“Cənubi Qafqaz regionunda, xüsusilə Azərbaycanda dondurulmuş münaqişələrə son qoyulmalıdır” – BMT-in Qaçqınlar üzrə ali komissarı

Oktyabrın 3-də Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 65-ci sessiyası işə başlayıb.

Sessiyada BMT-nin baş katibi Pan Gi Mun, qurumun qaçqınlar üzrə ali komissarı Filippo Qrandi açılış nitqi ilə çıxış ediblər.

BMT-nin baş katibi olduğu on il ərzində dünyada qaçqınların sayının iki dəfə çoxalaraq 65 milyona çatdığını bildirən Pan Gi Mun bu böhranın statistik rəqəmlər böhranı deyil, insan həyatını təhlükəyə atan humanitar böhran olduğunu diqqətə çatdırıb.

Etikxeber.az xəbər verir ki, natiqlər dünya ölkələrini milli maraqları kənara qoyaraq, getdikcə dərinləşən qaçqın böhranına qarşı qətiyyətli və qlobal tədbirlər görməyə çağırıblar. Sonra yüksək seqmentin iclası başlayıb.

Sessiyada Azərbaycan nümayəndə heyətinin rəhbəri, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev çıxış edib.

Sentyabrın 19-da Nyu-Yorkda BMT Baş Məclisi çərçivəsində qəbul olunan “Qaçqınlara və miqrantlara dair Nyu-York bəyannaməsi”ni xatırladan F.Nəbiyev qeyd edib ki, Azərbaycan bu bəyannaməni beynəlxalq əməkdaşlıq istiqamətində fundamental addım kimi alqışlayır və zorla didərgin salınma probleminə qarşı qlobal və səmərəli cavab reaksiyasına şərait yaradacaq prosesin katalizatoru qismində BMT QAK-a ayrılan rolu, eyni zamanda Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) həmin tədbir çərçivəsində BMT ailəsinə rəsmən qoşulmasını təqdir edir.

Xidmət rəisi bildirib ki, Azərbaycan hökuməti ilə BMT QAK arasında əməkdaşlıq möhkəm, məhsuldar olaraq qalır və ölkəmiz BMT QAK-ın mandatını və fəaliyyətini ciddi surətdə dəstəkləyir. Sığınacaq və miqrasiya problemləri yalnız beynəlxalq əməkdaşlıq yolu ilə səmərəli şəkildə həll oluna bilər ki, son dövrlərdə bunu əyani şəkildə görmək mümkündür.

Bildirilib ki, ölkəmizdə olan qaçqın və məcburi köçkün probleminin miqyasına baxmayaraq, Azərbaycan hökuməti, həmçinin dünyada humanitar fəlakətlərdən ziyan çəkmiş insanlara birbaşa və yaxud beynəlxalq təşkilatlar vasitəsilə vaxtında yardım göstərməkdə maraqlıdır. Azərbaycanın milli donor institutu olan Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) dünyanın müxtəlif yerlərində humanitar yardım üzrə layihələr həyata keçirir, həssas qrupa məxsus olan insanlara humanitar yardım göstərir, habelə səhiyyə, təhsil, enerji, informasiya və kommunikasiya texnologiyaları sahələrində potensialların yaradılması proqramlarını təşkil edir. Məqsəd zərər çəkmiş bu cür ölkələrdə BMT-nin “2030 – Davamlı İnkişaf Gündəliyi”ndə əksini tapmış hədəflərə nail olmaqdır.

Miqrasiya Xidmətinin rəisi çıxışında təəssüflə qeyd edib ki, ötən sessiyadan sonrakı dövrdə də dünyada müxtəlif səbəblər – münaqişə, müharibə, təbii fəlakətlər və təqiblər üzündən miqrasiya proseslərinin əhatə dairəsi sürətlə genişlənib və bunun nəticəsində öz ölkələrini və daimi yaşayış yerlərini tərk etməyə məcbur olan insanların sayı ən yüksək həddə çatıb.

Həll olunmamış münaqişələr yeni qaçqın axını yaratmaqda və evlərinə qayıtmaq istəyən milyonlarla qadınları, kişiləri və uşaqları davamlı qeyri-müəyyənlik vəziyyətində saxlamaqda davam edir. Çox vaxt ölüm və işgəncələrdən can qurtaran qaçqın və miqrantları qəbul edən ölkələrdə rəhmlilik, dözümlülük göstərilməkdənsə, ayrı-seçkilik və ksenofobiya göstərilir. Bu, əlbəttə, onların onsuz da ağır vəziyyətini daha da ağırlaşdırır.

F.Nəbiyev həll olunmamış münaqişələr nəticəsində yaranan qaçqın və miqrant axını ilə əlaqədar bildirib ki, Azərbaycan tərəfi bu insanların vəziyyətini yaxşı dərk edir, çünki Azərbaycan özü də işğala məruz qalan ölkədir. 1990-cı illərin əvvəlində Ermənistan-Azərbaycan,  Ermənistanda aparılan etnik təmizləmə, Azərbaycanın 20 faiz ərazisinin işğalı insanların öz doğma yurdlarından didərgin düşmələrinə səbəb olub və bu münaqişə hələ də öz həllini tapmayıb. Bu işğal nəticəsində yaşayış məskənləri, sosial infrastruktur, tarixi, mədəni abidələr, bir sözlə hər şey dağıdılıb, ölkə iqtisadiyyatına külli miqdarda – təxmini hesablamalara görə 500 milyard ABŞ dollarından çox həcmdə ziyan vurulub, insanlar hər şeylərini itiriblər. Sözsüz ki, ən böyük itki müharibədə həyatlarını itirmiş 30 min nəfərədək Azərbaycan vətəndaşıdır.

Ölkədəki qaçqın və məcbur köçkünlərin vəziyyətinə toxunan F.Nəbiyev 10 milyonadək əhaliyə malik, gənc, kiçik bir dövlət olan Azərbaycanın 20 ildən çox müddət ərzində təbii artım hesabına sayı bir milyon 200 mini keçən qaçqın və məcburi köçkünün əsas problemlərini öz üzərinə götürərək həll etdiyini, beynəlxalq hüquq normalarına hörmətlə yanaşdığını, götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyini bildirib. Qeyd edilib ki, bu insan qrupunun ümumi həyat şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq tədbirlər görülür. Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 95 yaşayış qəsəbəsi salınıb, 50 min ailə 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. İndiyədək onların sosial problemlərinin həllinə təxminən 6 milyard ABŞ dolları həcmində vəsait xərclənib.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, ölkəmizin milli qanunvericiliyi qaçqın və məcburi köçkünlərlə bağlı tərəfdar çıxdığı beynəlxalq razılaşmalara tamamilə uyğunlaşdırılmış və hətta bəzi məqamlarda daha çox üstün hüquqlar müəyyən edir. Bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin dəfələrlə qeyd etdiyi kimi, bu kontingentdən olan insanlara dövlət qayğısı və bu problemin vahid mərkəzdən idarə olunmasındakı Azərbaycanın təcrübəsi model kimi digər ölkələrdə istifadə oluna bilər.

Lakin bu insanların böyük bir qisminin bu gün də ağır vəziyyətdə yaşadığını qeyd edən Azərbaycan nümayəndəsi beynəlxalq təşkilatlar və donorların bu məsələyə diqqəti daha da artırmalı və ölkəmizə dəstək verməyi davam etdirməli olduğunu söyləyib.

Daha sonra qeyd edilib ki, dünyada bu sahədə mövcud olan problemlərin həlli üçün ilk növbədə, siyasi maraqlar kənara qoyulmalı, yeni münaqişələrin baş verməməsi üçün ciddi zəmin yaradılmalı və konkret addımlar atılmalıdır. Mövcud münaqişələrin həlli beynəlxalq hüquq normalarına, ələlxüsus dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanmalıdır. Həssas insanların problemlərinin həlli istiqamətində dövlətlər bir-biri ilə və beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, Beynəlxalq Miqrasiya Təşkilatı, Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi beynəlxalq qurumlar ilə daha sıx əməkdaşlıq etməlidirlər.

Azərbaycan tərəfi dəfələrlə qeyd edib ki, məcburi köçkünlərin hüquqlarının qorunmasına dair Afrika Birliyi çərçivəsində qəbul olunmuş konvensiyaya bənzər hüquqi öhdəliklər daşıyan bir beynəlxalq Konvensiyanın qəbul edilməsi zəruridir.

Qeyd edilib ki, bəzi ölkələrin dünyada mövcud olan qaçqın və miqrasiya problemlərindən öz siyasi maraqları üçün sui-istifadə etməsi böyük təəssüf doğurur. Beynəlxalq tribunalardan çoxlu sayda suriyalı qaçqını qəbul etdiyini bəyan edən Ermənistan, 1949-cu il Cenevrə Konvensiyasının tələblərinə zidd olaraq, öz ölkəsindən, digər ölkələrdən xüsusi ilə də Suriyadan olan erməni əsilli qaçqınları Azərbaycanın işğal etdiyi ərazilərində yerləşdirməkdə və Azərbaycan torpaqlarının tarixi adlarını dəyişdirməkdə davam edir. Həmin ərazilərə iki dəfə səfər edən ATƏT-in faktaraşdırıcı missiyası bu cür faktların şahidi olub.

Ermənistan bu gün də atəşkəs rejiminə riayət etmir, mütəmadi olaraq mülki əhaliyə, yaşayış məntəqələrinə atəş açılır. 20 ildən çox keçməsinə baxmayaraq, münaqişə həll olunmur, tarixi haqsızlıq davam edir, nüfuzlu beynəlxalq təşkilatların problemlə bağlı qərar və qətnamələri icrasız qalır, ATƏT-in Minsk qrupunun fəaliyyəti də heç bir nəticə vermir.

Xüsusilə qeyd edilib ki, Azərbaycanın üzləşdiyi bu problem təkcə region üçün deyil, bütün dünyaya təhlükədir. Ermənistan-Azərbaycan münaqişəsi məsələsində Azərbaycanın mövqeyi aydın, məntiqli və haqlıdır: Azərbaycanın işğal altındakı əraziləri erməni işğalından tam azad olunmalı və məcburi köçkünlərin öz evlərinə ləyaqətlə qayıtmaq hüququ təmin edilməlidir.

BMT-in Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi Azərbaycan nümayəndəsinin çıxışından sonra onun fikirlərini dəstəkləyərək bildirib ki, Cənubi Qafqaz regionunda, xüsusilə Azərbaycanda dondurulmuş münaqişələrə son qoyulmalı, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına geri dönmələri təmin edilməlidir.

Həmin gün dünyanın müxtəlif regionlarında qaçqınlara yardım göstərən şəxslər və təşkilatlar üçün təsis edilmiş “Nansen qaçqın mükafatı”nın təqdimetmə mərasimi keçirilib. BMT QAK-ın 2016-cı il üzrə “Nansen” mükafatına Yunanıstanın Lesbos adasında fəaliyyət göstərən və könüllüləri öz ətrafında birləşdirən “Hellenic Rescue Team” (Yunan xilasetmə komandası) qeyri-hökumət təşkilatı layıq görülüb.

BMT QAK-ın İcraiyyə Komitəsinin 67-ci sessiyası öz işinə oktyabrın 7-də yekun vuracaq.

Etikxeber.az

Read Previous

Nazirlik: “Beş yaşlı uşaqların məktəbəhazırlıq təhsilinə başlanılıb…”

Read Next

ATƏT-in İnsan Ölçüsü üzrə görüşündə Azərbaycanda bağlı nədən danışılıb?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir