“Casus şəbəkəsinin, cinayətkar qrupun ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür” – QARALOV

“Bu casus şəbəkəsinin, cinayətkar qrupun ifşasında Müdafiə Nazirliyinin rolu böyükdür”.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün baş prokuror Zakir Qaralov bildirib.

Baş prokuror deyib ki, bu cinayət işinin ətrafında Azərbaycan Ordusuna ləkə vurmaq istəyən qüvvələr, bəzi KİV həqiqətə uyğun olmayan, dövlət təhlükəsizliyimizə xələl gətirən məlumatlar, məqalələr dərc etməkdədir:

“Artıq 6 KİV-ə Baş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edilib. Bütün KİV-i bu məlumatları işıqlandırmaqdan çəkinməyə çağırıram. Azərbaycan müharibə şəraitindədir, heç kəsin ixtiyarı yoxdur ki, Azərbaycan Ordusuna, onun hərbi qüdrətinə, qeyrətli övladlarımıza ləkə vursun. İstənilən hallar mövcud ola bilər, ancaq dövlətin qurumları bunun qarşısını alıb. Dövlətimizin hərbi qüdrəti üçün bu gün hər hansı təhlükə yoxdur”.

“Uzun illər özünü müxalifət adlandıran, qanunvericiliyə uyğun qeydiyyatdan keçməyən həm siyasi partiyalar, həm QHT qanunvericiliyin tələblərini, xüsusən, maliyyə şəffaflığı sahəsində tələbləri pozub”.

Bunu da Z. Qaralov deyib.

Baş prokuror bildirib ki, partiyalar Mərkəzi Seçki Komissiyasına, QHT isə Maliyyə Nazirliyinə aldıqları qrantlar, beynəlxalq təşkilatlardan aldıqları pullar barədə məlumatlar verməlidir:

“Onlar uzun illərdir, bu barədə müvafiq məlumatlar təqdim etmirdi. Biz məcbur olduq ki, bir sıra ciddi tədbirlər görək ki, onları qanuna dəvət edək.

Bu sahədə qanun təkmilləşəndən sonra, onlar hər hansı qeyri-qanuni yolla Azərbaycanda bu vəsaiti ala bilmirlər. Həmin QHT və partiyalar digər ölkələrdə şəxsi hesablar açmaqla, ölkəyə qanunsuz maliyyə gətirmək istəyir. Bunun qarşısı tam ciddiliklə alınır və alınacaq. Bu insanlar on illərlə heç bir işlə məşğul olmadıqları, hər hansı qurumlarda işləmədikləri halda cangüdənləri necə saxlayır, xarici avtomobillər alırlar? Nə üçün onlar maliyyə hesabatı vermirlər?

Məsələn, Yeni Azərbaycan Partiyası müvafiq hesabat verir. Qeyri-qanuni fəaliyyət göstərən qurumlar isə qanunun aliliyindən danışır, ancaq bu cür qanunsuz qrant korrupsiyasına qoşulurlar. Həmin qeyri-qanuni mənbələr bizim tərəfimizdən müəyyən ediləcək. Artıq vaxt çatıb ki, bu qurumların maliyyə mənbələri tam ciddi şəkildə geniş miqyasda yoxlanılsın”.

Etikxeber.az

Read Previous

Qətər hökuməti bu yaxınlarda terrorçulara 1 milyard dollara yaxın pul ödəyib – İDDİA

Read Next

Hesablaşmalar əməliyyat-axtarış, kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil olunmayacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir