“Azərbaycan prezidenti İlham Əliyevin Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam tarixi addım, tarixi qərardır. Bu, böyük hadisələrin müjdəçisi, başlanğıcıdır”.
Etikxeber.az-ın xəbərinə görə, bu sözləri baş nazirin müavini Əli Əhmədov deyib.
O, bildirib ki, sərəncam Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində həyata keçirdiyi çox əhəmiyyətli addımlardan biridir:
“Azərbaycan dövləti və hökuməti bununla işğal atında olan torpaqlarımızı geriyə qaytarmaq əzmini bir daha qəti şəkildə ortaya qoydu. Biz geriyə qaytardığımız torpaqları bir kəndin timsalında bərpa etməklə, cəmiyyətin yüksək əhval-ruhiyyəsini, ovqatını bütün dünyaya, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış beynəlxalq təşkilatlara, torpaqlarımızı müvəqqəti də olsa işğal altında saxlayan erməni tərəfinə mesajlarımızı vermiş oluruq. Bütün cəmiyyətimizin əhval-ruhiyyəsi və mövqeyi ondan ibarətdir ki, nəyin bahasına olursa olsun, Azərbaycan işğal olunmuş torpaqlarını geri qaytaracaq, bu ərazilər bərpa olunacaq. Bizim məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdacaqlar. Bununla da, həm Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, həm də böyük tarixi ədalətsizlik aradan qaldırılacaq”.
Ə. Əhmədov qeyd edib ki, Cocuq Mərcanlıda görüləcək işləri dövlət həyata keçirəcək:
“Amma mən hesab edirəm ki, torpaqlarımız işğaldan azad edildikcə, beynəlxalq qurumlar həmin torpaqların bərpa olunmasına yardımlar göstərəcəklər, qrantlar ayıracaqlar. Lakin bu, gələcəyin işidir”.
Qeyd edək ki, 1994-cü ildə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 4 milyon manat ayrılıb.
Etikxeber.az