“Bilsəm ki, yenidən bu günyaya qayıdıb gələcəksən, gözümü qırpmadan, bir an belə fikirləşmədən canımı qurban verərəm…Yetər ki, sən gəl…”-Cənnətdəki altıncı doğum günündə, 31 yaşının tamamında məzarı ziyarət olunan-MİNGƏÇEVİRLİ İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RUSLAN CƏFƏRLİ… – FOTOLAR – YENİLƏNİB – (1)

Mingəçevir şəhərinin (əslən Yardımlılı) İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Ruslan Nəcəf oğlu Cəfərlinin doğum günüdür.

Ruslan Cəfərlinin bu gün-25 may 2026-cı il tarixində 31 yaşı tamam olur.

Bu, həm də Şəhidin Cənnətdəki altıncı doğum günü, mövlududur.

Cənnətdəki altıncı doğum günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Mingəçevir Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Cənnətdəki altıncı doğum günü təbrik olunub, valideynlərinə-anası Tahirə xanıma və atası Nəcəf CəfərovAllahdan səbr və dözüm arzulanıb.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Anası Tahirə xanımın dediklərindən:

“Oğul, sən mənim hər şeyim-suyum, havam, nəfəsim, canım idin…Hər zaman sənə sığınırdım…Sən mənim söz-söhbət, dərd ortağım idin…Bütün dərdlərimi səninlə nölüşürdüm…Məni yaman tək qoyub getdin, oğul…Oğul da ananı bu dünyada gözləri yaşlı qoyub gedər?…Ana da oğlunu məzarı başında təbrik edər?…Çox çətindir, çox…Çox ağırdır, çox ağır…Nə təsəllisi var, nə toxtaqlığı var…Bilsəm ki, yenidən bu günyaya qayıdıb gələcəksən, gözümü qırpmadan, bir an belə fikirləşmədən canımı qurban verərəm…Yetər ki, sən gəl…”

Məzarını ziyarətdən sonra Şəhidin ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar edilib.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə və adına açılan ehsan süfrəsində ailə üzvləri, doğmaları, Mingəçevirli Şəhid ailələri, məktəblilər, ilahiyyatçılar və digər şəxslər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, əslən Yardımlı rayonundan olan Ruslan Nəcəf oğlu Cəfərli 1995-ci ilin may ayının 25-də Mingəçevir şəhərində sadə bir ailədə dünyaya gəlib.

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub.

Bacısı Günay xanım hazırda üç övlad anasıdır və 2023-cü ilin aprel ayının 25-də dünyaya gələn sonuncü, üçüncü övladına qardaşının-Rusalanın adını verib.

2001-2012-ci illərdə Mingəçevir şəhərində orta təhsil və peşə təhsili alıb.

Orta məktəbi bitirdikdən, 18 yaşını tamamladıqdan sonra Əsgərlikdə olub, Vətənin keşiyində dayanıb.

Əsgərliyini başa vurduqdan sonra müxtəlif sahələrdə çalışıb.

İkinci Vətən Müharibəsi zamanı isə Tərtər-Ağdərə-Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib.

Oktyabr ayında isə Suqovuşan istiqamətində ağır döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq uzun müddət nəşini tapmaq mümkün olmayıb.

Yalınız noyabr ayında nəşi əldə edilib və noyabrın 21-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidliyindən sonra 3 medalla təltif edilib.

Valideynləri isə övladlarının adının, xatirəsinin əbədiləşdirilməsini və ölkənin ali ordenlərindən biri ilə təltif olunmasını istəyir və tələb edir.

Ruslan həm də subay olub.

O, eyni zamanda, Mingəçevirin 44-cü İkinci Vətən Müharibəsi Şəhididir.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü mübarək olsun!

Nur içində yatsın!

12:30

***

FOTOLAR:

13:05

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə-MÜRACİƏT 

Read Next

“Zərdaba əlavə texnikanın cəlb edilməsi üçün tapşırıq verilib…”-MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir