“Ciddi problemlər hələ də mövcuddur…” – MƏMMƏDYAROV

Xarici işlər naziri Elmar Məmmədyarov  BMT Təhlükəsizlik Şurasının Nazirlər Debatında “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə BMT ilə regional və sub-regional təşkilatlar arasında əməkdaşlıq:
KTMT, MDB və ŞƏT-in terror təhlükələrinə qarşı mübarizədə töhfəsi” mövzusunda çıxış edib.
Etikxeber.az-ın xəbərinə görə, nazir çıxışında bunları bildirib:

“Öncə, beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə BMT ilə regional və sub-regional təşkilatlar arasındakı əməkdaşlıqla bağlı bugünkü vacib müzakirələrin təşkil edilməsi təşəbbüsünə görə Rusiya Federasiyasına təşəkkürümü bildirmək istərdim.

Terrorizm və bununla əlaqəli cinayətkar fəaliyyətlər, beynəlxalq sülhə və təhlükəsizliyə, insan hüquqları və əsas azadlıqlarından sərbəst istifadə edilməsinə, o cümlədən bütün üzv dövlətlərin siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə ciddi təhlükə olmaqda davam edir. Bu cür fəaliyyətlər sosial və iqtisadi inkişafa da mane olur.

Terrorizm ən ağır cinayətlərdən biridir və buna görə də pislənilməli və bunu törədənlər mühakimə olunmalıdır. Terrorçuların müdafiə edilməsi və ideallaşdırılması hallarına yol verilməməlidir.

Azərbaycanın həssas coğrafi mövqeyi və bölgədəki həll olunmamış münaqişələrin davam etməsi, üstəlik hamiya məlum olan etnik təmizləmə və ölkəmin suveren ərazilərinin işğalı, terrorçuluq da daxil olmaqla transsərhəd təhlükələrin səviyyəsini yüksəldir. 1980-ci illərin sonundan etibarən, əsassız və qanunsuz ərazi iddialarını həyata keçirmək üçün bir vasitə və müharibə üsulu olaraq, Azərbaycana qarşı dəfələrlə, minlərlə vətəndaşın ölümünə səbəb olan xaricdən yönləndirilmiş terror hücumları həyata keçirilmişdir.

Terrorizmin yayılmasına səbəb olan bütün amillərin aradan qaldırılmasının vacibliyini dərk etməklə yanaşı, dünyanın müxtəlif yerlərində münaqişələrin həlli istiqamətindəki səyləri gücləndirmək vacibdir. Silahlı münaqişə bölgələri, xüsusən də xarici hərbi işğal altında olan ərazilər, terrorçulara və mütəşəkkil cinayətkar qrup və şəbəkələrə təbii sərvətlərin istismarı, narkotik vasitələrin və mədəni sərvətlərin qanunsuz dövriyyəsi, çirkli pulların yuyulması və digər əlaqəli cinayətlərdən yararlanmaq üçün əlverişli şərait yaradır”.

Nazir sonra qeyd edib:

“Əməkdaşlığın və əlaqələndirmənin inkişaf etdirilməsi və üzv dövlətlərin beynəlxalq terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə imkanlarının gücləndirilməsi üçün Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq, regional və sub-regional təşkilatlar tərəfindən əhəmiyyətli səylər göstərildiyini təqdir edirik.

Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü kimi Azərbaycan Respublikası, dövlətlərin suveren bərabərliyi və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq bu çoxtərəfli platforma çərçivəsində əməkdaşlığın davam etdirilməsində və ikitərəfli əsasda MDB üzv dövlətləri ilə qarşılıqlı faydalı iqtisadi, siyasi, hüquqi və humanitar əlaqələrin inkişafında maraqlıdır.

Dialoq tərəfdaşı kimi Azərbaycan, dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmət kimi dəyərlərə/normalara əsaslanan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) məqsəd və prinsiplərini bölüşür və BMT ilə ŞƏT arasında davamlı əməkdaşlığı tam dəstəklədiyini bir daha izhar edir.

Azərbaycan, regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi, terrorizm, ekstremizm və separatizm, habelə narkotik ticarəti və əlaqəli cinayətkarlığa qarşı mübarizə aparılması, o cümlədən qarşılıqlı maraq və narahatlıq doğuran digər sahələrdə regional əməkdaşlığın təşviq edilməsi üçün ŞƏT ilə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməkdən məmnundur.

Birləşmiş Millətlər Təşkilatı və regional təşkilatlar arasında əməkdaşlıq, Birləşmiş Millətlər Təşkilatının məqsəd və prinsiplərinin təşviq edilməsi baxımından zəruridir. Bir sıra hallarda aydındır ki, regional və sub-regional təşkilatlar bu xüsusda əvəzedilməz mexanizmlərdir.

Bununla yanaşı, ciddi problemlər hələ də mövcuddur. Regional təşkilatlar öz bölgələrinin qarşılaşdıqları təhdid və çətinlikləri dərk etmək bacarığına malik olsalar da, heç də hamısı, onlara üzv dövlətlərin qanunla müəyyən edilmiş müvafiq öhdəliklərinə əməl etmələrini təmin etmək qabiliyyəti, siyasi iradəsi və institusional potensialına sahib deyillər.  

Hər şeydən əvvəl, regional təşkilatlar beynəlxalq hüququ kobud şəkildə pozan və cəzasızlıq mədəniyyətini təbliğ edənlər tərəfindən sui-istifadə olunmaları hallarına yol verməməlidirlər. Bütün üzv dövlətlərin beynəlxalq öhdəliklərinə əməl etmələri və BMT Nizamnaməsinin tələb etdiyi kimi, BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələri yerinə yetirmələri çox vacibdir.

Onlar həmçinin terror və əlaqəli cinayətkar fəaliyyətlərin, xüsusilə də hər hansı bir bəhanə və ya sipər altında, bilavasitə və ya dolayı yolla dəstəklənməsi və ya maliyyələşdirilməsi üçün öz ərazilərinin istifadə edilməmədiyindən əmin olmalıdırlar…”.

Etikxeber.az

Read Previous

YAP-çılar “Ambutant” futbol klubunun üzvləri ilə görüşdü – FOTO

Read Next

“Testi Azərbaycana gətirməyi Firudin Cəlilov təklif etmişdi, Vurğun təmiz insanıydı” – MİSİR MƏRDANOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir