Cənnətdəki dördüncü doğum günləri, 49, 36 və 27 yaşları tamam olan İkinci Vətən Müharibəsi Şəhidləri-POLKOVNİK-LEYTENANT, İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN YAŞAR SADIQOV, KAPİTAN, İKİ ÖVLAD ATASI VÜQAR NƏCƏFOV VƏ KÖNÜLLÜ, SUBAY CAVİD CABBARZADƏ… – FOTOLAR – YENİLƏNİB – (2)

Bu gün daha üç İkinci Vətən Müharibəsi Şəhidinin doğum günüdür.

Polkovnik-leytenant Yaşar Füzuli oğlu Sadıqovun 49, Ordubadlılı, ali hərbi təhsilli, iki övlad atası Kapitan Vüqar Aydın oğlu Nəcəfovun 36, sıravi-könüllü Cavid Qorxmaz oğlu Cabbarzadənin isə 27 yaşı tamam olur.

Bu, həm də hər üç Şəhidin Cənnətdəki dördüncü doğum günü, mövlududur.

Hər üç Şəhidin Cənnətdəki dördüncü doğum günü ilə bağlı bu gün-10 avqust 2024-cü il tarixində, səhər saatlarında-İkinci Fəxri Xiyabanda-İkinci Şəhidlər Xiyabanındakı məzarları ziyarət olunub.

Məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub.

Hər üç Şəhidin ruhuna dualar olunub, “Quran” oxunub, məzarları başında qısa çıxışlar edilib.

Şəhidlərin İgidlikləri və Qəhrəmanlığından bəhs olunub, ailələrinə Allahdan səbr və dözüm arzulanıb, Cənnətdəki dördüncü doğum günləri təbrik olunub.

Şəhidlərin məzarlarını ziyarətdən sonra İkinci Fəxri Xiyabanda-İkinci Şəhidlər Xiyabanında yerləşən mərasim evində Yaşar Sadıqovla Cavid Cabbarzadənin, Kürdəxanı qəsəbəsində isə Vüqar Nəcəfovun Cənnətdəki dördüncü doğum günü ilə bağlı məclis təşkil olunub, adlarına ehsan süfrəsi təşkil olunub.

Yaşar SadıqovCavid Cabbarzadənin Cənnətdəki dördüncü doğum günləri ilə bağlı təşkil edilən məclisdə öncə adları çəkilən hər iki Şəhidin timsalında cəmi Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Dövlət himni səsləndirilib.

Bir daha Şəhidlərin ruhlarına dualar edilib.

Vətənə, Şəhidlərə həsr olunmuş mahnılar, o cümlədən İlahilər səsləndirilib, ifa olunub.

Həmçinin, hər iki Şəhidlə bağlı videoçarxlar nümayiş etdirilib.

Sonda xatirə fotoları çəkdirilib.

Şəhidlərin məzarlarını ziyarətdə və Cənnətdəki dördüncü doğum günləri ilə bağlı təşkil edilən məclislərdə ailə üzvləri, yaxınları, Bakıdan, Abşerondan, Biləsuvardan, Füzulidən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, hərbçilər, Suraxanı rayon İcra Hakimiyyətinin məsul şəxsləri, din xadimləri, ziyalılar, media mənsubları iştirak ediblər.

Etikxeber.az xəbər verir ki, əslən Füzuli rayonunun Bala Bəhmənli kəndindən olan Yaşar Sadıqov 1975-ci ilin avqust ayının 10-da dünyaya gəlib.

Ailənin beş övladından, dörd qardaşdan biri olub.

Ali hərbi təhsilli, peşəkar hərbçi olub.

Polkovnik-leytenant hərbi rütbəsinəcən yüksəlib.

1999-cu ilƏfsanə Sadıqova ilə ailə həyatı qurub.

2001-ci ildə ali təhsilli qızı Əsli, 2002-ci ildə ali təhsilli oğlu Xanış dünyaya gəlib.

Övladlarının hər ikisi də subaydır.

2016-cı il Aprel döyüşlərinin iştirakçısı olan Yaşar Sadıqov səhhətində bəzi problemlər olmasına rəğmən ilk gündən, ilk saniyələrdən İkinci Vətən Müharibəsi qatılıb.

Şərəfli döyüş yolu 6 gün çəkib.

Oktyabrın 2-də Kəlbəcər-Murovdağ istiqamətində qəhrəmancasına Şəhid olub.

Amma nəşi düz 4 ay 24 gündən sonra, 2021-ci ilin fevralın 26-da əldə edilib.

Nəşi 27 fevral 2021-ci il tarixində İkinci Fəxri Xiyabanda-İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

İstər Şəhidliyindən əvvəl, istərsə də Şəhidliyindən sonra medallarla, o cümlədən 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Qeyd edək ki, Şəhidin 1977-ci il təvəllüdlü qardaşı Rəşad Sadıqov qardaş itkisinə dözməyərək, ötən ilin oktyabr ayının 10-da, cəmi 46 yaşında dünyasını dəyişib.

Eyni zamanda, hər iki övlad-oğul itkisinə ürəyi tab gətirməyən ataları Füzuli Sadıqov da vəfat edib.

Füzuli Sadıqov bu ilin əvvəllərində, 70 yaşında dünyasını dəyişib.

Cəmi 4 ildə üç itki, üç faciə…

***

Ata tərəfdən Bakılı, ana tərəfdən isə Qubadlılı olan Cavid Cabbarzadə isə 1997-ci ilin 10 avqust tarixində Bakının Bülbülə qəsəbəsində-sadə bir ailədə dünyaya gəlib.

Ailənin üç övladından, iki qardaşdan biri və evin ortancılı olub.

2003-2014-cü illərdə orta məktəbdə oxuyub.

2015-2017-ci illərdə həqiqi hərbi xidmətdə olub, Vətənin keşiyində dayanıb.

Azərbaycan Ordusunun Əsgəri kimi 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.

Əsgərliyini başa vurduqdan sonra yenidən evinə, ailəsinə dönüb, müxtəlif sahələrdə çalışıb.

İkinci Vətən Müharibəsinin ikinci günündə isə evdəkilərə demədən könüllü şəkildə Vətənin müdafiəsinə atılıb.

Döyüşüb, vuruşub və axırıncı dəfə anası Almaz xanımla danışanda “Mən Şəhid olacağam…”-deyib…

oktyabr ayının 24-də Füzuli-Xocavənd istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Ancaq nəşi günlər sonra əldə edilib və noyabrın 5-də İkinci Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra iki medalla və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Cəmi 23 yaşında Şəhidlik məqamına ucalan Cavid həm də subay olub.

Hər üç Şəhidimizin məkanları cənnətlik, Cənnətdəki dördüncü doğum günləri mübarək, ruhları şad olsun!

Ruhları qarşısında baş əyirik!

Nurlar içində yatsınlar!

***

FOTOLAR:

***

İKİ ÖVLADI VƏTƏNƏ ƏMANƏT QALAN VÜQAR NƏCƏFOV…

***

ŞƏHİDLİYİNDƏN SONRA CAVAN QARDAŞI VƏ ATASI DA DÜNYASINI DƏYİŞDİ… VƏ YA SON ÜÇ İL YARIMDA ÜÇ İTKİ, ÜÇ FACİƏ YAŞAYAN SADIQOVLAR AİLƏSİ…

***

CƏMİ 23 YAŞINDA ŞƏHİDLİK MƏQAMINA UCALAN NUR ÜZLÜ CAVİD CABBARZADƏ…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Deputatlığa namizədlərin seçki dairələri üzrə-SİYAHISI

Read Next

Kürdəmirli və Qubalı İkinci Vətən Müharibəsi Şəhidləri-Cəmil Həşimli ilə Sadiq Azayev və Yevlaxlı “Qisas” əməliyyatı Şəhidi Təbriz Rəhimov-HƏR ÜÇ ŞƏHİDİN BU GÜN MÖVLUDUDUR-CƏMİL HƏŞİMLİNİN 29, TƏBRİZ RƏHİMOVUN 34, SADİQ AZAYEVİN İSƏ 32 YAŞI TAMAM OLUR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir