“Çalışacağıq ki, gənclərimiz seçkidə namizəd qismində iştirak etsin və özlərini sınasınlar” – ƏLİ ƏHMƏDOV

YAP bələdiyyə seçkilərində daha çox gəncləri namizəd irəli sürəcək

Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr var. Onlar bundan qıcıqlanır, bizim inkişafımızdan məyus olurlar. İnkişafın qarşısını almaq üçün müxtəlif formada tədbirlər görməyə çalışırlar.

Etikxeber.az məlumat verir ki, bunu baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi – sədr müavini Əli Əhmədov YAP-da gənclərlə keçirilən görüşdə deyib.

İcra katibi bildirib ki, bəlkə də bunu normal qəbul etmək olar:

“Çünki inkişaf edən dövlətə ayrı-ayrı dövlətlərin və yaxud ayrı-ayrı beynəlxalq təşkilatların qıcıqlanması bir qədər başa düşüləndir. Başa düşülməyən isə odur ki, ölkəmizin daxilində olan və müxalifət adı altında Azərbaycana böhtan atan, reallıqları təhrif edərək vətəndaşları çaşdırmağa çalışanlar var. Mən cəmiyyətin çox cüzi hissəsini təşkil edən radikal müxalifətə demək istəyirəm ki, Azərbaycanda söz azadlığı təmin edilir. Ancaq bundan sui-istifadə edərək Azərbaycanda qarşıdurma yaratmağa çalışan, ölkədəki sabitliyi pozmaq niyyətinə düşən qüvvələr də var”.

Ə.Əhmədov qeyd edib ki, müxalifətin bir hissəsi olan radikal müxalifət mitinqdən qarşıdurma yaratmaq üçün istifadə edir:

“Onlar söz və fikir azadlığından Azərbaycan xalqını təhqir etmək üçün istifadə edirlər və öz siyasi fəaliyyətlərində Azərbaycan üçün mümkün ola biləcək ən pis ssenariləri əsas götürürlər. Azərbaycana düşmən mövqedə duran istənilən xarici qüvvələrlə sinxron fəaliyyət göstərirlər. Bəzi hallarda bir yerdə də fəaliyyyət göstərirlər və onların tapşırıqlarını yerinə yetirirlər. Bu mənada Yeni Azərbaycan Partiyasının sıralarında olan gənclər bu həqiqətləri öz həmyaşıdlarına, dostlarına izah etməyə borcludurlar. Bu, partiya üzvü olaraq onların daşıdığı vəzifədir”.

Ə.Əhmədov daha sonra qeyd edib ki, partiyanın sıralarında çoxlu sayda gənclər var:

“YAP-ın 700 mindən çox üzvünün əksəriyyəti gənclərdir. Hər il partiyaya 25-30 min arasında yeni üzvlər qəbul olunur və bu üzvlər arasında gənclər üstünlük təşkil edir. Bu o deməkdir ki, gənclər Heydər Əliyev irsini öyrənməyə önəm verir, Prezident İlham Əliyevin siyasətini dəstəkləyir və bunu YAP-a üzv olmaqla nümayiş etdirirlər”.

YAP rəsmisinin dediyinə görə, seçki kampaniyalarının uğurla baş tutmasına da gənclər böyük töhfələrini verirlər:

“Bütün bunların hamısı ondan xəbər verir ki, gənclər YAP-ın fəaliyyətinə dəstək verirlər. Bizim də gənclərdən gözləntilərimiz odur ki, yaxşı oxusunlar, biliklərə yiyələnsinlər, yaxşı mütəxəsislər olsunlar. Ən əsası gənclərimiz vətənpərvər olmalıdır. Harda olmalarından asılı olmayaraq vətənpərvərlik prinsipi əsasında davranmalıdır. Gənclər, eyni zamanda ictimai-siyasi həyatda da fəal olmalıdırlar, çünki bugünkü gənclər gələcək siyasətçilərdir, idarəedicilərdir”.

YAP-ın icra katibi vurğulayıb ki, partiya öz imkanları çərçivəsində gənclərə şərait yaradır ki, fəallıqlarını nümayiş etdirsinlər:

“2019-cu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək. Biz çalışacağıq ki, fəal gənclərimiz seçkidə namizəd qismində iştirak etsin və özlərini sınasınlar. Bununla da ölkənin ictimai-siyasi həyatında daha yaxından iştirak etmək imkanları əldə etsinlər”.

Etikxeber.az

 

 

Read Previous

Deputatlar sosial şəbəkələri sərt tənqid etdilər…

Read Next

“Bəzən boş yerə danışırlar…” – HACI MADƏRDƏN DEPUTAT HƏMKARLARINA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir