Xəbər verildiyi kimi, dünən Türkiyə təhlükəsizlik qüvvələri terrorla mübarizə çərçivəsində Xalqların Demokratik Partiyasının (HDP) millət vəkillərinə qarşı əməliyyat keçiriblər.
Etikxeber.az-ın “Akşam” qəzetinə istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı HDP-li 11 millət vəkili saxlanılıb.
Artıq saxlanılanların bir qismi həbs olunub.
Həbs olunanlar arasında HDP həmsədri Səlahəddin Dəmirtaş da var.
Bu gün səhər saatlarında həbs olunan HDP həmsədri Səlahəddin Dəmirtaş helikopterlə Ədirnədəki “F” tipli cəza evinə köçürülüb.
Belə ki, helikopter “Şükrüpaşa Atletizm” sahəsinə eniş edib. Ərazidə təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil olunub.
Qeyd edək ki, HDP həmsədri Səlahəddin Dəmirtaş cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq, terror təşkilatının üzvü olmaq, silahlı terror təşkilatına üzv olmaq, təşkilatın adından istifadə edərək cinayət törətmək, Türkiyə Cümhuriyyətini alçaltmaq, terror təşkilatının təbliğatını aparmaq, türk millətini və Türkiyə Böyük Millət Məclisini və prezidenti təhqir etmək, dövlətin hərbi və polis təşkilatlarını təhqir etmək, PKK terror təşkilatının təbliğatını aparmaq, xalqı kin və düşmənçiliyə təhrik etmək, qanunlara riayət etməməyə çağırış, vəzifəli şəxsə böhtan, dövlətin suverenliyinə və bütövlüyünə zərər verməkdə ittiham olunur.
Etikxeber.az