Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Xarici işlər naziri Elmar Məmmədyarov Malta Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin baş naziri Cozef Muskat ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, görüşdə Cozef Muskat ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edib. O, Maltanın Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib, bu səfərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin əhəmiyyətinə toxunan Cozef Muskat Aİ-nin yüksək səviyyəli rəsmiləri tərəfindən bu münasibətlərin strateji tərəfdaşlıq kimi qiymətləndirilməsini alqışladığını deyib. Baş nazir Aİ-yə hazırda sədrlik edən dövlət qismində Maltanın Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasını dəstəklədiyini və sazişin razılaşdırılmasına töhfə verməyə hazır olduğunu diqqətə çatdırıb.
E. Məmmədyarov iki ölkə arasında əlaqələrin son illərdə dinamik şəkildə inkişaf etdiyini və həyata keçirilmiş yüksək səviyyəli səfərlərin əlaqələrin inkişafına münbit zəmin yaratdığını bildirib. Nazir bu xüsusda iqtisadi və enerji sahəsində əməkdaşlığın inkişafında əldə olunan müsbət nəticələri qeyd edib.
Maltaya rəsmi səfərin bu ölkənin Aİ-yə sədrliyi dövrünə təsadüf etdiyini deyən Elmar Məmmədyarov Aİ-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri, Aİ ilə tərəfdaşlığa dair yeni saziş layihəsi üzrə aparılan danışıqlar barədə ətraflı məlumat verib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan nazir Aİ-nin dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyinin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğulayıb.
Görüşdə əlaqələrin müxtəlif sahələrdə inkişafı, transmilli enerji və nəqliyyat layihələri və habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Etikxeber.az