“Dərsliklərdə heç bir xalqa, o cümlədən ermənilərə nifrət aşılanmır…” – CEYHUN BAYRAMOV

Nazir müavini erməni deputatı yanlış fikirlər səsləndirməkdə günahlandırdı:

“Unudursunuz ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib və hələ də işğal altda saxlayır”

Bakıda- Milli Məclisdə (MM) azərbaycanlı nazir müavini ilə erməni deputat arasında gərginlik yaşanıb.

Etikxeber.az-ın xəbərinə görə, buna səbəb erməni depuatın- Ermənistan parlamentinin “Avronest” Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Armen Aşotyanın  MM-də keçirilən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda Azərbaycanın ünvanına səsləndirdiyi fikirlər olub. Erməni deputat ilk öncə “Azərbaycana səfərimizlə bağlı yaradılan yüksək səviyyəli şərait və təhlükəsizlik tədbirləri bizi məmnun edib”-deyib. O, sonra  istər konfransda, istərsə də digər təbliğat vasitələrində iki xalq arasında qarşılıqlı nifrət xarakterli çağırışların əleyhinə olduğunu söyləyib və bunun qarşısının alınmasına çağırıb:

“Burada humanist mühitdən istifadə edib, münaqişə mövzusunu müzakirəyə çıxarmayaq, qarşılıqlı nifrət aşılamayaq. Bizim gələcək nəsillərin bu düşmənçiliyi davam etdirməsinə şərait yaratmayaq. Onsuz da Azərbaycanda erməni xalqına qarşı nifrət aşılanır. Xahiş edirəm, belə etməyin. Çox sağ olun ki, bizi dəvət etmisiniz. Burada olmağımız şansdır ki, belə bir mühüm mövzuya həsr olunmuş konfransı yeni antierməni təbliğatına çevirməyək”.

Tədbirdə iştirak edən təhsil nazirinin müavini Ceyhun Bayramov isə cavab olaraq erməni deputatı yanlış fikirlər səsləndirməkdə günahlandırıb:

“Azərbaycan dərsliklərində heç bir xalqa, o cümlədən ermənilərə nifrət aşılanmır. Heç bir nifrət çağırışı yoxdur. Amma unudursunuz ki, Ermənistan Azərbaycanın 20 faiz torpağını işğal edib və hələ də işğal altda saxlayır. Bir milyondan çox azərbaycanlı öz yurdundan didərgin düşüb. Maddi-mədəni abidələr, təhsil ocaqları dağıdılıb. Bəs cavab verilməlidir, ya yox?..”. C. Bayramovun sözlərinə görə, Azərbaycanda xalqlararası dözümsüzlüyə dövlət səviyyəsində yol verilmir: “Biz Azərbaycan torpaqlarının işğalı faktından, insanların öz ölkəsində köçkün olmasından danışırıqsa, problemin kökünü başa düşməliyik. İnsanlar bütün tarixi həqiqətləri bilməlidirlər”.

Konfransda moderatorluq edən Avropa Parlamentinin (AP)  üzvü Heidi Hautala mövzudan yayınmamaq barədə xəbərdarlıq edərək digər çıxışçılara söz verib.

Etikxeber.az

Read Previous

“Kişilərin 28,1 faizi qadınların isə 37,9 faizi hesab edir ki…” – NAZİR MÜAVİNİ

Read Next

“Mənim anam bakılıdır- şəhəri bir az tanıyıram…” – ERMƏNİ DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir