Cocuq Mərcanlının bərpası Ermənistana, onu “bəsləyənlər”ə ciddi mesajdır – SƏLİMOV

Millət vəkili Eldəniz Səlimov hesab edir ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası işğalçı və təcavüzkar Ermənistana, onu “bəsləyənlər”ə çox ciddi bir mesajdır.

Millət vəkilinin bu haqda Etikxeber.az-a dediyinə görə, bu addımla təcavüzkar dövlətə bir daha açıq və sərt şəkildə bəyan edilir ki, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi mövqeyindən heç bir zaman geri çəkilməyib və çəkilməyəcək, əksinə, bu məsələdə daha qətiyyətli, daha israrlı və güzəştsiz olacaq.

O, qeyd edib ki,  Azərbaycan, ölkə rəhbərliyi, cəmiyyət bundan sonra da bütün səylərini torpaqlarının erməni işğalından azad olunmasına, həmin ərazilərdə əhalisinin məskunlaşmasına və vətəndaşlarının təhlükəsizliyinin təmininə yönəldəcək.

“Ölkə Prezident cənab İlham Əliyevin də işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında imzaladığı sərəncamı çox tarixi, çox unikal bir sənəddir. Dövlət başçısı tərəfindən Ermənistanın işğalından azad edilmiş ərazimizin bərpa edilməsi və yerli əhalinin oraya köçürülməsi barədə sənəd imzalandı. Bununla da Azərbaycan işğaldakı torpaqlarını azad etmək uğrunda əzmini, qətiyyətini göstərir.

Torpaqlar, işğal altındakı ərazilər işğaldan azad edildikdən sonra həmin ərazilərin infrastrukturunun yeniləcəyi, vətəndaşlarımız üçün evlərin tikiləcəyi, normal yaşayışın təmin edilməsi istiqamətində hər zaman deyilmiş fikirlər artıq öz təsdiqini tapır. Bu, ilk növbədə Azərbaycan dövlətinin inkişafının, ölkə rəhbərliyinin xalq qarşısında götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirməsinin nəticəsidir”-deyən millət vəkili həmçinin bildirib ki, məlum aprel hadisələri də Azərbaycan Silahlı Qüvvələrinin və dövlətimizin gücünü göstərdi. Qələbəmizdən sonra aparılan siyasət isə ilk növbədə Azərbaycanın işğal altındakı torpaqlarının işğaldan azad olunması uğrunda bir ciddi xəttə çevrildi.

“İndi isə bir kəndin timsalında Azərbaycan özünün suverenliyini təsdiq etməyin yeni bir addımını atdı. Cocuq Mərcanlı kəndinin təhlükəsizliyi təmin edildiyinə görə, yeni mənzillərin salınması, kommunikasiya xətlərinin yenilənməsi, məktəbin tikilməsi kənd əhalisinin oraya köçürülməsinə, normal həyata qayıtmasına şərait yaradır. İşğaldan azad olunmuş kəndlərimizdə əhalinin məskunlaşması, iş yerlərinin yaradılması, Azərbaycan bazarında kənd təsərrüfatı məhsullarının daha da çoxalması, ölkə əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan addımdır. Bu baxımdan, ölkə Prezidentinə bu addıma görə öz adımdan, bütövlükdə Azərbaycan xalqının adından dərin minnətdarlığımı ifadə edirəm və inanıram,  qəti əminəm ki, işğal altında olan digər ərazilərimizin də işğaldan, yağı tapdağından azad olunacağı gün uzaqda deyil. Qələbə, zəfər bizimlədir və bizimlə olacaq. Buna düşmən Ermənistan da, onları “bəsləyənlər” də qəti əmin olsunlar”-deyə, E. Səlimov sözlərinə əlavə edib.

Onu da qeyd edək ki, Prezident İ, Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb.

Sərəncama əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılır.

Etikxeber.az

Read Previous

Həmsədr: “Münaqişənin davamlı həllinə yönəlmiş danışıqlara dəstək verməyə davam edəcəyik”

Read Next

Naxçıvanlı: “283 vətəndaşın müraciəti daxil olub ki, onlardan da…” – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir