“Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq…”-ELDAR İBRAHİMOV YAZIR – (İKİNCİ-SONUNCU HİSSƏ)

“Heydər Əliyev onların təkliflərini qəbul etmirdi…”

***

İkinci-sonuncu hissə

Xalqın çağırışını qəbul edən Heydər Əliyev 1993-cü il iyunun 15-də ölkənin ali qanunverici orqanının sədri, bir neçə ay sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi.

Qısa zaman kəsiyində baş vermiş tarixi hadisələr, faciələrimiz parlamentin müzakirəsinə çıxarıldı, onlara hüquqi-siyasi qiymət verildi.

Separatçı ermənilər tərəfindən  başlanmış   Ermənistan-Azərbaycan müharibəsində  1994-cü il mayın 12-də atəşkəsə nail olunması onun uzaqgörən siyasəti nəticəsində mümkün oldu.

Bundan sonra ölkədə siyasi və iqtisadi  sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşdirilməsi istiqamətində möhkəm addımlar atıldı və 1995-ci ildə Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə müstəqil Azərbaycan Respublikasının ilk  yeni Konstitusiyası qəbul olundu. Onun rəhbərliyi ilə həyata keçirilən düşünülmüş tədbirlər nəticəsində əvvəlki iqtidarların dövründən başlayan sosial-iqtisadi tənəzzülün qarşısı qısa müddət ərzində  alındı. 

Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən qüvvələr 1994-cü və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etmiş, terror aktları törətmək istəmişlər. Lakin Azərbaycan xalqının və onun liderinin əleyhinə yönəlmiş bu dövlətə və insanlığa zidd hərəkətlərin qarşısı vaxtında və yüksək peşəkarlıqla alındı.

Heydər Əliyev müstəqil və suveren  Azərbaycanın daxili məsələlərini ustalıqla həll etməklə yanaşı, xarici siyasətini də  formalaşdırmağa başladı. Əvvəlki hakimiyyətlərin dövründə populist açıqlamalar, qeyri-real yanaşmalar nəticəsində qonşu ölkələrlə pozulmuş münasibətlər qaydasına salındı. Ümummilli Liderin çoxsaylı xarici səfərləri ilə Azərbaycanın dünyanın öndə gedən dövlətlərlə xoşniyyətli əlaqələri yaradılaraq  möhkəmləndi  və respublikamıza uğur gətirən və bu gün də davam etdirilən xarici siyasət xəttinin tətbiqinə başlandı.

Azərbaycan həm Rusiya, həm də ABŞ və Avropa ölkələri ilə yaxın qonşuluq,  dostluq və  strateji tərəfdaşlıq   münasibətləri  yaratmağa nail oldu. Türkiyə ilə “bir millət-iki dövlət” prinsipi əsasında əlaqələr daha da möhkəmləndi. Siyasi sabitlik əldə edildikdən və tərəfdaş ölkələrlə əlverişli  əlaqələr qurulduqdan sonra ölkə iqtisadiyyatının inkişafı ilə bağlı çox ciddi islahatlara start verildi. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın gələcəyini müəyyənləşdirən yeni neft strategiyası işlənib hazırlandı və həyata keçirilməyə başlandı.

Ciddi təzyiqlərə, bəzi böyük dövlətlərin etirazlarına baxmayaraq, Ulu Öndərin səyi nəticəsində Xəzərin  Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” və “Günəşli”  neft yataqlarının birgə  işlənməsinə   dair öz əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını almış beynəlxalq müqavilə dünyanın 8 ölkəsini təmsil edən 13 iri  transmilli şirkət tərəfindən imzalandı. Bundan sonra   Azərbaycanın enerji resurslarını  dünya bazarlarına çıxarmaq üçün Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərlərinin tikintisinə başlandı. Bütün bunlar Ümummilli Liderin özünün dediyi kimi, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi. 

Bu addımlar sırasında Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq ölkəmizdə sosialyönümlü bazar iqtisadiyyatının bərqərar olması üçün həyata keçirilən əsaslı tədbirləri  də qeyd etmək olar. Belə ki,  ilk növbədə, iqtisadi islahatlara başlamaq qərara alındı və bu məqsədlə ölkə Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə hüquqi bazanın yaradılmasına  start verildi. Respublika əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının  mühüm əhəmiyyət kəsb etməsini  nəzərə alaraq, 1996-cı ildə “Torpaq islahatı haqqında”  və aqrar  məsələlərə dair bir sıra qanunlar və digər normativ hüquqi aktlar qəbul edildi.

Eyni zamanda dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsinə dair  dövlət proqramları və digər sənədlər imzalandı. Uğurla həyata keçirilən bu və digər tədbirlər nəticəsində  Azərbaycan Respublikası müstəqilliyinin ilk dövrlərində məruz düşdüyü çətinlikdən qurtularaq sosial-iqtisadi inkişafa başladı. Onu da qeyd etmək lazımdır ki, iqtisadi islahatlara başqa postsovet respublikalarından fərqli olaraq vaxtında və hüquqi müstəvidə başlanması ölkəmizin müstəqil dövlət kimi heç kimdən iqtisadi asılılığı olmadan möhkəm əsaslar üzərində davamlı inkişafına etibarlı zəmin yaratdı. 

Ulu Öndər Heydər Əliyevin həyatının  30 ildən artıq bir dövrü Azərbaycan tarixinin parlaq səhifəsini, ölkənin dirçəliş, inkişaf mərhələsini təşkil edir. Heydər Əliyev hakimiyyətinin birinci mərhələsində (1969-1982) Azərbaycanı geridə qalmış aqrar respublikadan iqtisadiyyatı dinamik inkişaf edən qabaqcıl  respublikaya çevirdi, respublikanın müstəqil ölkə kimi yaşamasına möhkəm zəmin yaratdı. Görkəmli şəxsiyyət respublikamıza ikinci rəhbərliyi dövründə ölkəmizdə baş qaldırmış  qardaş qırğınının qarşısını aldı, Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından məharətlə  çıxararaq müasir Azərbaycan dövlətinin qurucusu olduğunu sübut etdi.

Heydər Əliyev ikinci dəfə müstəqillik əldə edən Azərbaycanı nəinki qoruyub saxladı, həm də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmaqla, onun dünyanın qabaqcıl ölkələri sırasına çıxmağını təmin etdi. Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri olan Heydər Əliyev sözün əsl mənasında dahi şəxsiyyətdir və qədirbilən xalqımız onu  özünün Ümummilli lideri elan etmişdir. Çünki, özünün dediyi kimi: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezident kimi mənim həyat amalım yalnız Sizə- bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”.

Dahilərin böyüklüyü  isə ondadır ki, onlar hər şeyin əvvəlini bildikləri kimi, sonunu da görür və dərk edirlər. Heydər Əliyev də məhz belə dahilərdən idi.Heydər Əliyevin son qərarı əslində Azərbaycana son borcu və xidməti idi. Bu qərardan Azərbaycan dövlətinin taleyi asılı idi. Heydər Əliyev bu son borcunu da şərəflə yerinə yetirdi. Onun 2003-cü il 1 oktyabr tarixində  doğma xalqına ünvanladığı son müraciəti Vətənə ləyaqətlə xidmətin son nümunəsi oldu.

Ulu Öndər  tarixi müraciətinin sonunda xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı da göstərirdi:

“Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.

Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ulu Öndərin bu tarixi müraciətindən keçən on səkkiz il  onun dediklərinin reallıqla dərindən uzlaşdığını və söylədiyi fikirlərin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində dörd dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli Liderin layiqli varisi olduğunu və Azərbaycan Respublikasını gündən-günə daha yaxşı gələcəyə apardığını sübut etdi.

Bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan Respublikası artıq on səkkiz   ildir ki, hörmətli Prezident İlham Əliyev tərəfindən uğurla idarə olunur və ölkəmiz beynəlxalq aləm və dünyanın aparıcı ölkələri tərəfindən regionun lider ölkəsi kimi qəbul olunur. Bu isə təsadüfi deyildir. Cənab İlham Əliyevin ölkəyə rəhbərliyə başladığı ilk vaxtlardan başlayaraq elmi-texnoloji inkişafa xüsusi diqqət verməsi bu sahədə uğurlu nəticələr əldə etməyə imkan vermişdir.

Bunun sayəsində ölkəmizdə iqtisadiyyatın yeni sahələrinin – müdafiə və kosmos sənayesinin formalaşması, innovasiyaların tətbiqinə əsaslanan sənaye və aqrar  parkların yaradılması, onların ən yeni texnologiyalardan istifadə etməklə daxili bazarın tələbatını ödəyən və ixrac potensialını genişləndirən müxtəlif adda və çeşiddə  məhsullar istehsalına başlaması Azərbaycanın uzun-müddətli dayanıqlı və davamlı inkişafına zəmin yaradır.

Bu isə o deməkdir ki, ölkə rəhbəri dünyada baş verən qlobal proseslərə uyğun müasir çağırışları təmin edən  və gələcək inkişafa imkan verən sosial-iqtisadi siyasət formalaşdırır və onun həyata keçirilməsinə yönəlmiş tədbirlər görür. 

Cənab Prezidentin formalaşdırdığı və həyata keçirdiyi iqtisadi siyasətin əsasını isə iqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektoru ilə yanaşı, qeyri-neft sektorunun da elmi-texnoloji əsaslarla inkişafı təşkil edir. Bu məqsədlə dövlət başçısı qeyri-neft sektorunun prioritet sahələri olan turizm və aqrar sahənin inkişafına daim xüsusi diqqət yetirir və bu sahələrdə uğurlu nəticələr əldə etmək üçün möhkəm maddi-texniki baza və infrastrukturun  yaradılması istiqamətində təsirli tədbirlər görülür. 

Ölkəmizdə sosial və iqtisadi inkişafın qlobal çağrışlara uyğun aparılması  sayəsində Azərbaycan Respublikasının iqtisadiyyatı son 17 il ərzində  3,3 dəfə artmış,   valyuta ehtiyatlarımız 51 milyard manatdan artıq olmuşdur. Bu da respublikamızın  gələcək inkişafının başqa ölkələrdən asılı olmadan valyuta ehtiyatları ilə  etibarlı təminatı deməkdir.

Bu müddətdə sosial məsələlərə xüsusi diqqət yetirilmiş və bunun nəticəsində  işsizlik və yoxsulluq səviyyəsi minimuma endirilmiş, orta aylıq əməkhaqqı və pensiyalar dəfələrlə artmış, əhalinin içməli su və təbii qazla təminatı əsaslı şəkildə yaxşılaşmışdır.

Hörmətli Prezidentin həyata keçirdiyi  uğurlu strategiyanın  nəticəsidir ki, Dünya Bankının “Doinq Business-2020” hesabatına əsasən dünya iqtisadiyyatında baş vermiş böhranlı 2020-ci ildə Azərbaycan mövqeyini  6 pillə yaxşılaşdıraraq  34-cü pillədən 28-ci pilləyə yüksəlmiş, növbəti dəfə  dünyanın “Ən islahatçı 10 ölkəsi” sırasına daxil olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət və dərin islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar sırasında ən uca zirvədə 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixinə kimi davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusunun  Ermənistan üzərində qazandığı parlaq qələbə dayanır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə əldə olunan bu qələbə Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə  yazıldı. Çünki bu qələbə ölkəmizin ərazi bütövlüyünü təmin etdi, Ermənistanın uzun sürən işğalçılıq siyasətinə son qoydu və Azərbaycan Respublikası vətəndaşlarının və dünya azərbaycanlıların qürurunu özünə qaytardı.

 Hazırda işğaldan azad olunmuş əzəli Azərbaycan ərazilərinə “Böyük Qayıdış”la əlaqədar ölkəmiz tamamilə yeni bir dövrə qədəm qoyur.  Bu mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi strateji vəzifə  həmin ərazilərin ölkə iqtisadiyyatına sürətli reinteqrasiyasını təmin etməkdən ibarətdir. Bu məqsədlə cənab Prezidentin tapşırıqlarına uyğun olaraq işğaldan azad olunan ərazilərin minalardan təmizlənərək   bərpa və yenidənqurma işlərinə başlamaq, o cümlədən sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturunun yaradılması, rasional məskunlaşma  siyasətinin  həyata keçirilməsi və bununla da doğma yurduna qayıdan  vətəndaşlarımıza layiqli yaşayış və işgüzar  fəaliyyət üçün hərtərəfli şəraitin yaradılması nəzərdə tutulur.

Artıq bu istiqamətdə hörmətli Prezidentin nəzarəti altında konkret işlər görülür və bu ilin sonuna kimi bir çox obyektlərin istifadəyə verilməsi təmin ediləcəkdir. Bu günlərdə cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə Zəngilan rayonunda ilk “ağıllı” kənd layihəsinin və aeroportun tikintisinin təməli qoyuldu və bununla da “Böyük Qayıdış”ın ilk addımları atıldı. Şübhəsiz ki, bu ərazilərdə aparılan bərpa və yenidənqurma işləri  ölkəmizdə iqtisadiyyatın, xüsusilə aqrar sektorun, turizmin və digər sahələrin inkişafına güclü təkan verəcək, respublikamızın daha qüdrətli bir diyara çevrilməsinə öz töhfəsini verəcəkdir. 

Prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər  bir daha təsdiq edir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və zəfər çalır.

Biz hamımız inanırıq ki,  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası Heydər Əliyev ideyalarına uyğun olaraq gündən-günə inkişaf edən, böyük iqtisadi potensiala malik və demokratik bir ölkə kimi öz suverenliyini və liderliyini daim saxlayacaqdır.

Eldar İBRAHİMOV,

Milli Məclisin İntizam komissiyasının sədri, iqtisad üzrə elmlər doktoru, professor

Etikxeber.az

Read Previous

Azərbaycan İkinci Dünya müharibəsi illərində…-ZİYAD SƏMƏDZADƏ YAZIR

Read Next

Heydər Əliyevin anadan olmasından 98 il-ÖTÜR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir