Cənab Emin Əmrullayev, Şəhidlərimizin diplomları-NƏ VAXT AİLƏLƏRİNƏ TƏHVİL VERİLƏCƏK, TƏQDİM EDİLƏCƏK? HAÇAN, NƏ ZAMAN?

32 illik qanlı Qarabağ savaşına, torpaqlarımızın işğalına son qoyulmasından bir il üç aya yaxın vaxt keçir…

Cəmi 44 günlük İkinci Vətən Müharibəsi ilə Qarabağ münaqişəsi başa çatdırıldı, geridə qaldı, tarixi Qələbə və Zəfər edildi…

Tarixi Qələbə və Zəfərimizin əsas, baş qəhrəmanları isə İgidlik, Qəhrəmanlıq Dastanı yazan gənclərimiz oldu…

Məhz onların sayəsində, onların qanları, canları hesabına Azərbaycan dövləti Qalib dövlətə, Azərbaycan xalqı Qalib xalqa çevrildi…

Ölkə Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyev də bugünlərdə gənclərlə görüşündə bir daha tarixi Qələbə və Zəfərimizdə gənclərin mühüm rol oynadığını dilə gətirdi…

O, çıxışında “Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar…”-deyə, bəyan etdi…

Bununla bir daha gənclərə, Azərbaycan gəncliyinə, Şəhid balalarımızın ruhuna hörmət və ehtiramını nümayiş etdirdi…

Amma və lakin…

Çox təəssüflər olsun ki, İkinci Vətən Müharibəsinin başa çatmasının, əksər Şəhidlərimizin Əbədiyyətə uğurlanmalarının bir ilinin tamam olmasına baxmayaraq, Şəhidlərimizlə, xüsusilə ali təhsilli Şəhidlərimizlə bağlı problemlər hələ də həll olunmamış qalır…

Daha doğrusu, BDU-nu, Texniki Universiteti, digər ali təhsil ocaqlarını və kollecləri bitirmiş Şəhidlərimizin diplomları hələ də onların ailələrinə təhvil verilməyib, təqdim edilməyib…

Konkret olaraq, BDU-nun tələbələri olmuş Manaf Bəhmənli və Tərxan Qurbanov, Texniki Universitetin tələbəsi olmuş Cəmil Məmmədli, kollec bitirmiş Miqdad Adbuləlimov və digər Şəhidlərimizin diplomları ötən müddət ərzində ailələrinə təhvil verilməyib, az da olsa, dərdli, yaralı, yanan qəlblərinin üstünə su səpilməyib…

Düzdür, Texniki Universitet tərəfindən Cəmil Məmmədlinin ailəsinə fəxri diplom verilib, amma adından da göründüyü kimi, bu, əsl diplom deyil, sadəcə, fəxri diplomdur…

Və Şəhidimizin ailəsi, o cümlədən adlarını çəkdiyim və çəkmədiyim digər Şəhidlərimizin, Nur üzlülərimizin ailələri həm sözügedən ali təhsil ocaqlarından, həm də bu məsələ ilə birbaşa məşğul olan Təhsil Nazirliyindən, onun rəhbərliyindən övladlarının halal Haqqı olan diplomlarının onlara təhvil verilməsini, təqdim edilməsini istəyirlər…

Ötən müddətdə də daşdan səs çıxır, ancaq nə həmin ali məktəblərdən, nə də Təhsil Nazirliyindən səs çıxır…

Dəfələrlə yazılmasına, müraciətlər edilməsinə baxmayaraq, heç bir real və konkret addım atılmır və beləliklə, ailələr incik salınır, üzülməkdə davam edirlər…

Sadəcə, ali təhsil ocaqları hər dəfə məsələnin həllinin onlardan asılı olmadığını, Təhsil Nazirliyinin səlahiyyətində olduğunu vurğulamaqla kifayətlənirlər…

Ancaq Şəhid ailələri onlar üçün mənəvi təsəlli olacaq övladlarının diplomlarının onlara təhvil veriləcəyi, təqdim olunacağı günü həsrətlə və səbrsizliklə gözləyirlər…

Və hər dəfə Şəhid ailələri ilə görüşəndə onların kədərli gözlərindən bu sual oxunur: Övladlarımızın diplomları nə vaxt təhvil veriləcək, nə vaxt bu məsuliyyətsizliyə və inadkarlığa son qoyulacaq…

Cavab verməkdə isə çətinlik çəkir, aciz qalır, nə cavab verəcəyimi bilmirəm… Utanıram, qızarıram, xəcalət çəkirəm…

Ona görə sosial şəbəkələrdə, yazılarımda dəfələrlə, təkrar-təkrar verdiyim bu sualı bir daha hörmətli nazirimizə, Emin Əmrullayevə ünvanlayıram:

BDU, Texniki Universitet və başqa ali təhsil ocaqlarının, kolleclərin tələbələri olmuş Şəhidlərimizin-Cəmil Məmmədli, Tərxan Qurbanov, Manaf Bəhmənli, Miqdad Abduləlimov və digər ŞƏHİD BALALARımızın DİPLOMLARını nə vaxt, haçan, nə zaman gözüyaşlı ailələrinə təhvil verəcək, təqdim edəcək, yersiz inadkarlığa son qoyacaqsınız?

Şəhidlərimiz canları, qanları, şərəfləri…ilə bütün KƏSİRləri ödəmiş VƏTƏN SEVDALILARIdır!!!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Xocalının Sığnaq kəndində baş verən qəza ilə bağlı-CİNAYƏT İŞİ AÇILDI…

Read Next

Əmək pensiyalarının artımı-1,1 MİLYON NƏFƏRİ ƏHATƏ EDƏCƏK – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir