“Çox istərdik və arzu edərdik ki, yoluxma və ölüm halları da olmasın…”-KAMİLƏ ƏLİYEVADAN ETİRAZ

Özlərini “Demokratik Qüvvələr”in Milli Şurası adlandıran qurum həm millilikdən, həm də demokratiyadan qat-qat uzaqdadır. 2013-cü ildən, yarandığı gündən bu yana bu “qurum” hər zaman Azərbaycanın milli maraq və mənafelərinin əleyhinə, ziddinə  fəaliyyət göstərib. Orada cəmləşmiş bir qrup insan hər zaman milli və dövlətçilik maraqlarını bir kənara tullayıb, öz şəxsi, cılız və dar maraqlarından çıxış ediblər. Onları Azərbaycan xalqı və dövlətinin maraqları deyil, özlərinin maraqları düşündürüb. Hər zaman da kənardan aldıqları təlimatlarla, tapşırıqlarla hərəkət edib, idarə olunublar. Həm kənardan idarə olunduqlarına, təlimatlarla oturub-durduqlarına, həm də Azərbaycanın milli və dövlətçilik maraqlarından uzaqda dayandıqlarına görə, xalq arasında heç bir  sosial baza, dayaq qazana, əldə edə bilməyiblər.

Etikxeber.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında deputat, BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva söyləyib.

Deputat bildirib ki,  onların işi-gücü 2013-cü ildən bu yana seçkiləri, ümumxalq səsverməni boykot etmək, seçkilərdən sonra da ora-bura donos yazmaqdan ibarət olub:

“Sosial bazası, gücü, nüfuzu, dayağı olan, özünə güvən heç bir siyasi qurum bu addıma getməz, əksinə, seçkilərə, ümumxalq səsverməsinə qatılar, hüquqi çərçivədə mübarizə aparar, öz sözünü deyər, udsa udar, uduzsa uduzar, məğlubiyyətini, səhvlərini etiraf edər, yenidən toparlanar. Amma Milli Şuradakılar özləri də bilir ki, heç bir nüfuzları, dəstəkləri yoxdur, boykota çağırdıqları halda, özləri boykot edilirlər…Bu “qurum”un bugünlərdə verdiyi bəyanat da millilikdən və demokratiyadan, milli və dövlətçilik maraqlarından nə qədər uzaq olmağın, uzaq dayanmağın daha bir nümunəsi, əyani göstəricisidir. Ölkəmiz, dövlətimiz başda cənab Prezident İlham Əliyev olmaqla, dünyada yaşanan bəlanın-koronavirus pandemiyasının ölkəmizə yayılmasının önlənməsi, qarşısının alınması istiqimətdə nə qədər böyük işlər görür, addımlar atır, hər gün demək olar ki, neçə-neçə qərar, Fərman və Sərəncamlar verilir”-deyən millət vəkilinin sözlərinə görə, məhz elə bunların nəticəsidir ki, digər, xüsusilə, insanlıq dramı yaşanan bəzi qonşu və inkişaf etmiş Qərb ölkələri ilə müqayisədə itkilərimiz qat-qat azdır, koronavirusa yoluxanların və ölüm sayı çox aşağır.

“Çox istərdik və arzu edərdik ki, bunlar da, yoluxma və ölüm halları da olmasın. Düşünürəm ki, Azərbaycan dövlətinin, dövlət, hökumət rəhbərliyinin iradəsi, qətiyyəti ortadadır və bu, öz əməli, səmərəli nəticəsini göstərir. İnanırıq və qəti əminik ki, biz tezlikdə birlikdə bu sınaqdan, bu imtahandan da alnıaçıq, üzüağ çıxa biləcəyik, bunu da bacaracağıq. Amma bunları görə-görə, bilə-bilə, Milli Şuradakılar yenə özlərini görməzliyə, siyasi karlığa və korluğa vururlar, özlərindən yeni “terminlər” uydururlar, yalan, böhtan, xislətlərinə uyğun olaraq, kin-küdurət, qəzəb püskürürlər. Etsinllər, özlərini biabır edirlər və edəcəklər, daha da miskin duruma düşürlər və düşəcəklər. Onsuz da əvvəlləri yox idi, heç sonları da olmayacaq. Atalar məsəlində də deyildiyi, yel qayadan heç nə aparmayacaq!”– deyə, K.Əliyeva əlavə edıb.

Etikxeber.az

Read Previous

Prezident Samuxla bağlı Sərəncam-İMZALADI

Read Next

MM-in iclası bir gün keçiriləcək-ƏLİ ƏSƏDOV OTAĞINDAN VİDEOHESABAT VERƏCƏK, ELMAN RÜSTƏMOV TƏSDİQLƏNƏCƏK, DEPUTATLAR HAMILIQLA MASKALAR VƏ ƏLCƏKLƏRDƏ İCLASA QATILACAQLAR…-ÖZƏL – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir