“Çox təəssüf ki, Hüseynbala özü-özünü bitirdi…”-TANINMIŞ YAP-ÇI – HÜSEYNBALA MİRƏLƏMOV YAP-DAN ÇIXARILDI – YENİLƏNİB – (2)

Bu gün hakim Yeni Azərbaycan Partiyasının (YAP) yeniləndirilmiş İdarə Heyətinin ilk iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, 40 nəfərdən İdarə Heyətinin iclasının gündəliyində son anda dəyişiklik olunub.

Belə ki, iclasın gündəliyinə hakim partiyanın Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyi namizədlərlə bağlı məsələ salınsa da, sonradan gündəliyə YAP-ın Xətai rayon təşkilatının sədri, yazıçı Hüseynbala Mirələmovla əlaqədar məsələ də əlavə olunub.

İclasda məlum qalmaqallı videogörüntülərlə bağlı H. Mirələmovun YAP-ın Xətai rayon təşkilatının sədrliyindən kənarlaşdırılacağı və partiya sıralarından xaric olunacağı gözlənilir.

Qeyd edək ki, iclas saat 15:00-da YAP-ın mərkəzi-qərarganında olacaq.

İdarə Heyətində təmsil olunanların böyük əskəriyyəti də YAP-çı deputatlardır.

Bu səbəbdən Milli Məclisin (MM) bugünkü iclasının tez başa çatacağı gözlənilir.

Adının çəkilməsini istəməyən tanınmış YAP-çılardan biri isə təəssüflə “Çox təəssüf ki, belə bir hal yaşandı, Hüseynbala özü-özünü bitirdi”-deyə, bildirib.

10:38

***

H. Mirələmov YAP üzvlüyündən çıxarılıb.

Bu barədə qərar bir az öncə YAP İdarə Heyətinin iclasında qəbul edilib.

H. Mirələmov eyni zamanda YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb.

16:00

***

Həmçinin, YAP-ın MSK üzvlüyünə namizədləri məlum olub.

İdarə Heyətinin iclasında hakim partiyadan MSK üzvlüyünə Məzahir Pənahov, Rövzət Qasımov, Hüseyn Paşayev, Şaiddin Əliyev, Ramiz İbrahimov, Validə Kazımova, Surəddin Hümbətov (ehtiyat üzv) Nailə Əsgərovanın (bitərəflərin YAP-la razılaşdıracağı) namizədliyi müəyyənləşib.

16:12

***

YAP İdarə Heyətinin iclası keçirilib.

Adıçəkilən partiyanın mətbuat xidmətindən mətbuata bildiriblər ki, iclasda Azərbaycan Respublikası Seçki Məcəlləsinin 24-cü maddəsinə uyğun olaraq, MSK-nın üzvü seçilmək üçün YAP-ın namizədlərinin Milli Məclisə təqdim olunması, müstəqil deputatları MSK-da təmsil edəcək namizədin Milli Məclisinin müzakirəsinə çıxarılmasına razılığın verilməsi, həmçinin YAP Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri H. Mirələmovun geniş ictimai qınağa səbəb olmuş hərəkəti ilə bağlı məsələlər müzakirə edilib.

YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanı MSK-da təmsil edəcək namizədləri İdarə Heyətinin müzakirəsinə təqdim edib.

İdarə Heyəti Pənahov Məzahir Məhəmməd oğlu, Qasımov Rövzət Afət oğlu, Əliyev Şaitdin Sərdar oğlu, İbrahimov Ramiz Hilal oğlu, Kazımova Validə Faiq qızı Paşayev Hüseyn Məmməd oğlunun Mərkəzi Seçki Komissiyasının əsas, Hümbətov Surəddin Məmmədhüseyn oğlunun əvəzedici üzv seçilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat verilməsi barədə qərar qəbul edib.

Eyni zamanda, İdarə Heyəti müstəqil deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edəcək Əsgərova Nailə Şahmərdan qızının namizədliyinin Milli Məclisin müzakirəsinə çıxarılmasına razılıq verilməsi barədə qərar qəbul edib.

Sonra İdarə Heyəti gündəliyə uyğun olaraq, YAP Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri H. Mirələmovun geniş ictimai qınağa səbəb olmuş qeyri-etik hərəkəti ilə bağlı məsələni müzakirəyə çıxarıb.

İdarə Heyətinin üzvlərindən Musa Quliyev, Elmar Qasımov, Arif Rəhimzadə, Hikmət Babaoğlu, Bahar Muradova, Mübariz Qurbanlı, Ədalət Muradov Rəşad Mahmudov məsələ ilə bağlı çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, sosial şəbəkələrdə yayılmış videogörüntülərdə Hüseynbala Mirələmovun etikadan kənar, əxlaqa zidd hərəkəti YAP üzvləri tərəfindən dərin təəssüf hissi ilə qarşılanıb və hiddətlə qınanılıb.

Bildirilib ki, onun Azərbaycan ziyalısı adına layiq olmayan, qeyri-etik, milli-mənəvi dəyərlərdən uzaq davranışı cəmiyyətdə kəskin etiraz doğurub və ciddi müzakirələrə səbəb olub.

Vurğulanıb ki, Hüseynbala Mirələmov partiyanın ali dəyərlərini, Nizamnamənin tələb və prinsiplərini kobud surətdə pozduğuna və təmsil olunduğu YAP-ın nüfuzuna xələl gətirdiyinə görə partiya sıralarından xaric edilməlidir.

İdarə Heyəti edilən çıxışlarda səslənən fikirləri və irəli sürülən təklifləri nəzərə alaraq H. Mirələmovun tutduğu bütün seçkili vəzifələrdən azad edilməklə YAP-ın sıralarından xaric olunması barədə yekdil qərar qəbul edib.

K. HƏMİDOV

Etikxeber.az

Read Previous

Daha 1809 yeni yoluxma-DAHA 33 ÖLÜM…

Read Next

“Qarabağa qayıtdığımız kimi, Zəngəzura da qayıdacağıq!”-MİLLƏT VƏKİLİNİN YAZISI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir