Cənnətdəki altıncı doğum günləri olan İkinci Vətən Müharibəsi Şəhidləri-GORANBOYLU FARİZ QURBANOV, BAKILI İBRAHİM SADIQLI, OĞUZLU ŞAHİN CƏFƏRLİ… – FOTOLAR – YENİLƏNİB – (2)

Goranboy rayonunun Qızılhacılı qəsəbəsinin ilk İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fariz Məhəmməd oğlu Qurbanovun doğum günüdür.

Fariz Qurbanovun bu gün-28 iyun 2026-cı il tarixində 28 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, Fariz Qurbanov 1998-ci ilin iyun ayının 28-də Qızılhacılı qəsəbəsində sadə bir ailədə-Lətafət  Məhəmməd Qurbanovların ailəsində dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

Ondan yaşca böyük olan bacısı Əfsanə Qurbanova hazırda bir övlad anasıdır.

Fariz Qurbanov 2004-2015-ci illərdə Qızılhacılı qəsəbə 2 saylı tam orta məktəbində orta təhsil alıb.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra hərbi xidmətə yollanıb.

2016-2018-ci illərdə  Əsgərlikdə olub.

Əsgərliyini, hərbi xidmətini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb.

İkinci Vətən Müharibəsinə az qalmış isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb, MAXE kimi fəaliyyətə başlayıb.

İkinci Qarabağ Savaşının ilk saniyələrindən döyüşlərə atılıb və elə müharibənin ilk günündə, sentyabrın 27-də Ağdərə istiqamətində döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb.

Nəşi bir gün sonra-28 sentyabr tarixində Qızılhacılı qəsəbə (Balakürd) qəbiristanlığındakı Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra Ali Baş Komandan tərəfindən bir neçə medalla təltif olunub.

25 iyun 2026-cı il tarixində isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Qızılhacılı qəsəbəsindəki küçələrdən biri Fariz Qurbanovun adını daşıyır.

22 yaşında Şəhidlik məqamına ucalan Fariz Qurbanov həm də subay olub.

***

Bu gün həm də Oğuzlu İkinci Vətən Müharibəsi Şəhidi Şahin Şamil oğlu Cəfərlinin doğum günüdür.

28 iyun 1994-cü il təvəllüdlü Şahin Cəfərlinin bu gün 32 yaşı tamam olur.

Şahin də ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

2000-2011-ci illərdə orta məktəbdə oxuyub.

2012-2014-cü illərdə Vətənə xidmət borcunu yerinə yetirib.

Həmçinin, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

2020-ci ilin sentyabrın 21-də hərbi səfərbərliyə cəlb olunub.

İkinci Vətən Müharibəsi zamanı isə döyüşlərin ilk günlərində, oktyabrın 1-də Kəlbəcər-Murov istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra-2 oktyabr 2020-ci il tarixində Xalxalqışlaq kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şahin həm də ailəli, bir övlad atası olub.

Üzünü görmədiyi Yasmin adlı qızı Vətənə əmanət qalıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

Şahin25 iyun 2026-cı il tarixində 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

***

Hər iki Şəhidin Cənnətdəki altıncı doğum günləri ilə bağlı bu gün səhər saatlarında-Qızılhacılı qəsəbə və Xalqxalqışlaq kənd qəbiristanlığındakı məzarları ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Ruhlarlına dualar olunub, hər ikisinə də “Quran” oxunub.

Hər iki Şəhidin ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.

Cənnətdəki altıncı doğum günləri təbrik olunub.

Xatirə fotoları çəkdirilib.

Sonra Cənnətdəki altıncı doğum günləri ilə bağlı Qızılhacılı qəsəbəsində-ata ocağında Fariz Qurbanovun, Xalqxalqışlaq kəndində isə ailəsinin yaşadığı evdə Şahin Cəfərlinin adına ehsan süfrəsi təşkil olunub.

Hər iki Şəhidin ruhlarına bir daha dualar edilib.

Hər iki Şəhidin məzarını ziyarətdə və adlarına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, din xadimləri, məktəblilər, Goranboylu, Oğuzlu, Mingəçevirli Şəhid ailələri, Qazilər, yerli İcra hakimiyyətlərinin, yerli hüquq-mühafizə orqanların məsul şəxsləri və digərləri iştirak ediblər.

***

Bu gün eyni zamanda, əslən Naxçıvanlı-Şərurlu, özü isə Bakılı olan İbrahim Şahin oğlu Sadıqlının Cənnətdəki altıncı doğum günüdür.

Onun 33 yaşı tamam olur.

 İbrahim 1993-cu ilin 28 iyununda Bakı şəhərində dünyaya gəlib.

Ailənin üç oğlan övladından biri olub.

292 saylı tam orta məktəbdə oxuduğu vaxtlarda idmanın müxtəlif növləri ilə məşğul olub, yüksək nailiyyətlər əldə edib.

2011-2013-cü illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb.

Hərbi xidmətdən qayıtdıqdan sonra müxtəlif peşələrdə özünü sınayıb.

2016-cı ilin yanvar ayından isə yenidən həyatını Ordu, hərb ilə bağlayıb.

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Giziri olub.

2018-ci ildə Çin Xalq Respublikasında keçirilən beynəlxalq snayper kursunda XTQ-dən İbrahim Sadıqlı iştirak edib, yüksək peşəkarlığına, hədəflərin sərrast atəşlə vurmasına görə, 1-ci yeri tutub, döş nişanı və medalla təltif edilib.

Xüsusi Təyinatlı kimi İkinci Vətən Müharibəsinin ilk saniyələrindən döyüşlərə atılıb.

3 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhid olub.

Nəşi İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra  “Vətən uğrunda“, “Cəbrayılın azad olunmasına görə”“Füzulinin azad olunmasına görə“, “Kəlbəcərin azad olunmasına görə” medalları və “Qarabağ” ordeni ilə təltif olunub.

Bakı şəhərində, 6-cı mikrorayonda adına küçə verilib.

27 yaşında Şəhadətə ucalan İbrahim Sadıqlı da subay olub.

Onu da qeyd edək ki, İbrahim Sadıqlının bir neçə qohumu, o cümlədən Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimli və 3-cü dərəcəli “Rəşadət” ordenli Kənan Süleymanlı İkinci Vətən Müharibəsi Şəhididir.

Məkanları cənnətlik, Cənnətdəki altıncı doğum günləri mübarək olsun!

Nurlar içində uyusunlar!

13:38

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Milli Ordu Günündə Hərbi Memorial Məzarlıq və Badamdar qəbiristanlığındakı Şəhidlər məzarlığı-ZİYARƏT OLUNDU… – FOTOLAR – YENİLƏNİB – (1)

Read Next

“Yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq…”-MEHRİBAN ƏLİYEVA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir