Çimərliklərdə bağırsaq çöpü bakteriyalarının miqdarı normadan dəfələrlə yüksək olub- NAZİRLİK

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin (XKEMİ) mütəxəssisləri hər il olduğu kimi 2016-cı ildə də BP şirkəti ilə birlikdə dəniz ekoloji ekspedisiyasında iştirak edib. Ekspedisiya zamanı “BP-Azərbaycan” şirkətinin Xəzər dənizinin respublikamıza aid bölməsində operatorluq etdiyi “Azəri”, “Çıraq” “Günəşli” və “Şahdəniz” yataqlarındakı platformalar ətrafından qrunt və su nümunələri götürülüb. İdarənin əməkdaşları tərəfindən ötən ilin hər rübü “Çıraq” platformasında monitorinq keçirilib, qazma əməliyyatları zamanı qazmada istifadə olunan qazma məhlulu, şlam nümunələri və platforma ətrafından dəniz suyu nümunələri götürərək laboratoriyada təhlillər aparılıb.

Nazirlikdən Etikxeber.az-a bildirilib ki, hesabat dövründə çimərliklərin yay istirahət mövsümünə hazırlığı ilə əlaqədar mütəmadi olaraq keçirilən monitorinqlərin nəticələrinə əsasən Sumqayıt, Səbail rayonunun Şıx və Qaradağ rayonunun Sahil qəsəbəsinin çimərlik ərazisində formalaşan tullantı suları müvafiq norma və standartlara uyğun təmizlənmədən və zərərsizləşdirilmədən dənizə axıdıldığına görə bu ərazilərdə bağırsaq çöpü bakteriyalarının və şərti patogen E.coli-nin miqdarı normadan dəfələrlə artıq müəyyən edilib. Aparılmış laborator analizlərə əsasən modul tipli çirkab sutəmizləyici qurğular quraşdırılan sahələrdə bağırsaq çöpü bakteriyalarının miqdarı norma daxilində müəyyənləşdirilib.

Hesabat dövründə XKEMİ-nin mütəxəssisləri Parisdə Avropa ittifaqının “Su Təşəbbüsü” çərçivəsində işçi qrupunun növbəti iclasında, Tbilisidə “Ölkənin təhlükəsizlik sistemləri”nə dair seminarda və Batumidə təşkil olunmuş “Beynəlxalq çay hövzələrinin ətraf mühitinin mühafizəsi” treninq-seminarda iştirak edib.

Ekoloji vəziyyətin öyrənilməsi, Xəzər dənizinə və ətraf mühitə antropogen təsirlərin kəmiyyət və keyfiyyət göstəricilərinin ekoloji kriteriyalarının müəyyən edilməsi, formalaşan tullantıların mövcud qanunvericiliyin tələblərinə uyğun idarə olunması məqsədi ilə il ərzində keçirilən monitorinqlərin nəticələri həftəlik və aylıq bülletenlərdə müvafiq təklif və proqnozlar verilməklə əks etdirilib, tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib.

Etikxeber.az

Read Previous

Qanunsuz siqaret istehsalı ilə məşğul olan ermənilər həbs edilib – POLŞADA

Read Next

Suraxanı və Nərimanov rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir