. Azərbaycanda rus dilində 300 məktəb, bizim aparıcı ali təhsil müəssisələrinin filialları fəaliyyət göstərir. Minlərlə azərbaycanlı gənc Rusiya Federasiyasının aparıcı universitetlərində təhsil alır və biz bu qarşılıqlı fəaliyyəti genişləndirməyə hazırıq.

Hökumətlərarası komissiya işləyir. Elə bu yaxınlarda – gərək ki, 10 gün əvvəl burada, Bakıda hökumətlərarası komissiyanın növbəti iclası keçirildi. O, uğurla fəaliyyət göstərir.

Yeri gəlmişkən, bilirəm ki, bu ilin iyununda Azərbaycanda Rusiya Mədəniyyəti günləri keçirilib. Bu tədbirin təşkilinə görə Sizə minnətdaram.

Əlbəttə, dünən Sizinlə bu mövzuya toxunduq və bu gün davam etdirəcəyik. Məsələ Cənubi Qafqazda vəziyyətin nizamlanmasına aiddir.

Aydındır və hamıya yaxşı məlumdur ki, Rusiya, o cümlədən Ukrayna istiqamətində böhranlarla üzləşir, amma Rusiyanın Cənubi Qafqazda vəziyyətdə tarixi iştirakı son bir neçə ildə bizə bu hadisələrə cəlb olunmağın vacibliyini diktə edir, əlbəttə, tərəflərin lazım bildiyi hissədə.

Əgər biz Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün nəsə edə biləriksə, vəziyyəti delimitasiya, sərhədlərin demarkasiyasına gətirib çıxararıqsa, Sizinlə dəfələrlə qeyd etdiyimiz kimi, müvafiq logistika istiqamətlərinin və ya iqtisadiyyatın qarşısında maneələri aradan qaldırarıqsa, buna çox şad olardıq.

Əlbəttə, Azərbaycana səfərdən sonra baş nazir Paşinyanla əlaqə saxlayacağam və ona danışıqlarımızın nəticələrindən bəhs edəcəyəm.

Bilirəm ki, Azərbaycan tam nizamlanma ilə bağlı bütün prosedurların başa çatmasına istiqamətlənib, bu, mənə yaxşı məlumdur. Bu barədə danışacağıq.

Yekunda dəvətə görə Sizə bir daha təşəkkür etmək istəyirəm. Əminəm ki, bu, çox faydalı diskussiya olacaq və görürəm ki, şəhərdə vəziyyət də çox əlverişlidir. Biz Bakını sevirik. Şəhər gözəldir və ən başlıcası, bir çox başqa böyük yaşayış məntəqələrinin qibtə edəcəyi səviyyədə inkişaf edir.

Prezident İlham Əliyev: Çox sağ olun.

***

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər.

***

Avqustun 19-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə mübadiləsi mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dövlət başçılarının Birgə Bəyanatını qəbul etdilər.

“Azərbaycan Respublikasının ixracın və investisiyaların təşviqi Agentliyi – AZPROMO ilə “Rusiya Birbaşa İnvestisiyalar Fondunun idarəedici şirkəti” Səhmdar Cəmiyyəti arasında Anlaşma Memorandumu”nu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun baş direktoru Kirill Dmitriyev mübadilə etdilər.

“Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında iqlim dəyişmələri və aşağı karbonlu inkişaf üzrə Anlaşma Memorandumu”nu Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Federal Əmək və Məşğulluq Xidməti (Rusiya Federasiyası) arasında əməyin təftişi məsələləri üzrə qarşılıqlı anlaşma və əməkdaşlıq Memorandumu”nu Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rusiya Federasiyasının Əmək və Məşğulluq Federal Xidmətinin rəhbəri Mixail İvankov mübadilə etdilər.

“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rusiya Federasiyası İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidmətinin rəhbəri Anna Popova mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin rəhbəri Sergey Dankvert mübadilə etdilər.

“Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibbi təhsil və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev və Rusiya Federasiyasının səhiyyə naziri Mixail Muraşko mübadilə etdilər.

***

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Bakı Ağ Şəhər”də olublar.

***

Avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə geniş tərkibdə görüşü olub.

Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

-Hörmətli Vladimir Vladimiroviç. Hörmətli nümayəndə heyətlərinin üzvləri. Sizi Azərbaycanda bir daha səmimi-qəlbdən salamlayıram.

Dünən və bu gün artıq ikitərəfli gündəliyi nəzərdən keçirdik. Qarşılıqlı fəaliyyətimizin çox mühüm məsələlərini müzakirə etdik və indi işimizi geniş tərkibdə davam etdiririk.

İlk növbədə, Sizi bir daha salamlamaq istərdim. Siz birinci dəfə deyil ki, Azərbaycana gəlirsiniz, amma ilk dəfədir dövlət səfəri edirsiniz və bu səfər ikitərəfli münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malikdir.

Bu gün Sizinlə artıq fikir mübadiləsi apardıq, dost, qonşu və müttəfiq olan ölkələrimiz arasında münasibətlərin inkişafından məmnunluq ifadə etdik. Bütün istiqamətlər üzrə müsbət dinamika görürük. Nümayəndə heyətlərimizin tərkibi də bunu çox əyani şəkildə göstərir. Bu, çox mətləblərdən xəbər verir. Yəni, qarşılıqlı fəaliyyətin müzakirəsi üçün mövzular çoxdur və qarşılıqlı fəaliyyətimizin əhatə dairəsi ildən-ilə genişlənir.

Biz bütün istiqamətlər üzrə qarşılıqlı fəaliyyətimizi möhkəmləndirmək əzmindəyik və əminəm ki, Sizin səfəriniz ölkələrimizin və xalqlarımızın yaxınlaşmasında növbəti mühüm addım olacaq.

Bir daha xoş gəlmisiniz.

Prezident Vladimir Putin çıxış edərək dedi:

-Dəvətə görə çox sağ olun İlham Heydər oğlu. Siz də artıq qeyd etdiyiniz kimi, bizim hər iki tərəfdən geniş nümayəndə heyətimiz var. Rusiya Federasiyası Hökuməti demək olar ki, tam heyətdə buradadır.

Artıq Sizinlə qeyd etdik və xatırladıq ki, bu yaxınlarda, on gün əvvəl hökumətlərarası komissiyanın iclasında münasibətlərimizin inkişaf etdiyi bildirildi – təkcə bildirilmədi, həm də qeyd edildi ki, biz 2022-ci ilin müvafiq Bəyannaməsində təsbit olunmuş və Sizin cari ilin aprelində səfəriniz zamanı əldə olunmuş razılaşmaları tam həcmdə yerinə yetiririk.

Belə geniş tərkibdə iş bizə ən yaxın perspektivdə gələcəyə yönəlmiş addımları müəyyən etməyə imkan verir. Hərçənd, əvvəlki görüşümüz “məhdud tərkibdə” adlansa da tamamilə prioritet xarakterli bir sıra məsələlər tam nəzərdən keçirildi.

Biz hələ müvafiq sənədləri imzalamalıyıq, həmkarlar isə dünən axşam, bizim də Sizinlə etdiyimiz kimi, qeyri-rəsmi şəraitdə, bu gün isə artıq gün ərzində öz aralarında ünsiyyət qurmaq və ən yaxın perspektiv üçün addımları müəyyənləşdirmək imkanı əldə etdilər.

Beləliklə, Sizə təşəkkürümü bildirirəm. Yəqin ki, hökumətlərarası komissiyanın rəhbərlərinə söz vermək olar.

Prezident İlham Əliyev: Sağ olun.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin avqustun 19-da Bakıda Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar.

***

Avqustun 19-da Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin şərəfinə dövlət ziyafəti verilib.

Ziyafətdə Azərbaycanın və Rusiyanın musiqi əsərlərindən ibarət konsert proqramı təqdim olunub.

Etikxeber.az

Read Previous

Tanınmış telejurnalist dövlət başçısına müraciət etdi: “TƏK ÖVLADIMIN TƏHSİLİNİ DAVAM ETDİRMƏSİ ÜÇÜN DƏSTƏYİNİZƏ EHTİYACIM VAR”

Read Next

Putinin Azərbaycana dövlət səfəri-BAŞA ÇATDI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir