“Çalışırdılar və arzulayırdılar ki…” – MİLLƏT VƏKİLİ

Rafael Hüseynov: Təzyiqlər onu törədənlərin gözlədiyinin əksinə olaraq əks-effekt verir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk iş günündə Büro və Daimi Komitənin hesabatları, sonra isə Azərbaycanda aprelin 11-də keçirilmiş prezident seçkiləri ilə bağlı hesabat müzakirə edilib.

Etikxeber.az-ın xəbərinə görə, Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Rafael Hüseynov çıxışında  ölkəmizdə prezident seçkilərinin ən yüksək dünya standartlarına uyğun keçirildiyini qeyd edib.

Bildirib ki, ölkəmizdə keçirilən son prezident seçkiləri Azərbaycan xalqının mütləq əksəriyyətinin iradəsinin ifadəsi idi.

rafael-aspa-1

Onun qeyd etdiyinə görə, amma bir sıra qüvvələr çox çalışırdılar və arzulayırdılar ki, bu, belə alınmasın. Yəni, seçkilərin nəticəsi xalqın iradəsinin ifadəsi olmasın.

“Mən sevinirəm ki, həmin qara qüvvələr Azərbaycan xalqının iradəsinə qalib gələ bilmədilər. Ancaq bunu da qeyd etməliyəm ki, həmin təzyiqlər onu törədənlərin gözlədiyinin əksinə olaraq əks-effekt verir. Azərbaycan xalqının öz seçdiyi liderinə inamını, sədaqətini daha da artırır”-deyə, o, vurğulayıb.

Deputat mayda Xalq Cümhuriyyətinin 100 illiyini bayram etmiş və müstəqilliyin çətin yolu ilə inamla irəliləyən Azərbaycana qarşı bu qəbil təzyiqlərin təsadüfi olmadığını da  bildirib.

Qeyd edib ki, 2018-ci il Azərbaycan və onun əhalisi üçün çox əlamətdardır, düz 100 il əvvəl Azərbaycan müsəlman Şərqində ilk demokratik respublikanı qurub.

Millət vəkilinin bildirdiyinə görə, 100 il əvvəl Azərbaycan öz ilk milli parlamentini yaradıb və xalqa bir çox azadlıqları bəxş edib, ancaq  AŞPA-nın üzv ölkələrinin əksəriyyətindən əvvəl qadınlara seçib-seçilmək hüququnu Azərbaycan məhz həmin tarixdə verib.

R.Hüseynov çıxışında sonra deyib:

“Lakin təəssüf ki, 1920-ci ildə Azərbaycan işğala məruz qaldı. Müstəqillik qəsb edildi. Azərbaycan 70 il kommunist rejimi içərisində yaşamağa məcbur oldu. Artıq 27 ildir ki, müstəqilliyimizi bərpa etmişik, yenidən demokratiya yolu ilə irəliləyirik. Bir dəfə itirdiyimizə görə biz müstəqil olmağın mənasını və bəxtiyarlığını bəlkə də müstəqilliyinin yaşı yüz illərlə ölçülən ölkələrdən daha artıq hiss edirik. Keçirdiyimiz azad, şəffaf, demokratik seçkilər də bu müstəqilliyin əlavə bir təsdiqinə çevrildi”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Səməd Seyidov AŞPA-nın yenidən vitse-prezidenti seçildi…

Read Next

Uruqvay Rusiyanı darmadağın etdi…İran- Portuqaliya-1:1, İspaniya – Mərakeş-2:2 – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir