“Çalışarıq gürcülərə də yardım edək ki…” – NƏRİMAN QASIMOĞLU YAZDI

Gürcüstan ərazisində torpaqlarımızın işğalında iştirak etmiş birisinə büst qoyulmasının başqa adı yoxdur, hörmətsizlikdir, heysiyyatı olan Azərbaycanlılar bunu birmənalı şəkildə qınamalıdırlar.

Ötən il bir yazımda bizimkilərin indiyədək hamılıqla diqqətindən qaçmış başqa bir biabırçı məqamdan söz salmışdım.

Azərbaycanla, Azərbaycanlılarla dostluğa hər zaman and içmiş M.Saakaşvilinin 2004-cü ildə hakimiyyətə gəlişi ilə gürcülərin qəbul etdikləri dövlət himnində onlar da torpaqlarımıza ərazi iddiasını ifadə ediblərmiş. Sətiraltı məzmunda:

Bu gün azadlığımız

Həmd oxuyur gələcəyin şəninə,

Dan ulduzu yüksələr də

iki dəniz arasında bərq vurar.

Qonşularımız 1918-1921-ci ildə mövcud olmuş Gürcüstan Demokratik Respublikasının himni kimi qəbul etdiklərini 2004-cü ildə dəyişiblərmiş. Əvvəlki himnlərində sözlər Tanrıya həmd oxumaqla başlayır, sonra bu alqışlar ünvanlanır “yer üzündə cənnətə”, “işıq saçan İberiyaya”, “qardaşlığa”, “birliyə”, “əbədiyyən yaşayacaq gürcü xalqına” və s.

“İberiya” isə vaxtilə müasir Gürcüstanın şərq hissəsində – qərbdə Kolkis, şərqdə Albaniya, cənubda Armenia ilə sərhədlənən bir ərazidə yerləşmiş Kartli çarlığının tarixi-siyasi ərazisini bildirir.

Gürcülərin birinci himnindəki “İberiya”nın dənizə çıxışı olmayıb. Kolkis çarlığında yaşayanlar da, deyilənə görə, gürcülərin etnogenezində iştirak ediblərmiş, onların ərazisi isə qərbdən Qara dənizlə sərhədlənibmiş.

Yeni himn 2004-cü ildə uğurlarından başı gicəllənən Saakaşvilinin təşəbbüsü ilə qəbul edilib. İndi möhtərəm qonşularımızdan soruşanda bu “iki dəniz” məsələsinə özləri aydınlıq gətirsinlər, bəziləri aşkar deyirlər ki, dənizlərdən biri Qara dəniz, o biri Xəzər dənizidir, orta əsrlərin hansı çağındasa uzantısı Xəzərədək gedib çıxan dövlətləri olub. Yəni bu nadanların sətiraltı ərazi iddialarının paytaxtımıza da dəxli var. Bəziləri isə, cavabdan sadəcə yayınırlar. Gürcüstanın Bakıdakı səfirliyinin əməkdaşları da cavabdan qaçanların sırasındadır.

Amerikanın Pew Research Centre-in 2018-ci ilin sonuna olan hesabatında “Avropada ən şovinist mədəniyyətlər” ( https://bigthink.com/stran…/pew-cultural-superiority-europe… ) bölməsində gürcülər 2-ci, ermənilər 3-cü yeri tuturlar. Bu ölkələrdə rəy sorğusunda iştirak etmiş gürcülərin 85%-i, ermənilərin 84%-i deyib ki, onlar mədəniyyətcə başqa millətlərdən üstündürlər.

21-ci əsrdə, qloballaşmanın təsirilə mədəniyyətlərin yaxınlaşması, zənginləşməsi dövründə, etnik-milli-mədəni müxtəlifliyin ali dəyər kimi élan olunduğu bir zaman qonşularımızın nə gündə olduğu təəssüf doğurur.

Ərazilərimizi azad edəndən sonra çalışarıq gürcülərə də yardım edək 1918-1921-ci ildə mövcud olmuş Gürcüstan Demokratik Respublikasının himnini bərpa etsinlər.

Nəriman QASIMOĞLU

Etikxeber.az

Read Previous

SOCAR “KazMunayQaz” ilə anlaşdı – FOTO

Read Next

Əlillər və şəhid ailələrinin şəraitinin yaxşılaşdırılması üçün 35 milyon ayrıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir