“Çox istərdik ki, yaşlı, tək oğlunu Şəhid vermiş anamızın ev, mənzil məsələsi həll olunsun, kirayədən canı qurtarsın, həm də qardaşımızın adı, xatirəsi əbədiləşdirilsin”-ŞƏHİD ƏZƏMİ HÜSEYNOVUN BACISI ELNARƏ HÜSEYNOVA ÖLKƏ PREZİDENTİNƏ MÜRACİƏT ÜNVANLADI

Əslən Şuşalı, özü isə Mingəçevir doğumlu olan İkinci Vətən Müharibəsi Şəhidi Əzəmi Əli oğlu Hüseynovun bacısı Elnarə Əli qızı Hüseynova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci xanım, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Baş nazir Əli Əsədova müraciət ümvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Hörmətli, İlham Heydər oğlu!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Elnarə Əli qızı Hüseynova İkinci Vətən Müharibəsinin iştirakçısı, peşəkar hərbçi və Şəhid Əzəmi Hüseynovun bacısıyam. Biz əslən Şuşadanıq, 1992-ci ildən də Mingəçevirdə məcburi köçkün kimi yaşayırıq. Qardaşım-evin, ailənin tək oğlu, 3 bacının tək qardaşı, ali təhsilli, 28 yaşlı Əzəmi Hüseynov isə İkinci Vətən Müharibəsi zamanı Ağdərə-Suqovuşan istiqamətində döyüşlərdə qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə ucalıb. Özü də oktyabrın 8-də, üzünü görmədiyi, amma qovuşmaq həsrəti ilə daim alışıb-yandığı Şuşasının azad olunmasından düz bir ay əvvəl. Şuşaya qovuşmaq Əzəminin ən böyük arzusu, xəyalı idi, amma çox təəssüf ki, bu arzusuna, xəyalına qovuşa bilmədi. Bununla belə, bu gün onun ruhu şaddır, çünki Şuşası, Şuşamız azaddır, bizdədir. Məhz Sizin-Ali Baş Komandanımızın və İgid Azərbaycan Əsgərinin sayəsində! Allah Sizi, İgid Əsgərlərimizi və Vətənimizi qorusun!

Biz çox erkən yaşlarımızda atamızı, ailəmizin başçısını itirmişik. Anamız Sayad xanım bizim həm anamız, həm atamız olub. Və ata itkimiz, ata açımız soyumamış, ata yaramız qaysaq bağlamamış, üstəlik qardaş itkisi, qardaş acısı da yaşadıq. Dərdimizin üstünə dərd gəldi. Hələ də yaşlı anamın və biz bacıların gözlərinin yaşı qurumur. Bəli, itkimiz, acımız nə qədər ağır və əzablı olsa da, səbr edirik, dözürük, çünki Əzəmimiz Vətən, Torpaq yolunda Şəhid olub, Şəhidlik ali məqamına ucalıb. Məqamı Ucalardan-uca, məkanı çənnətlik olsun! Allah Əzəmimiz da daxil olmaqla, bütün Şəhidlərimizin məzarını behiştlik, nurlu etsin!

Onu da qeyd edim ki, qardaşım ölümündən sonra Ali Baş Komandan kimi, Sizin tərəfinizdən iki medalla-“Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib”.

Müraciətdə sonra deyilir:

“Cənab, Ali Baş Komandan!

Sizə müraciət etməklə, özüm, həm də bacılarım adından iki xahişimizi diqqətnizə, nəzərinizə çatdırmaq istəyirik. Belə ki, anamız Sayad Əkbər qızı Hüseynova illərdir kirayədə, olduqca şəraitsiz bir evdə yaşayır. Üstəlik qardaşımın üç il öncə ailə qurduğu və dul qalmış cavan yoldaşı da anamla birgə kirayədə yaşayır. Hər ay kirayə pulu ödəyirlər.

Ona görə Sizdən çox xahiş edirik ki, anamızın yaşını, durumunu, səhhətini nəzərə alaraq, onun növbədənkənar evlə, mənzillə təmin olunmasına köməklik göstərəsiniz, yardımınızı, dəstəyinizi əsirgəməyəsimiz. Çox istərdik ki, bununla bağlı müvafiq qurumlara-Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Mingəçevir və Şuşa Şəhət İcra Hakimiyyətlərinə göstəriş və tapşırıq verəsiniz. İnanırıq və əminik ki, belə də olacaq, yaxın zamanlarda anamızın ev, mənzil məsələsi diqqətə alınacaq və öz müsbət həllini tapacaq”.

“Eyni zamanda, çox istərdik və arzu edərdik ki, Əzəminin adının, xatirəsinin əbədiləşdirilməsi, İkinci Vətən Müharibəsində Şuşanın 8 Şəhidindən biri kimi, Şuşanın küçələrindən və ya Mingəçevirin küçələrindən birinə onun adının verilməsi üçün Şuşa və Mingəçevir Şəhər İcra Hakimiyyətlərinə göstəriş və tapşırıq verəsiniz. Bu, elə bilirik ki, Şəhidimizin Haqqıdır. Şuşanın və ya Mingəçevirin küçələrindən birinə Əzəminin adı verilərsə, bu, həm Şəhidimizin ruhunu sevindirmiş olar, həm də acılı və Qürurlu ailəmizin təsəllisinə, mənəvi təskinliyinə çevrilmiş olar. İnanırıq və əminik ki, bu arzumuz, bu istəyimiz də nəzərə alınacaq və tezliklə reallığa çevriləcək. Öncədən də Sizə dərin minnətdarlığımızı və təşəkkürlərimizi çatdırmaq istəyirik. Allah bir daha Sizi, Qalib Azərbaycanı, Müzəffər Azərbaycan Ordusunu, Şanlı Azərbaycan Əsgərini, Dövlətimizi, Uca Millətimizi qorusun. Milyon kərə Amin!”-deyə, müraciətdə daha sonra bildirilir.

Etikxeber.az

Read Previous

Hava limanı – “28 May” ekspress marşrut xətti üzrə sərnişindaşımalar bərpa ediləcək-SABAHDAN – YENİLƏNİB

Read Next

Coğrafiya İnstitutunun direktoru 71 yaşında -VƏFAT ETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir