“Cənub Qaz Dəhlizi əməkdaşlığın gücləndirilməsinə gələcəkdə də töhfə verəcək…Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur… “-İLHAM ƏLİYEV – YENİLƏNİB – (1) – FOTOLAR

Mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçirilir.

Etikxeber.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

https://www.youtube.com/watch?v=F2MVsKyTqvA

***

“Cənub Qaz Dəhlizi layihəsi qlobal əhəmiyyətli layihədir. Azərbaycan bu layihə ilə Avropa İttifaqı ölkələrinə böyük töhfə verib. Azərbaycan qazının Avropaya nəql olunması yenilikdir. Bu layihə onun iştirakçısı olan dövlətlər arasında əməkdaşlığın gücləndirilməsinə gələcəkdə də töhfə verəcək”.

Bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə söyləyib.

Azərbaycanın regionda bir çox mühüm enerji layihələri həyata keçirdiyini xatırladan dövlət başçısı deyib ki, dünyadakı bütün aparıcı maliyyə qurumları bu enerji layihələrinin icrasında Azərbaycanla yaxından əməkdaşlıq edib. Bu il Azərbaycan öz dövlət büdcəsindən bu enerji layihələrinə maliyyə ayırıb.

“Lakin biz Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma və bərpa işlərinə daha çox maliyyə ayırmışıq. Digər xarici təşkilatların da əsasən maliyyə yardımını həmin ərazilərdə həyata keçirilən bərpa işlərinə yönəldilməsini alqışlayardıq”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

18:31

***

Prezident İlham Əliyevin çıxışı:

-Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hörmətli həmsədrləri, xanım Vike-Freyberqa və cənab Seragəldin.

İlk öncə, mən bu gün keçirilən müzakirələrin bütün iştirakçılarını salamlamaq istərdim. Fürsətdən istifadə edərək, Nizami Mərkəzinin həmsədrinə və üzvlərinə bu müzakirələri başlatdığına görə təşəkkürümü bildirmək istərdim. Çünki hesab edirəm ki, bu, çox yerinə düşən tədbirdir. Təklif etdiyiniz mövzuya gəldikdə isə, “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri”, fikrimcə, qlobal gündəlikdə duran mühüm məsələlərdəndir, çünki bu yaxınlarda Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu. Əlbəttə ki, yeni vəziyyət yeni yanaşmaları tələb edir.

Lakin, əvvəlcə, mən pandemiya dövründə çox yaxşı fəaliyyətinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzini təbrik etmək istəyirəm. Bu Mərkəz yeni şəraitə özünü çox müdrik formada uyğunlaşdırdı. Pandemiya ilə bağlı vəziyyətdən asılı olmayaraq, öz fəaliyyətini yeni formada davam etdirdi. Eyni zamanda, bu fəal işin aparıldığı səkkiz il ərzində Mərkəz dünyada aparıcı beynəlxalq təsisatlardan birinə çevrilmişdir. Onun geniş fəaliyyəti, əslində, dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmət edir. Mərkəzin üzvləri ölkələrinə, yaxud beynəlxalq təşkilatlara uzun illər rəhbərlik etmiş məşhur dünya siyasətçiləridir. Sizin təcrübəniz həqiqətən unikaldır. Bir sözlə, bu cür təcrübənin bir araya toplanması, hesab edirəm ki, bugünkü dünyada nadir hadisədir.

Nəyin baş verdiyi və nəyin baş verəcəyi ilə bağlı Azərbaycanın mövqeyinə gəldikdə, əlbəttə ki, əvvəlcə, demək istərdim ki, regionda son hadisələr, İkinci Qarabağ müharibəsi vəziyyəti tam dəyişdi. Bu səbəbdən, Cənubi Qafqaz üçün yeni yanaşmaya, yeni gündəliyə ehtiyac duyulur.

“Regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” mövzusunda müzakirəni yüksək dəyərləndirirəm, çünki bizim məhz buna ehtiyacımız var. Demək olar ki, 30 il çəkən işğal faktı səbəbindən, Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Hesab edirəm, Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər. Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır.

Bir sözlə, onlar vaxt itirdilər. Onlar Azərbaycanın enerji və daşımaların inkişafı təşəbbüslərindən məhrum oldular. Nəhayət, onlar işğal etdikləri əraziləri itirdilər. O ərazilər ki, onlara nə tarixi nöqteyi-nəzərdən, nə də ki, beynəlxalq hüquq baxımından məxsus deyildi. İndi isə, münaqişə başa çatdıqdan sonra, Dağlıq Qarabağ münaqişəsi, ilk növbədə, Azərbaycan tərəfindən, sonra isə ötən ilin 10 noyabr tarixli birgə Bəyanat ilə artıq həll olunub.

Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub.

Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq. Bu səbəbdən, bildirmək istəyirəm ki, Azərbaycan əməkdaşlığa və ümumi gələcəyimizin planlaşdırılmasına açıqdır, çünki biz istəsək də, istəməsək də qonşuyuq və yanaşı yaşamalıyıq və bir daha bu birgə yaşamanı öyrənməliyik. Bu, asan deyil. Burada emosiyalar var.

Xüsusən də, Azərbaycan xalqı azad edilmiş torpaqlara səfərlər etdiyi zaman və tam yerlə-yeksan olunan yerləri görəndə, siz yəqin ki, təsəvvür edə bilərsiniz, hansı hissləri keçirirlər.

Lakin siyasətçilərin rolu öz gündəliklərini müdafiə etməkdən və yalnız qarşılıqlı fəaliyyət sayəsində regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin olacağını izah etməkdən ibarətdir.

Etikxeber.az

Read Previous

Daha 437 yeni yoluxma-DAHA 14 ÖLÜM…

Read Next

“Strasburqda, Brüsseldə Vaşinqtonda özlərinin əsir adlandırdıqları şəxslərə görə, Bakıya qarşı etiraz aksiyaları keçirənləri soydaşlarına Ermənistanda fərarlik damğası ilə cinayət işi açan hakimiyyətin üstünə getməyə çağırırıq”-MM-İN KOMİTƏ SƏDRİNDƏN ÇAĞIRIŞ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir