Cüdoçumuz beynəlxalq turnirin qalibi oldu

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində cüdo üzrə “Böyük dəbilqə” beynəlxalq turnirinə yekun vurulub.

Etikxeber.az xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan millisi aktivinə bir qızıl və bir bürünc medal yazdırıb.

Turnirdə 100 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Elxan Məmmədov mübarizəyə dörddəbir final mərhələsindən qoşulub. Qazaxıstanlı Aybek Serikbayev və xorvatiyalı Zlatko Kumriç üzərində qələbə qazanan cüdoçumuz həlledici görüşdə Braziliya təmsilçisi Lusiano Korreanı məğlub edərək qızıl medala sahib olub.

Beynəlxalq turnirdə 90 kiloqram çəki dərəcəsində mübarizə aparan Tural Səfquliyev ilk görüşündə Seyşel adalarının idmançısı Nantenaina Finessini məğlub edib. Lakin ikinci qarşılaşmasında serbiyalı Aleksandr Kukolja uduzaraq, təsəlliverici görüşə qatılıb. T.Səfquliyev bu mərhələdə braziliyalı Eduardo Bettoniyə qalib gəlib. O, növbəti rəqibi Almaniya təmsilçisi Hannes Konardı da məğlub edərək bürünc medala sahib olub.

Bu gün yarışan digər cüdoçularımızdan Cəlil Şükürov (100 kq) 7-ci yeri tutub, Firudin Dadaşov (90 kq) isə mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, turnirin ikinci günündə Rüstəm Orucov (73 kq) gümüş medal qazanıb.

Xatırladaq ki, 34 ölkədən 157 cüdoçunun (96 kişi, 61 qadın) mübarizə apardığı turnirdə Azərbaycan millisi 12 idmançı ilə təmsil olunub.

Etikxeber.az

Read Previous

Şans kimdən yanadır – Sandudan, yoxsa, Dodondan? – YENİLƏNİB

Read Next

Sabunçuda yararsız minaatan mərmisi aşkarlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir