Cənnətdəki doğum günləri olan Birinci və İkinci Vətən Müharibəsi, 2021-ci il və Antiterror Şəhidləri-BƏRƏLİ İLQAR ABBASOV, YAQUB YAQUBOV, ŞƏMKİRLİ ƏHMƏD ZAMANLI, ZARATLI ASİF ƏLİYEV… – FOTOLAR

Bərdə rayonunun Kələntərli kəndindən olan iki Şəhidin doğum günüdür.

Birinci Qarabağ Savaşı Şəhidi İlqar Vahid oğlu Abbasovun 53, İkinci Qarabağ Savaşı Şəhidi Yaqub İlham oğlu Yaqubovun 29 yaşı tamam olur.

İlqar Abbasov 1973-cü ilin, Yaqub Yaqubov isə 1997-ci ilin iyun ayının 1-də Kələntərli kəndində anadan olublar.

İlqar Abbasovun Cənnətdəki 34-cü, Yaqub Yaqubovun Cənnətdəki 6-cı doğum günü, mövlududur.

Etikxeber.az xəbər verir ki, İlqar Abbasov ailənin üç övladından biri və evin böyük oğlu olub.

Qardaşıbacısı ailəlidir.

Orta məktəbi bitirdikdən sonra, 1992-ci ildə həqiqi hərbi xidmətə yollanıb.

Hərbi xidmətinə başladığı günlərdən də Azərbaycan Ordusunun Əsgəri kimi Birinci Qarabağ Savaşına qatılıb, Tərtər-Ağdərə istiqamətlərində döyüşüb.

7 ayın Əsgəri kimi noyabr ayının 15-də Çıldıran kəndi istiqamətində qanlı döyüşlər zamanı qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi bir gün sonra, 16 noyabr 1992-ci il tarixində Kələntərli kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

19 yaşında Şəhidlik məqamına ucalan İlqar Abbasov subay idi.

Kələntərli kənd tam orta məktəbi İlqar Abbasovun adını daşıyır.

***

1 iyun 1997-ci il doğumlu Yaqub Yaqubov da ailənin üç övladından-iki qardaşdan biri olub.

Qardaşıbacısı ailəlidir.

Ziyalı ailəsində dünyaya gələn Yaqub Yaqubov 2003-2014-cü illərdə Şəhid İlqar Abbasov adına Kələntərli kənd tam orta məktəbində təhsil alıb.

Orta məktəbi bitirdikdən bir müddət sonra, 2015-ci ildə həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb və 2017-ci ildə Əsgərliyini başa vuraraq, evinə dönüb.

Sonra yenidən həyatını Ordu, hərb ilə bağlayıb, Azərbaycan Ordusunda MAXE kimi fəaliyyət göstərib.

İkinci Vətən Müharibəsi zamanı isə şərəfli döyüş yolu 18 gün çəkib.

Oktyabr ayının 14-də isə Tərtər-Ağdərə istiqamətində qanlı döyüşlərdən birində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi 39 gün sonra tapılıb, ailəsinə təhvil verilib, noyabr ayının 22-də Kələntərli kəndinin Şəhidlər məzarlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

23 yaşında Şəhidlik məqamına ucalan Yaqub da subay olub.

Yaqub Yaqubovun tək bacısının həyat yoldaşı da İkinci Qarabağ Savaşının iştirakçısı olub və hazırda Qazi, müharibə veteranıdır.

***

Bu gün eyni zamanda, Şəmkir rayonunun Antiterror Şəhidi Əhməd Azad oğlu Zamanlının doğum günüdür.

Əhməd Zamanlının bu gün-22 yaşı tamam olur bu, həm də Şəhidin Cənnətdəki üçüncü doğum günü, mövlududur.

 Əhməd Zamanlı 2004-cü ilin 1 iyun tarixində Şəmkir rayonunun Könüllü kəndində, sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri və evin sonbeşiyi olub.

Bacısı  və qardaşı hazırda ailəlidir.

O, 2010-2021-ci illərdə Könüllü kənd Z. Namazov adına tam orta məktəbdə oxuyub.

Orta məktəbi bitirdikdən sonra-2021-ci ildə Gəncə şəhərində yerləşən Peşə Liseyində oxuyub.

2022-ci ilin yayında Mingəçevir Turizm Kollecinə qəbul olunub.

Ancaq həmin vaxt-2022-ci ilin iyulunda həqiqi hərbi xidmətə, Əsgərliyə çağırıldığı üçün Kollecdə oxuya bilməyib.

Azərbaycan Ordusunun Əsgəri kimi 2023-cü ilin sentyabr tarixində 23 saatlıq lokal xarakterli antiterror əməliyyatında iştirak edib və ayın 19-da Ağdamın Qalayçılar kəndi istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Axırıncı dəfə də elə həmin gün, antiterror əməliyyatından cəmi saat yarım öncə ailəsi, atası Azad kişi ilə danışıb.

Nəşi 20 sentyabr tarxində Könüllü kənd qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Şəhidin atası və qardaşı da müharibə iştirakçısı, müharibə veteranıdır.

Atası Azad Zamanov Birinci Qarabağ Savaşının, 2002-cü il təvəllüdlü qardaşı Murad Zamanlı isə İkinci Qarabağ Savaşının iştirsakçısı olub.

İkinci Vətən Müharibəsində Azərbaycan Ordusunun Əsgəri kimi iştirak edən Murad “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

19 yaşında Şəhidlik məqamına ucalan Əhməd də subay olub.

***

Bu gün həm də Siyəzən rayonunun Zarat qəsəbəsindən olan Şəhid Asif Adil oğlu Əliyevin Cənnətdəki beşinci doğum günü, mövlududur.

Onun 24 yaşı tamam olur.

Qeyd edək ki, Asif Əliyev 2002-ci ilin iyun ayının 1-də Siyəzən rayonunun Zarat qəsəbəsində dünyaya gəlib…

Ailənin iki övladından biri, evin tək oğlu, tək bacının tək qardaşı olub…

Tək bacısı hazırda ailəlidir və övladına, körpəsinə qardaşının-Asifin adını qoyub…

Zarat qəsəbə orta məktəbində təhsilini başa vurduqdan az sonra, 2020-ci ilin yayında Əsgərliyə yollanıb…

Əsgərliyinin 3-cü ayında İkinci Vətən Müharibəsinə qatılıb…

 “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub…

Axırıncı dəfə ailəsi, valideynləri ilə 2021-ci ilin noyabrında görüşüb, icazə alıb babasının yas mərasiminə qatılb…

Deyib ki, evə dönməsinə, Əsgərliyini başa vurmasına az qalıb…

“Darıxmayın…”-deyə, əlavə edib…

Axırıncı dəfə isə ailəsi ilə dekabrın 8-də, axşam 8-in yarısında danışıb…

Üstündən heç bir saat keçməmiş Kəlbəcər istiqamətində namərd ermənilər tərəfindən atılan snayper gülləsi ilə boynundan vurulub və Şəhidlik məqamına ucalıb…

Valideynlərinə övladlarının Şəhidlik xəbəri dekabrın 9-da, səhər saat 10-nun yarısı radələrində verilib…

Elə həmin gün nəşi Zarat qəsəbə qəbiristanlığında Əbədiyyətə uğurlanıb.

Ancaq çox təəssüflər olsun ki, Şəhidliyindən sonra heç bir medal və ordenlə təltif olunmayıb…

Məkanları cənnətlik, Cənnətdəki doğum günləri mübarək olsun!

Nurlar içində yatsınlar!

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Yoldaşların təbrikə gəliblər…Dur, onları qarşıla…”-BEYNƏLXALQ TƏYYARƏ BƏLƏDÇİLƏRİ GÜNÜNDƏ MİLLİ QƏHRƏMAN HÖKUMƏ ƏLİYEVANIN MƏZARI ZİYARƏT EDİLDİ… – FOTOLAR – YENİLƏNİB

Read Next

 Zəngəzur dəhlizi mütləq inşa ediləcək-AZƏRBAYCAN PREZİDENTİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir