“Cəsur döyüşcü” medallı cəsur, igid Qızılhacılılar-ŞƏMSİ, ELŞƏN, ELNUR, ŞƏHRİYAR, AQİL, ƏSGƏR, BƏXTİYAR, MÜZƏFFƏR, AQŞİN, ELVİN VƏ AMİL

Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev bu gün daha bir neçə Sərəncam imzalayıb.

Prezidentin imzaladığı sərəncamlarla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunublar.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərmiş 622 hərbi qulluqçu “İgidliyə görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş 1113 hərbi qulluqçu “Döyüşdə fərqlənməyə görə” medalına layiq görülüb.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş 5449 hərbi qulluqçu isə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Qeyd edək ki, medallarla təltif olunanlar arasında Qəhrəman Goranboyun, Birinci Vətən Müharibəsində 3 Milli Qəhrəmanı (hər üçü də Şəhiddir) və İkinci Vətən Müharibəsində 1 “Vətən Müharibəsi Qəhrəmanı” olan, həm birinci, həm ikinci Qarabağ savaşında ümumilikdə 30-dan çox Şəhid verən Qızılhacılı qəsəbəsinin də bir neçə igidi var.

Belə ki, Qızılhacılıdan olan hərbçi və MAXE-lərdən ən azı 10-u “Cəsur döyüşcü” medalına layiq görülüblər.

Bunlar leytenant Elşən Ayaz oğlu Eminli, leytenant Elnur Rizvan oğlu Xəlilov, gizir Şəhriyar Vahid oğlu Eminov, kiçik çavuş Eminov Aqil Vahid oğlu– əsgərlər -(MAXE) Şəmsi Sahib oğlu Hacıyev, Elvin Yasin oğlu Həsənov, Bəxtiyar Vəli oğlu ( mərhum xanəndə Vəlinin oğlu) Hümbətov, Müzəffər Maqsud oğlu Abbasov, Aqşin Eldar oğlu AbdullayevƏsgər Etibar oğlu Əsgərovdur.

Adları çəkilənlərin, medallarla təltif olunan hərbçi və əsgərlərin bəziləri həm İkinci Vətən Müharibəsinin, həm də 2016-cı ilin Aprel döyüşlərinin iştirakçıları olublar.

Belə ki, Şəhriyar Eminov 4 günlük Aprel əməliyyatları zamanı Cocuq Mərcanlının işğaldan azad edilməsində, MAXE Şəmsi Hacıyev isə Tərtərin (Ağdərənin) Talış kəndi istiqamətində döyüşlərdə iştirak edib.

MAXE-lər Şəmsi Hacıyev, Müzəffər Abbasov, Aqşin Abdullayev, həmçinin, leytenant Elnur Xəlilov və kiçik çavuş Aqil Eminov İkinci Vətən Müharibəsi zamanı döyüşlərdə ağır yaralanıblar.

Hazırda da müalicələrini davam etdirməkdədirlər.

Sentyabrın 30-da yaralanan Şəmsi Hacıyevin sağ gözü 7 dəfə əməliyyat olunub, 15-20 gündən sonra növbəti-8-ci dəfə əməliyyat ediləcək.

Bədəninin digər nahiyələrində də qəlpə yaraları var.

Elnur Xəlilov da döyüşlərdə çox ağır yaralanıb, ölümdən dönüb, yaxınlarının dediyinə görə, bədənindən nə az-nə çox, bir bankaya yaxın qəlpə çıxarılıb.

Hazırda kənddəki evlərində müalicə-müayinə keçən Elnurun yenidən Bakıya dönməsi, müalicəsini davam etdirməsi gözlənilir.

Elşən Eminli də döyüşlər zamanı yaralanıb və sonra yenidən cəbhə bölgəsinə yollanıb, yenə də ön xətdə xidmətdədir.

Müzəffər Aqşinin də səhhətlərində problemlər qalmaqdadır.

Həmçinin, İkinci Vətən Müharibəsinin iştirakçısı və Qazilərindən olan Aqil Eminov (Şəhriyar Eminovla qardaşdırlar, hər ikisi də ailəli, övlad atasıdırlar) döyüşlər zamanı çox ağır yaralınıb, əvvəl Bakıda müalicə alıb, hazırda isə kənddəki evlərində müalicəsini davam etdirməkdədir.

Səhhətində hələ də ciddi problemlər qalmaqdadır.

Bununla yanaşı, Qızılhacılı qəsəbəsinə daxil olan Balakürdün igid övladı, döyüşlər zamanı ağır yaralanan Amil Asəf oğlu Abbasov “Cəsur döyüşçü” medalına layiq görülənlər arasındadır.

Medallarla təltif olunan igidlərimizi, onların ailələrini təbrik edir, göz aydınlığı veririk.

Həmçinin, yaralılarımıza şəfa diləyir, tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq.

Fəxrimiz, qürurumuzsunuz-Qəhrəman Azərbaycanın, Qəhrəman Goranboyun, Qəhrəman Qızılhacılının Qəhrəman oğulları!

Sizlərə borclu və minnətdarıq, qarşınızda baş əyirik!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

“Dağlıq Qarabağ münaqişəsi barədə biz keçmiş zamanda danışmalıyıq: Bu, artıq tarixdir”- İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında-ÇIXIŞ ETDİ – YENİLƏNİB – (3) – FOTO-VİDEO

Read Next

Ağdam rayonunda Rusiya-Türkiyə Monitorinq Mərkəzinin yaradılması üzrə iş gedir-PREZİDENT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir