Buynuz qişasının gətirilməsi pərakəndə ola bilməz – AKADEMİK

“Biz gözün buynuz qişasını kimin gətirməsi barədə qanun qəbul edə bilmərik”

Milli Məclisin (MM) Səhiyyə komitəsinin martın 30-dakı iclasında Azərbaycana gözün buynuz qişasının gətirilməsi ilə bağlı xüsusi prosedur tətbiq edilməsi təklif edilib.

Etikxeber.az-ın məlumatına görə, iclasda çıxış edən Səhiyyə Nazirliyi Milli Oftalmologiya Mərkəzinin direktoru, respublikanın baş oftalmoloqu Elmar Qasımov deyib ki, Azərbaycanda gözün buynuz qişası ilə bağlı əməliyyat aparmaq üçün xarici klinikalarda təcrübə keçmiş 5 həkim var və həmin həkimlər Oftalmologiya Mərkəzində çalışır. E. Qasımov hazırda özəl klinikalarda belə əməliyyatların aparılmasını məqbul saymayıb:

“Gözün buynuz qişasının məhz həmin həkimlərin adına gətirilməsinə icazə verilməsi yaxşı olardı. Həmin həkimlər yox, yəqin ki, onların adına xaricdən bu toxumaları bir təşkilat gətirəcək. Bu, dövlət vəsaiti hesabına alınacaq toxuma olacaq ”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə qeyd edib ki, buynuz qişasının gətirilməsi pərakəndə ola bilməz:

“Səhiyyə Nazirliyi buna nəzarət edəcək. Biz gözün buynuz qişasını kimin gətirməsi barədə qanun qəbul edə bilmərik. Digər tərəfdən, özəl klinikaların bu sahədə təcrübəsi olan həkimlər varsa, həmin həkimlərə də gözün buynuz qişası gətirilməsinə icazə verilə bilər. Bu məsələni parlament yox, qanunun qəbulundan sonra müvafiq icra hakimiyyəti orqanı, yəni,  Səhiyyə Nazirliyi tənzimləyəcək”.

Millət vəkili Qənirə Paşayeva ölkədə orqan transplantasiyası, meyitdən orqanların götürülməsi sahəsində problemlərə toxunub və bu problemlərin həlli üçün işçi qrup yaradılmasını təklif edib.

Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev hazırda Azərbaycanda gözün buynuz qişası ilə bağlı 3 minə qədər xəstənin əməliyyat gözlədiyini nəzərə çatdırıb:

“Özəl klinikalarda şərait olarsa, gələcəkdə onlar da bu əməliyyatı həyata keçirə bilərlər”.

Etikxeber.az

Read Previous

Azərbaycana gözün buynuz qişasının idxalına icazə veriləcək

Read Next

Qəbələnin icra başçısının müavininin arvadı özünü asdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir