“Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrı Dağıstan respublikasının ərazisində yaşayan azərbaycanlıların milli və mənəvi dəyərlərinin qorunmasına töhfə verib…”-AZƏRBAYCAN PREZİDENTİ

Prezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının kollektivini teatr binasının açılışı münasibətilə təbrik edib.

Etikxeber.az xəbər verir ki, təbrikdə deyilir:

“Sizi əlamətdar hadisə – Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının genişmiqyaslı yenidənqurmadan sonra açılışı münasibətilə təbrik edirəm.

Rusiya Federasiyasının və Dağıstan Respublikasının rəhbərliklərinə Azərbaycan xalqının mədəni-tarixi irsinin bu abidəsinin qorunmasına göstərilən diqqətə görə təşəkkürümü bildirirəm.

Bir əsrdən çox tarixi olan bu mədəniyyət mərkəzi Azərbaycan milli teatr sənətinin ən qədim kollektivlərindən biridir.

Rusiya Federasiyasında Azərbaycan dilində yeganə dövlət teatr müəssisəsi olan Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrı Dağıstanın mədəni həyatında daim mühüm rol oynayıb və respublikanın ərazisində yaşayan azərbaycanlıların milli və mənəvi dəyərlərinin qorunmasına töhfə verib. Görkəmli Azərbaycan dramaturqlarının əsərlərinin uğurla tamaşaya qoyulması mədəniyyət mərkəzinə təkcə Dağıstanda deyil, həm də onun hüdudlarından kənarda geniş tamaşaçı rəğbəti qazandırıb.

Bu gün Dərbənddə Azərbaycan teatrının fəaliyyətini bərpa etməsi həm peşəkar sənətçilər və incəsənətə dəyər verənlər, həm də zəngin mədəni rəngarəngliyə malik Dağıstanın bütün əhalisi üçün böyük, çoxdan gözlənilən bayramdır.

Azərbaycan və Dağıstan xalqlarını əsrlər boyu sıx dostluq əlaqələri, mehriban qonşuluq və qarşılıqlı dəstək birləşdirib. Bu ənənəvi əlaqələr Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərdə xüsusi rola malikdir.

Humanitar əməkdaşlığın inkişafı öz növbəsində Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin mühüm amilidir. Əminəm ki, Azərbaycan ilə Dağıstan arasında sıx əməkdaşlıq, o cümlədən mədəni-humanitar əlaqələr gələcəkdə də ardıcıl inkişaf edəcək və Azərbaycan-Rusiya müttəfiqlik qarşılıqlı münasibətləri məcrasında genişlənəcəkdir.

Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının bütün kollektivini bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edirəm.

Teatra yeni yaradıcılıq uğurları arzulayıram”.

Etikxeber.az

Read Previous

Tanınmış jurnalist, İkinci Vətən Müharibəsi iştirakçısı Rəşad Baxşəliyev-VƏFAT ETDİ…

Read Next

“Qara mərmərdən oğul olmaz…Ürəyimin sağalmaz yarasısan…”-Şəhid anası – ORDEN HAQLARI HƏLƏ DƏ TANINMAYAN İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ ORXAN QƏHRƏMANOVLA VİDADİ CABBAROVUN BU GÜN CƏNNƏTDƏKİ ALTINCI DOĞUM GÜNLƏRİDİR – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir