Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Salyan rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Kamil Şirinovun doğum günüdür.
Kamil Şirinovun bu gün-9 aprel 2026-cı il tarixində 35 yaşı tamam olur.
Bu, həm də Şəhidinin Cənnətdəki altıncı doğum günü, mövlududur.
Etikxeber.az xəbər verir ki, Əfsanəvi Xüsusi Təyinatlılardan, “Əfsanəvi tabor”un Şəhidlərindən olan Kamil Əliş oğlu Şirinov isə 9 aprel 1991-ci il tarixində Salyan rayonunun Çuxanlı kəndində, hərbçi ailəsində dünyaya gəlib.
Ailənin iki oğlan övladından, iki qardaşdan biri idi.
Atası Əliş kişi də peşəkar hərbçi olub.
Ona görə hər iki qardaş atalarının yolu ilə getmək, hərbçi olmaq qərarını verib, hər ikisi də həyatlarını Ordu, hərb ilə bağlayıblar.
1997-2006-cı illərdə Z. Həmidov adına Çuxanlı kənd tam orta məktəbində, 2006-2009-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub, 2009-2013-cü illərdə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb.
2013-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) xidmət edib.
Kamil həm də idmana böyük həvəs həvəs göstərib, futbolla məşul olub.





Həmçinin, erməni, rus və ingilis dillərində mükəmməl şəkildə danışıb.
2016-cı ilin tarixi Aprel döyüşlərində vuruşub və fərqlənib.
Eyni zamanda, qardaş Türkiyədə və digər ölkələrdə təlimlərdə iştirak edib, sonuncu dəfə isə Pakistanda 3 aylıq anti-terror təlimlərində olub.
İkinci Vətən Müharibəsi zamanı da ilk dəqiqələrdən döyüşlərə atılıb, Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Şərəfli döyüş yolu isə 3 gün çəkib və və sentyabr ayının 29-da Füzuli istiqamətində gedən qanlı döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi Çuxanlı kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.
Şəhidliyindən öncə “Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)” yubiley medalı, Şəhidliyindən sonra isə ölkə Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları və ali ordenlərimizdən olan “Qarabağ” ordeni ilə təltif edilib.
Hazırda Salyanda adını daşıyan küçə, eyni zamanda, Salyan rayonu və Azərbaycanın digər rayonlarında yerləşən bir neçə məktəbdə adına verilən sinif otaqları var.
Kamil həm də ailəli olub, ali təhsilli Zəhra adlı xanımla ailə həyatı qurub.
İki oğlan övladı-Türkayı və Tunarı ailəsinə, Vətəninə əmanət qalıb.
Sonuncu övladı-Tunarı Şəhidliyindən cəmi 4 ay əvvəl dünyaya gəlib.
***


Bu gün həm də əslən Cəbrayıl rayonunun Qumlaq kəndindən olan Əyyub Rasim oğlu Süleymanovun Cənnətdəki altıncı doğum günüdür.
Əyyub Süleymanovun bu gün 25 yaşı tamam olur.
Qeyd edək ki, Əyyub Süleymanov 2001-ci ilin 9 aprel tarixində sadə bir ailədə dünyaya gəlib.
Ailədə iki övlad-bir bacı, bir qardaş olublar.
2019-cu ildə hərbi xidmətə yollanıb və İkinci Vətən Müharibəsində də Əsgər kimi iştirak edib.
2020-ci ilin noyabr ayında, müharibənin başa çatmasına bir neçə gün qalmış Laçın rayonu istiqamətində döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.
Nəşi 4 noyabr tarixində Biləsuvar rayonu ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbə qəbiristanlığının Şəhidlər məzarlığında dəfn edilib.
Şəhidliyindən sonra bir neçə medalla-“Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.
Əyyub həm də subay olub.
2023-cü ildə idə anası Süsən xanım dünyasını dəyişib.
Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!
Nurlar içində yatsınlar!
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





