“Çox istərdim ki, yaşadığımız küçəyə həyat yoldaşımın adı verilsin”-ŞƏHİD NAHİD MİKAYILOVUN XANIMI JALƏ MİKAYILOVA BAŞ NAZİRƏ MÜRACİƏT ETDİ

İkinci Vətən Müharibəsinin Şəhidi, Baş gizir, Kürdəmirli Nahid Mikayılovun həyat yoldaşı, 3 övlad anası Jalə Mikayılova Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.

Müraciətdə Şəhidin vaxtilə (hazırda isə ailəsinin) yaşadığı küşəyə N. Mikayılovun adının verilməsi istənilir və xahiş olunur.

Etikxeber.az-a daxil olan müraciətdə qeyd olunur:

“Hörmətli, Əli müəllim!

Yazıb Sizə bildirmək istəyirəm ki, bu yaxınlarda, 25 aprel tarixində (ölümündən sonra) 39 yaşı tamam olan həyat yoldaşım-Baş gizir Nahid Sovqat oğlu Mikayılov tarixi 44 günlük İkinci Vətən Müharibəsi zamanı cəbhənin Ağdam istiqamətində ağır döyüşlərdə Şəhidlik ali məqamına ucalıb. Həyat yoldaşım ömrünün düz 20 ilini Orduda, hərbi xidmətdə keçirib və 20 ilin qüsursuz-peşəkar hərbçisi olub. Nahid hər zaman Vətəninə, Dövlətinə, Millətinə bağlı olub, Vətənini, Torpağını canından çox sevib, əsl Vətən sevdalısı olub. Hər zaman Qarabağımızın, torpaqlarımızın murdar düşmən tapdağından azad olunmasını istəyib, arzulayıb və bu müqəddəs amal uğrunda da çalışıb.

Nahid həm Aprel döyüşlərinin, həm də İkinci Vətən Müharibəsinin iştirakçısı olub. Aprel döyüşlərindən sonra səhhətində problemlər yaransa da, şəkər xəstəliyinə tutulsa da, Vətəninə, Torpağına olan bağlılığı onun Ordudan ayrılmasına imkan verməyib. İkinci Vətən Müharibəsinin ilk saniyəsindən də peşəkar hərbçi kimi döyüşlərdə olub, döyüşüb, vuruşub və oktyabrın 30-da ağır yaralanaraq, əməliyyat olunmasına baxmayaraq, Şəhidlik məqamına yüksəlib. Oktyabrın 31-də isə Kürdəmirdə, Şəhidlər Xiyabanında dəfn olunub.

Dəfələrlə Müdafiə Nazirliyi tərəfindən fəxri diplomalara, medallara layiq görülüb. Həmçinin, ölümündən sonra Qalib, Müzəffər Ali Baş Komandan-cənab İlham Əliyev tərəfindən 3 medalla-“Vətən uğrunda”, “İgidliyə görə” və Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub”.

Müraciətdə daha sonra qeyd olunur:

“Sizə müraciət etməklə bildirmək istəyirəm ki, bir Şəhid xanımı kimi, evimdə, ailəmdə 3 övlad, gələcəyin 3 İgid balasını böyüdürəm. Çox istəyirəm ki, yaşadığımız küçəyə həyat yoldaşımın-Şəhid Nahid Mikayılovun adı verilsin. Bu, həm bir Şəhid xanımı kimi, mənə, həm də Şəhidimizin 3 oğul övladına bir mənəvi təsəlli, təskinlik olar. Onu da qeyd edim ki, bizim yaşadığmız küçə hazırda Kürdəmirin digər bir Şəhidi, Birinci Qarabağ Savaşının Şəhidi Xalid Qənbərovun adını daşıyır. Hər bir Şəhidimiz bizim başımızın tacıdır, müqəddəs and yerimizdir və hər birinin də ruhu qarşısında ehtiramla baş əyirik.

İstəmirəm ki, bu arzumla da Şəhidimizin ruhunu incitmiş olum. Amma çox istərdim ki, Şəhidimizin adı özünün doğulduğu Mollakənd kəndinin küçələrindən birinə verilsin, bizim küçə isə Şəhid yoldaşımın adına verilsin. Bu, elə bilirəm ki, çox ədalətli addım olardı. Ümumiyyətlə, çox istərdim ki, 1994-cü ildə Nazirlər Kabineti tərəfindən Şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı  qəbul edilən yanlış qərar dəyişdirilsin və bütün Şəhidlərimizin adlarının əbədiləşdirilməsinin yolu açılsın. Bunu Sizdən bir Şəhid xanımı, 3 övlad anası kimi xahiş və rica edirəm. İnanıram ki, müraciətim Sizin tərəfinizdən həssaslıqla qarşılanacaq, nəzərə alınacaq və öz müsbət həllini tapacaq. Öncədən də Sizə minnətdarlığımı bildirirəm. Allah Dövlətimizi, Millətimizi, Vətənimizi, Şanlı Ordumuzu və Qalib Ali Baş Komandanımızı qorusun!”

Etikxeber.az

Read Previous

Daha 1058 yeni yoluxma-DAHA 23 ÖLÜM…

Read Next

Cənubi Qafqazın siyasi mənzərəsi-GƏNC SİYASİ ŞƏRHÇİNİN BAXIŞ BUCAĞI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir