“Əli 18 yaşında Şəhidliyi ilə məni də tarixə çevirdi…”-Nuru Rzalı – Cənnətdəki altıncı doğum günündə Yardımlılı İkinci Vətən Müharibəsi Şəhidi Əli Rzalının-MƏZARI ZİYARƏT OLUNDU, ŞƏRƏFLİ ÖMÜR VƏ DÖYÜŞ YOLUNDAN SÖZ AÇILDI… – FOTOLAR – YENİLƏNİB – (1)

Yardımlı rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Əli Nuru oğlu Rzalının Cənnətdəki altıncı doğum günü, 24 yaşının tamam olması ilə bağlı bu gün səhər saatlarında Bilnə kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklil qoyulub.

Şəhidin ruhuna dualar olunub, “Quran” oxunub.

Çıxışlar edilib.

Çıxışlarda Şəhidin cəmi 18 illik qısa, lakin şərəfli ömür və döyüş yolundan, İgidliyi, Qəhrəmanlığı və Vətən naminə fədakarlığından bəhs olunub.

Ailəsinə, valideynləri-anası Samirə xanıma və atası Nuru kişiyə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki altıncı doğum günü təbrik olunub.

Şəhidə, Şəhidlərə, Vətənə həsr olunmuş şeirlər səsləndirilib.

Şəhidin atası Nuru Rzalı da öz növbəsində ziyarət iştirakçılarına ailəsi adından minnətdarlığını bildirib, övladları Əli Rzalı ilə Fəxr etdiklərini, Qürur duyduqlarını dilə gətirib.

“…Əli cəmi 18 yaşında tarixə düşdü, adını tarixə yazdı, millətin yaddaşında qaldı…Əli Şəhidliyi ilə tarixə çevrildiyi kimi, məni də bir Şəhid atası kimi tarixə çevirdi…Bu gün üzərimizdə də bir məsuliyyət var-Şəhid atası məsuliyyəti…Bu məsuliyyəti də Şəhid balalarımız bizim üzərimizdə qoyub gediblər…Biz də daim bu məsuliyyətimizi hiss etməli və Şəhid atası adını qorumalı, doğrultmalıyıq…”-deyə, Şəhid atası sözlərinə əlavə edib.

Sonra xatirə fotoları çəkdirilib.

Məzarını ziyarətdən sonra isə ailəsinin yaşadığı evdə adına ehsan süfrəsi açılıb, bir daha ruhuna dualar olunub.

Qeyd edək ki, Şəhidin məzarını ziyarətdə ailə üzvləri, kənd sakinləri, yerli ziyalılar, təhsil işçiləri, din xadimləri, kəndin və rayonun məsul şəxsləri, Yardımlı və Lerikdən olan Şəhid ailələri, Qazilər iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, Əli Rzalı 2002-ci ilin 17 aprel tarixində Yardımlı rayonunun Bilnə kəndində dünyaya gəlib.

Ailənin üç övladından biri, evin ortancılı, böyük oğlu və subay olub.

Qardaşı hazırda ali məktəb tələbəsidir.

Tək bacısı isə ailəlidir.

2008-2019-cu illərdə Blinə kənd orta məktəbində oxuyub.

Orta məktəbi bitirdikdən aylar sonra, 2020-ci ilin may ayında həqiqi hərbi xidmətə, Əsgərliyə yollanıb.

Goranboyda, Şubanıda və Cəlilabadda yerləşən hərbi hissələrdə xidmət edib, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Əsgəri olub.

İkinci Vətən Müharibəsi zamanı isə cəmi 5 ayın Əsgəri kimi döyüşlərə qatılıb.

Axırıncı dəfə atası Nuru kişi ilə müharibədən cəmi günlər öncə, sentyabrın 19-da görüşüb, tək bacısı ilə də sonuncu dəfə sentyabrın 24-də danışıb.

Həmin gündən sonra Əli ilə əlaqə saxlamaq mümkün olmayıb.

Müharibənin 6-cı günündə, oktyabrın 2-də, səhər saatlarında isə Murovdağ-Kəlbəcər istiqamətində qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.

Şəhidliyi xəbəri ailəsinə elə həmin gün, saat 15:00 radələrində verilib və 2 oktyabr tarixində, axşam saatlarında nəşi Bilnə kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra bir neçə medalla və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Eyni zamanda, Şəhidliyindən öncə Müdafiə naziri tərəfindən “Şücaətə görə” medalına layiq görülüb.

Bilnənin yeganə İkinci Vətən Müharibəsi Şəhidi olan Əli həm də tanınmış jurnalist Elşad Paşasoyun bacısı oğludur.

Qeyd edək ki, Əli Rzalının yaxın qohumu-Lerikli Şahin Tahirli də İkinci Vətən Müharibəsi Şəhididir.

Məkanı cənnətlik, Cənnətdəki altıncı doğum günü, 24 yaşı mübarək olsun!

Nur içində yatsın!

11:43

***

FOTOLAR:

13:35

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Moldovada yaşayan Azərbaycan icması ictimai-siyasi həyatda fəal iştirak etməklə ölkəmizin inkişafına öz töhfəsini verir”-MOLDOVA PREZİDENTİ – DÖVLƏT BAŞÇISI ANTALYADA ŞİMALİ KİRP TÜRK CÜMHURİYYƏTİ VƏ MOLDOVANIN LİDERLƏRİ İLƏ GÖRÜŞDÜ – FOTOLAR – YENİLƏNİB

Read Next

Əliyev Məhəmməd Şahbaz Şəriflə bir araya gəldi-ANTALYADA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir