Cənnətdəki doğum günləri, mövludları olan-ASTARALI ANTİTERROR ŞƏHİDİ ƏLİ BABAZADƏ VƏ LƏNKƏRANLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ MİRMƏHƏMƏMMƏDƏLİ RZAZADƏ…

Astaralı Antiterror Şəhidi Əli Rüstəm oğlu Babazadə və Lənkəranlı İkinci Vətən Müharibəsi Şəhidi Mirməhəmmədəli Tərlan oğlu Rzazadənin doğum günləridir.

Bu gün gün-13 iyul 2026-cı il tarixində Əli Babazadənin 36 yaşı, Mirməhəmmədəli Rzazadənin 29 yaşı tamam olur.

Əli Babazadənin Cənnətdəki üçüncü doğum günü, Mirməhəmmədəli Rzazadənin isə Cənnətdəki altıncı mövlududur.

Etikxeber.az xəbər verir ki, Əli Rüstəm oğlu Babazadə 1990-cı ilin iyul ayının 13-də Astara rayonunun Kələdəhnə qəsəbəsində dünyaya gəlib.

Ailənin dörd övladından, iki qardaşdan biri idi.

Bacılarıtək qardaşı hazırda ailəlidir.

Əli Babazadə uzun illər Azərbaycan Ordusunda xidmət edib, peşəkar hərbçi, Kiçik leytenant olub.

İkinci Vətən Müharibəsinin və digər döyüş əməliyyatlarının iştirakçılarından idi.

O, həm də ailəli, iki övlad atasıydı.

Orta məktəb şagirdləri olan bir qız və bir oğlan övladı ailəsinə, Vətənə əmanət qalıb.

Əli Babazadə 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal xarakterli 23 saatlıq antiterror əməliyyatı zamanı Xankəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi Kələdəhnə qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

İstər Şəhidliyindən öncə, istərsə də Şəhidliyindən sonra medallarla 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

***

Mirməhəmmədəli Rzazadə isə 1997-ci ilin 13 iyul tarixində Lənkəran rayonunun Şiləvar kəndində dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri olub.

Tək bacıları hazırda ailəli, bir qız anasıdır.

Mirməhəmmədəligil bir müddət Sumqayıt şəhərində yaşayıblar.

2003-2014-cü illərdə həm Sumqayıt şəhərində, həm də Lənkəranın Şiləvar və Digah kənd orta məktəblərində təhsil alıb.

Orta məktəbi bitirdikdən bir il sonra, 2015-ci ildə Vətənin keşiyinə, həqiqi hərbi xidmətə yollanıb.

Azərbaycan Ordusunun Əsgəri kimi 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Əsgərlikdən sonra yenidən evinə dönüb, anasına, ailəsinə dəstək olmağa çalışıb.

İkinci Vətən Müharibəsi zamanı isə sentyabrın 28-də Vətənin müdafiəsinə atılıb, şərəfli döyüş yolu 18 gün çəkib.

Oktyabrın 15-də Cəbrayıl istiqamətində qəhrəmancasına Şəhidlik zirvəsinə ucalıb.

Nəşi isə iki gün sonra-oktyabrın 17-də Şiləvar kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görülüb.

Bu ilin 25 iyun tarixində isə Ali Baş Komandan tərəfindən3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

Şiləvarda adın daşıyan küçə var.

23 yaşında Şəhidlik məqamına ucalan Mirməhəmmədəli həm də subay idi.

O, həm də Şiləvarın iki İkinci Vətən Müharibəsi Şəhidindən biridir.

Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

Etikxeber.az

Read Previous

“Mən özümə niyə qəsd etməliyəm?…”-BİLƏSUVARLI QAZİ VİDADİ MƏCİDOVUN “SU” ŞİKAYƏTİNİ DİNLƏYƏN OLACAQMI?

Read Next

Şəhid anası Baş nazir və Təhsil nazirinə müraciət etdi: “OXUDUĞU MƏKTƏBƏ ÖVLADIMIN ADI VERİLSİN”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir