Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Dünən-31 oktyabr 2023-cü il tarixində, axşam saatlarında cəmi bir neçə ayın içində üç övladından ikisini itirmiş Şəhid ailəsini-Göyçay rayonunun Bığır kəndindən olan Qüdrət Bəhruz oğlu Əzizovun ailəsini, ocağını ziyarət etdik…
Ziyarətdə Bakıdan olan Şəhid anaları, o cümlədən hər zaman Şəhid ailələrinin yanında olan “Nur ” mərasim evinin rəhbəri Ülvi Quliyev, “Odlar Yurdu” qrupunun üzvü Azər Hüseynov, onun dostu Hünər bəy və tanınmış bəstəkar Ruslan Səfəroğlu iştirak edirdi…
Ziyarət zamanı Şəhidimizin ailəsinə, valideynlərinə-anası Şəlalə xanıma, atası Qüdrət Əzizova və tək qardaşına Allahdan səbr və dözüm dilədik…
“Şəhidimizin ruhu şad olsun! Ruhu qarşısında baş əyirik!”-dedik…
Təxminən bir saata yaxın çəkən ziyarətimiz zamanı Şəhidimizin valideynləri ilə söhbətləşdik, dərdləşdik…
Az da olsa, onlara təsəlli verməyə, onları ovundurmağa, mənəvi dəstək olmağa, acılarını xəfiflətməyə çalışdıq…
Qeyd edək ki,Qüdrət Əzizov 1997-ci ilin iyun ayının 19-da Bığır kəndində sadə bir ailədə dünyaya gəlib.
Ailənin üç övladından, iki qardaşdan biri və evin böyük oğlu olub.
Orta məktəbi bitirdikdən sonra, 2015-2016-cı illərdə hərbi xidmətdə olub, Beyləqan istiqamətində “N” saylı hərbi hissəsə qulluq edib.
Əsgərliyini başa vurduqdan sonra-evinə dönüb, fəhləliklə məşğul olub.
İkinci Vətən Müharibəsi zamanı isə səfərbərliyə cəlb olunub, sentyabrın 29-dan noyabrın 7-cən uzun şərəfli döyüş yolu keçib.
Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Şuşa istiqamətlərində döyüşüb və noyabrın 7-də Şuşada qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Ancaq Şəhidliyi xəbəri ailəsinə noyabrın 10-da, müharibə başa çatan gün verilib və elə həmin gün nəşi gətirilərək, Bığır kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən sonra 5 medalla təltif olunub.
Onu da qeyd edək ki, Əzizovlar ailəsi cəmi 5 ayın iki itki, iki faciə yaşayıb, Qüdrətin Şəhidliyindən sonra, 2021-ci ilin aprelində isə subay və xərçəng xəstəliyindən əziyyət çəkən bacısı Ayna cəmi 19 yaşında dünyasını dəyişib.
Qüdrət həm də nişanlı olub.
Şəhidliyindən iki il sonra, onunla eyni ayda, iyunun 3-də tək qardaşının övladı dünyaya gəlib və ona Qüdrətin adı verilib.
***
FOTOLAR:










Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





