“Çətinə, dara düşən hər bir azərbaycanlının köməyinə, dəstəyinə ilk ölkə prezidenti gəlir” – MİLLƏT VƏKİLİ

“Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu hiss eləsin”. 15 il əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən deyilən bu sözlər bu gün tam təsdiqini tapıb. Dövlət başçısının 15 il ərzində həyata keçirdiyi saysız-hesabsız tədbirlərin, gördüyü işlərin kökündə ölkə vətəndaşları, onların həyat şəraitinin, vəziyyətinin daha da yaxşılaşdırılması, maddi-rifah halının yüksək səviyyəyə qaldırılması durub. Bu isə onu deməyə əsas verir ki, hər bir Azərbaycan vətəndaşı dövlət başçısının diqqət mərkəzindədir, onların yaşayış şəraitinin yaxşılaşdırılması, sağlamlıqlarının qorunması hər zaman yüksək səviyyədə təşkil edilir.

Etikxeber.az xəbər verir ki, bu sözləri deputat Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, aztəminatlı, ailə başçısını itirən, eləcə də şəhid və qazi ailələri, xüsusi qayğıya ehtiyacı olanlara Prezident İlham Əliyevin diqqət və qayğısı davamlı xarakter alıb:

“Bir sözlə, çətinə, dara düşən hər bir azərbaycanlının köməyinə, dəstəyinə ilk inandığı, etibar etdiyi Prezident İlham Əliyev gəlir.

Fevralın 7-də dövlət başçısının Şamaxı rayonunda baş verən təbii fəlakətdən zərər çəkən insanların yanına getməsi, “mən gəlməyə bilməzdim” söyləməsi təkcə şamaxılıların deyil, bütün ölkə vətəndaşlarının ruh yüksəkliyinə səbəb oldu.

Dövlət başçısının hər bir ölkə vətəndaşına göstərdiyi diqqət, qayğı xalqın öz Prezidentinə olan inamını daha da artırır.

Şəhid ailələri ilə son görüşündə Prezident İlham Əliyevin dediyi “Bir dənə də şəhid ailəsi qalmayacaq ki, dövlət ona ev və ya mənzil verməsin” ifadəsi və bu sahədə olan problemləri köklü surətdə həll etməsi dövlətin vətəndaşının, şəhid ailələrinin yanında olduğunu bir daha göstərdi. Bu görüşdə yaşanan həssas məqamlar da xalqın gözündən yayınmadı. Dövlət başçısının şəhid ailəsindən olan yaşlı insanların əllərindən tutması, həyəcan keçirən ağsaqqal şəhid atasına su verməsi dövlət başçısının öz vətəndaşına göstərdiyi səmimi münasibətin təsdiqidir.

Belə həssas məqamlardan biri də Prezident İlham Əliyevin gənclərlə görüşündə yaşandı. Dövlət başçısının əlil gəncə yaxınlaşması, onu təbrik edərək, təltif etməsi də Azərbaycan gəncinə olan dəyərin göstəricisi kimi yaddaşlara yazıldı.

2018-ci il noyabrın 20-də Gəncə şəhərində dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış nəticəsində ziyan çəkmiş sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması da Prezident İlham Əliyevin diqqətindən kənarda qalmadı. Qəza nəticəsində evlərini itirən, üzüntü, kədər içərisində olan bina sakinləri üçün yeni çoxmənzilli yaşayış binasının tikintisinə maliyyə vəsaiti ayırması ölkə Prezidentinin çoxminli humanist qərarlarından oldu.

Ölkənin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də insanlar dövlət başçısı tərəfindən həyata keçirilən tədbirləri, imzalanan sərəncam və fərmanları yüksək qiymətləndirir, atılan addımları alqışlayırlar. Yaxşı bilirlər ki, Prezident İlham Əliyevin uğurlu və mütərəqqi sosial siyasəti, hər bir vətəndaşına olan yüksək münasibəti xalqın həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir”.

Etikxeber.az

Read Previous

Xocalı soyqırımının 27-ci ildönümünün keçirilməsinə dair tədbirlər planı təsdiq edildi

Read Next

Çaya aşan ekskavatorun sürücüsünün axtarışları davam etdirilir – FHN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir