“Dərdlər içində çapalayıram, başımı itirmək dərəcəsindəyəm…”-ÖVLADININ XƏSTƏLİYİNƏ GÖRƏ ƏRİ TƏRƏFİNDƏN TƏRK EDİLƏN, DAXMADA YAŞAYAN VƏ ŞƏHİD BACISI OLAN NAİLƏ ƏMİRASLANOVA İLHAM ƏLİYEVLƏ MEHRİBAN ƏLİYEYAYA MÜRACİƏT ÜNVANLADI – (ÖZƏL)

Kürdəmirin Birinci Qarabağ Savaşı Şəhidlərindən olan Sərdar Əmiraslanovun bacısı Nailə Əmiraslanova ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, ölkənin Birinci xanımı Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, müraciətdə deyilir:

“Cənab, Prezident!

Hörmətli, Mehriban xanım!

Yazıb Sizə bildirmək istəyirəm ki, mən-Nailə Səftər qızı Əmiraslanova Birinci Qarabağ Savaşının sözün həqiqi və gerçək mənasında əsl Qəhrəmanlarından, İgidlərindən və Şəhidlərindən olan Sərdar Əmiraslanovun bacısıyam. Qardaşım Xocalı soyqırımından iki gün sonra özü könüllü olaraq, müharibəyə, Vətənimizin müdafiəsinə yollanıb. 1992-ci ilin fevral ayının 28-indən iyun ayının 18-inəcən Birinci Qarabağ Savaşında, cəbhənin ən müxtəlif istiqamətlərində döyüşüb, vuruşub, qəhrəmanlıqlar göstərib. 1992-ci ilin iyunun 17-sindən 18-inə keçən gecə isə ömür yolu yarıda qırılıb qalıb. Qardaşım  Tərtər-Ağdərə istiqamətində,”Cəhənnəm dərəsi” (“Tülkü dərəsi”) deyilən yerdə ağır döyüşlərdən birində qəhrəmancasına həlak olub, Şəhidlik Zirvəsinə yüksəlib. 22 yaşlı idmançı, güləşçi, respbulika çempionu, neçə-neçə yarışların qalibi olan qardaşımın nəşi iyunun 18-ində Kürdəmirə, Şahsevənə gətirilərək, torpağa tapşırılıb. Elə bu yerdəcə qeyd edim ki, Birinci Qarabağ Savaşında qardaşım da daxil olmaqla, 5 Şəhid vermişik.

Biz ailədə 3 uşaq, iki qardaş, bir bacı olmuşuq. Sərdadan sonra-bunu söyləmək, qeyd etmək mənim üçün nə qədər çətin olsa da, bir qardaş, bir bacı qalmışıq. Bir neçə il öncə anamızı və atamızı da itirmişik. Mən özüm 1984-cü ildə, 23 yaışımda ailə həyatı qursam da, bəxtim, taleyim heç üzümə gülmədi. Uzun illər sonra bir övlad tapsam da, bir yaşından sonra onun səhhətində ciddi problemlərin yaranması, iflic olması üzündən həyat yoldaşım məni övladımla təkbaşına qoyub getdi. Bizi həyatın amansız axarına burtaxdı. Bugünlərdə Elvin adlı tək övladımın-oğlumun 31 yaşı tamam oldu. Onu 30 ildir ki, minbir əzab-əziyyətlərlə, təkbaşına böyüdürəm. Hazırda da heç bir yerdə işləmirəm. Ana-bala cəmi 250 manatın ümidinə yaşayırıq. Evim-eşiyim də yoxdur. Ata ocağında ev adına həqarət olan uçuq-salxaq bir kümədə, daxmada yaşayırıq. Kimsə, nə Kürdəmir rayon rəhbərliyi, nə də digər aidiyyatı strukturlar, qurumlar bizimlə maraqlanır. Vəziyyətimiz çətindən də çətin, bərbadan da bərbaddır”.

Müraciətdə sonra deyilir:

“Hörmətli, İlham Heydər oğlu!

Dəyərlimiz, əzizimiz Mehriban xanım!

Sizə müraciət etməklə, iki-üç məsələnin, problemin həlində mənə köməklik göstərməyinizi xahiş və rica edirəm. Qeyd etdiyim kimi, qardaşımın Şəhidliyindən 29 il keçir və özü də Sərdarım hələ keçmiş sovetlər dönəmində Azərbaycanın adını SSRİ məkanında ucalardan-uca edib, bir çox yarışların qalibi olub. Bu gün də onun mükafatları, diplomları, medalları, fəxri fərmanları durur, qalır, onlar canlı şahidlərdir. Ancaq çox təəssüflər olsun ki, bu günə kimi Şəhid qardaşımın adının əbədiləşdirilməsi, xatirəsinin yaşadılması ilə bağlı heç bir addım atılmayıb. Onun adına nə küçə var, nə ev muzeyi, nə də “Şəhid bulağı”. Ona görə çox istərdim ki, digər Şəhidlərimiz kimi qardaşımın da adı əbədiləşdirilsin, xatirəsi yaşadılsın. Onun adı Kürdəmirin, Şahsevənin küçələrindən birinə verilsin, onun da adına ehsan bulağı-“Şəhid bulağı” tikilsin. “Şəhid bulağı”nın tikilməsi üçün maddi vəsait lazımdır ki, o da yoxdur, maddi durumum bunu etməyə imkan vermir, yoxsa, bunu özüm çoxdan edərdim. Odur ki, bu iki məsələdə öz dəstəyinizi, köməkliyinizi əsirgəməməyinizi, müvafiq qurumlara və şəxslərə göstərişlər və tapşırıqlar verməyinizi Siz(lər)dən dönə-dönə xahiş və rica edirəm. Həm də istəyirəm ki, qardaşımla bağlı ölkə miqyasında turnirlər keşirilsin. O, həm idmançı, həm də Şəhid kimi gənclərimiz, gələcək nəsillərimiz arasında örnək kimi təbliğ olunsun”.

Eyni zamanda, Siz(lər)dən dözülməz yaşayış şəraitiminin, maddi vəziyyətimin nəzərə alınmasını, evlə və işlə təmin olunmağım üçün addımlar atılmasını xahiş edirəm. Vallah-billah, mənimki yaşayış deyil, başdan-ayağa əzabdır. Bir tərəfdən qardaşımın dərdi, bir tərəfdən övladımın dərdi…Dərdlər içində çapalayıram, başımı itirmək dərəcəsindəyəm. Onu da qeyd edim ki, o vaxt Şəhid ailəsi kimi mənzil növbəsinə salınmışdıq. Atam dünyasını dəyişəndən sonra isə adımız mənzil növbəsindən çıxarıldı, nə qədər maraqlansam da, düz-əməlli cavab verilmədi. Həmin ev, həmin mənizil Şəhidimin Haqqıydı və Haqqıdır. Onun Haqqının tapdalanmasını Allah götürməz və götürməyəcək. Ona görə çox xahiş edirəm ki, qardaşımın Haqqı olan mənzil məsələsindəki ədalətsizlik aradan qaldırılsın və həmin mənzil təkbaşına, 30 ildir xəstə övladını kimsənin köməyi, yardımı olmadan böyüdən Şəhid bacısı kimi mənə verilsin.

Buna çox böyük ehtiyacım, ehtiyacımız var. Həmin mənzili həm də qardaşımın xatirəsinin yaşadılması üçün ev muzeyi etmək istəyirəm. Odur ki, bir daha hər ikinizin ədalətinizə, mərhəmətinizə, böyüklüyünüzə sığınaraq, bu məsələdə də mənə dəstək olmağınızı, köməkliyinizi əsirgəməməyinizi, müvafiq qurumlara və şəxslərə tapşırıqlar və göstərişlər verməyinizi xahiş edirəm. İstəyirəm ki, həm bu məsələnin, həm də qardaşımla bağlı məsələlərin müsbət həllinə nail olasınız. Bununla həm Şəhidimizin ruhu sevindirilmiş, huzur tapmış olar, həm də yaralı, dərdli bir Şəhid bacısına dəstək, təsəlli, təskinlik verilmiş olar. İnanıram və əminəm ki, belə də olacaq, müraciətim, xahişlərim nəzərdən keçiriləcək və tezliklə öz müsbət həllini tapacaq.

Öncədən də hər ikinizə dərin minnətdarlıq və təşəkkürlərimi bildirirən. Allah hər ikinizin, ailənizin, cəmi Azərbaycanımızın Yar və Yardımçısı olsun!”-deyə, müraciətin sonunda qeyd olunur.

Etikxeber.az

Read Previous

Bu gün Azərbaycanda-AŞURADIR…

Read Next

Toy qaydalarının pozulmasına görə daha 6 nəfər cərimələndi, daha 63 nəfər-SƏNLİYƏ BURAXILMADI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir