Cümhuriyyətimizin 100 ili mübarək! – ƏLİ MƏSİMLİ

1918-ci il may ayının 28-də müsəlman aləmində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin(AXC) yaranması Azərbaycan tarixinin ən parlaq, ən şanlı, ən şərəfli səhifələrindəndir.

Həmin Cümhuriyyəti quran kişilər fikirdə, sözdə və işdə vətənə təmannasız xidmətləri ilə öz ideyalarını gerçəkləşdirməklə sübut etdilər ki, demokratik dövlət qurmaq təkcə xristian aləmininin gücü daxilində olan bir iş deyil.

Tarixən çox qısa ömürlü olmasına baxmayaraq, 23 ay ərzində AXC yaradıcıları demokratik dövlət qurculuğu sahəsindəki ideyalarının bir hissəsinin real həyatda da gerçəkləşdirə, öz xalqına, öz millətinə təmənnasız xidmət nümunəsi göstərə bildilər. Şərqə, ümumiyyətlə dünyaya nümunə ola biləcək bir cümhuriyyət qurmaqla, AXC yaradıcılarının fədakar fəaliyyətinin milli və bəşəri dəyərlərə, sivilizasiyaya uyğun nəticələri dünya miqyasında Azərbaycan xalqına baş ucalığı gəturən və bu xalqın dünyəvi, demokratik dövlət quruculuğu sahəsində böyük potensiala malik olduğunu nümayiş etdirən çox ciddi bir tarixi hadisədir.

Hazırda yaşadığımız müstəqil Azərbaycan- Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan Xalq Cümhuriyyəti bizim üçün bir dəyərdir və bu dəyərə sayğı ilə yanaşmaqla yanaşı, fikirdə, sözdə və işdə cümhuriyyətin bütün demokratik ənənələrinə sadiqliq və bu ənənələri qoruyub saxlamaq, yaşatmaq, inkişaf etdirmək bizim hər birimizin ümdə borcudur.

rasulzade

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli xüsusi Prezident Sərəncamına uyğun olaraq həm ölkəmizdə, həm xaricdə bir çox tədbirlər keçirilir. Sözügedən prezident sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yaranmasının 100 illik yubileyi münasibətilə xüsusi iclasını keçirəcək.

100 il bundan öncə yaranan Cümhuriyyət şanlı Azərbaycan tarixidir. Türk və İslam dünyasında ilk cümhuriyyəti biz yaratmışıq.Ona görə də görülən işlərlə yanaşı, “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan olunmuş 2018-ci ilboyu dövlətçilik irsimizin qorunub saxlanmasına layiqli töhfə vermək, bu yubileydə daha çox dövlətçilik dəyərlərimizi ortalığa qoyub dünyaya tanıtmaq, təbliğ etmək və Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixini yaradanların əziz xatirəsini əbədiləşdirmək üçün “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilmiş 2018-ci il boyu və ondan sonra da bəzi məqamlara xüsusi diqqət verilməsini və reallaşdırılmasını zəruri hesab edirik:

1.Həm dövlət, həm qeyri-dövlət qurumları, həm də şəxsi təşəbbüslər və sair vasitəsilə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan tədbirlər ölkəmizdə və onun hüdudlarından kənarda Azərbaycan Xalq Cümhuriyyətinin adına layiq səviyyədə tanınmasına, AXC-nin dünyaya təbliğ edilməsinə və həm də milli birliyimizə xidmət etməlidir.

2.Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının əsərlərinin toplanıb nəşr edilməsi, Azərbaycan, ingilis və digər əsas dillərdə AXC-nin 100 illik yubileyinə həsr olunmuş xüsusi kitabların çap olunması, beynəlxalq konfransların, dəyirmi masaların və s. keçirilməsinə davamlı xarakter verilməlidir.

3.Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə həsr olunan “Əbədi ezamiyyət” və “Son iclas” kimi filmlərin ərsəyə gəlməsini çox tədqirəlayiq hesab etməklə, AXC-nin tarixinə və 100 illik yubileyinə həsr olunmuş xüsusi filmlərin hazırlanması işi davam etdirilməlidir.

4.AXC-nin tanıdılması və onun yaradıcılarılarının xatirəsini əbədiləşdirmək üçün xüsusi “Tədbirlər proqramı” hazırlayıb həyat keçirilməsini zəruri hesab edirik. Ayrı-ayrı ölkələrdə mühacirət həyatı yaşamış Cümhuriyyət qurucularının həyat və fəaliyyəti ilə bağlı olan sənədlərin toplanılıb Azərbaycana gətirilməsinə, AXC qurucularının həyat və fəaliyyəti ilə bağlı sənədli filmlərin hazırlanmasına, müxtəlif dillərdə ümumi bir saytın yaradılmasına və AXC-nin beynəlxalq aləmdə tanıdılmasının və təbliğinin genişləndirilməsinə xidmət edən bütün sənəd və materialların burada yerləşdirilməsinə ehtiyac var.

AXC yaradıcılarının xarici ölkələrdə olan qəbirlərini Azərbaycana gətirərək, xüsusi mavzoleyin yaradılması, ölkədə və xaricdə AXC ilə bağlı yerlərə, eləcədə də AXC yaradıcılarının yaşadığı yerlərə xatirə lövhələrinin asılmasını vacib hesab edirik. Tariximizin həmin səhifələrini geniş planda ictimailəşdirmək və beynəlxal səviyyəyə qaldırmaqdan ötrü, bu yöndə görülməsi zəruri olan tədbirlər arasında Bakıda keçmiş 26-lar, indiki Sahil Bağında, ya Dağüstü Parkda, Xocalı soyqırımı abidəsinin yerləşdiyi ya da ki, digər münasib bir məkanda CÜMHURUYYƏT PARKInın yaradılması yerinə düşərdi. Həmin parkda Cümhuriyyət qurucuları Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Xosrov bəy Sultanov, Məmmədhəsən Hacınski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Xudadat bəy Məlik-AslanovSəməd bəy Mehmandarov və başqalarının əziz xatirələrinin əbədiləşdirlməsi üçün əlavə lazımı tədbirlərin görülməsi, Cümhuriyyət qurucularının xarici ölkələrdə dəfn edilmiş nəşlərinin gətirilərək CÜMHURUYYƏT PARKInda dəfn edilməsi, mavzoleylərinin yaradılması yaxşı olardı. Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olan, müsəlman aləmində ilk demokratik respublika-Cumhuriyyət qurucularının məzarları gec-tez Azərbaycana gətiriləcək, çünki bu, bizim onların vətənə üz ağardan,şərəf gətirən xidmətləri qarşısında borcumuzdur…

Ona görə də bu proses nə qədər tez baş versə, bir o qədər yaxşıdır.Eyni zamanda azərbaycan xalqının Cümhuruyyət uğrunda mübarizəsinin ölüm-dirim savaşından,soyqırımlardan, böyük məşəqqətlərdən keçdiyini əyani şəkildə nümayiş etdirməkdən ötrü AXC tarixinə komplek yanaşılmalıdır.Bu baxımdan həmin CÜMHURUYYƏT PARKInda 1918-ci ildə bolşevik, erməni-daşnak silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə Soyqırım Memorial Kompleksinin yaradılması, Böyük Soyqırım Abidəsinin ucaldılmasını və Soyqırım Muzeyinin və s.yaradılmasıni zəruri hesab edirik. XX əsrin və Azərbaycan tarixinə ən faciəli soyqırımlarından biri kimi daxil olmuş qanlı faciədə bolşevik-erməni-daşnak silahlı dəstələrinin Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə kütləvi qətliamları, yandırılan və dağıdılan kəndləri və digər vəhşiliklərini əks etdirən zəngin faktlar və səndələrin,eləcə də Cümhuriyyət dövrünün Fövqalədə Təhqiqat Komissiyasının sənədələrinin,Elmlər Akademiyası Tarix institutunun və ayrı-ayrı tədqiqatçıların hazırladıqları kitablarin, topladığı tarixi faktların, başqa arxiv sənədlərinin, statistik məlumatların, sənədli filmlərin və elektron məlumat bazasında öz əksini tapan digər fundamental sənədlərin azərbaycan, ingilis, rus və digər dillərdə yayılması, təsirli tablo,foto-sənədlər və sairin nümayiş etdirilməsi zəruridir.

Həmin Park-Kompleksində erməni-daşnakların və onların havadarlarının anti-azərbaycan siyasətinə boyun əyməyən, Azərbaycan uğrunda ölüm-dirim mübarizəsinə qalxan, bolşevik,erməni- daşnak silahlı dəstələrinin törətdikləri soyqırmına qarşı müdafiə döyüşlərinin təşkilatlatşılarına, soyqırımın miqyaslarının daha da artmasına imkan verməyən və xalqımıza qarşı o vaxtkı məkrli planları pozan milli qüvvələrin, xalq müqavimət hərəkatında böyük xidmətləri olanların mübarizə tariximizdəki layiqli yerinin təsdiq ediləməsi, böyük şücaətlər göstərənlərin xatirələrinin əbədiləşdirilməsi, eləcə də bu mübarizədə Azərbaycanla Türkiyənin qardaşlıq birliyini əks etdirəm xatirə abidələrinin yaradılması, Qafqaz İslam Ordusuna abidə qoyulması və təbii ki, Nuru Paşanın heykəlini ucaltmaqla onun əziz xatirəsinə xüsusi yer verilməsi məntiqi olardı.

5. Müsəlman Şərqində ilk demokratik cümhuriyyəti quran fədakar şəxslərin ruhuna ən böyük ehtiram onların yaratdığı ideologiyanı, məfkurəni cəmiyyətə, yeni nəsilə açılamaq istiqamətində sistemli işlər aparılmasından, demokratik,hüquqi, ölkə vətəndaşılarının hər biri üçün rifah dövləti formalaşdırmaqdan, ərazi bötövlütyümüzün təmin edilməsindən, güclü, və davamlı tərəqqi edən bütöv Azərbaycandan keçir!!!

Əli MƏSİMLİ,

Millət vəkili

Etikxeber.az

Read Previous

Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olur – BAYRAMINIZ MÜBARƏK!

Read Next

Əliyev Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir