Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycanda dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı məsuliyyət şərtləri genişləndirilir, dərman vasitələrinin qeydiyyatına nəzarət edən məmurlara məsuliyyət yaradılır və yeni cəzalar tətbiq olunmaqla sanksiyalar sərtləşdirilir.
Milli Məclisdən (MM) Etikxeber.az-a verilən məlumata görə, Azərbaycan prezidentinin təqdimatı ilə İnzibati Xətalar Məcəlləsinin 221-ci (Dərman vasitələrinin qanunsuz dövriyyəsi) maddəsi tamamilə dəyişdirilir, bəndlər əlavə edilir.
1-ci bəndə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” qanuna uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə, inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 5000 manatdan 7000 manata qədər cərimələnəcəklər.
Maddəyə əlavə edilməsi nəzərdə tutulan 2-ci bənddə “Dərman vasitələri haqqında” qanuna uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin qiymətləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənmədən satışına görə, vəzifəli şəxslərin 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslərin 5000 manatdan 7000 manata qədər cərimələnməsi planlaşdırılır.
3-cü bəndinə əsasən, “Dərman vasitələri haqqında” qanuna uyğun olaraq dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tənzimlənən qiymətlərdən fərqli qiymətə satışına görə, vəzifəli şəxslər 1000 manatdan 1 500 manata qədər, hüquqi şəxslər 3000 manatdan 5000 manata qədər cərimələnəcək.
4-cü bəndə deyilir ki, 1-ci bənddə nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə, inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslərə 2000 manatdan 2500 manata qədər, hüquqi şəxslərə isə 7000 manatdan 9 000 manata qədər cərimə tətbiq olunacaq.
5-ci bənddə göstərilir ki, 2-ci və 3-cü bənddə nəzərdə tutulan xətaların inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə, vəzifəli şəxslər 2500 manatdan 3500 manata qədər, hüquqi şəxslər isə 7000 manatdan 9000 manata qədər cərimələnəcəklər.
6-cı bənddə bildirilir ki, dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi məqsədi ilə bəyannamələrin, hesabat sənədlərinin və məlumatların vaxtında və ya düzgün təqdim edilməməsinə görə, vəzifəli şəxslər 300 manatdan 700 manata qədər, hüquqi şəxslər isə 1000 manatdan 1500 manata qədər cərimə olunacaqlar.
7-ci bənddə isə göstərilir ki, dərman vasitələrinin dövlət qeydiyyatına alınmasından və ya qiymətlərinin tənzimlənməsindən əsassız imtina edilməsinə, qeydiyyata almaq və ya qiymətlərinin tənzimlənməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb edilməsinə, habelə qeydiyyata almaqda və ya qiymətlərinin tənzimlənməsində süründürməçiliyə yol verilməsinə görə, vəzifəli şəxslərə 500 manatdan 800 manata qədər cərimə tətbiq olunacaq.
“Qeyd” hissəsində bildirilir ki, 1-ci bənddə az miqdarda dedikdə, 1000 manata qədər olan məbləğ başa düşülür.
Maddənin hazırda qüvvədə olan variantı və sanksiyası belədir: Bilə-bilə keyfiyyətsiz, normativ texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə, inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə onun dəyərinin səksən faizindən yüz faizinədək məbləğdə cərimə edilir.
Etikxeber.az